PDF Oxu

Sosial

  • 16

Partiyaların maliyyələşməsi...

Partiyaların maliyyələşməsi...
Ölkədə gedən ictimai-siyasi proseslər sırasında cərəyan edən aktual mövzulardan biri də, son vaxtlar haqqında müxtəlif səpkili fikirlər səsləndirilən partiyaların dövlət tərəfindən maliyyələşməsi məsələsidir. Belə ki, sonuncu parlament seçkiləri baş tutduqdan sonra, siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi ilə bağlı müzakirələr aparılacağı da istisna edilmir. Xatırladaq ki, vaxtaşırı məlum mövzu ilə bağlı istər iqtidar, istərsə də, müxalifətdə təmsil olunan şəxslər tərəfindən təkliflər səsləndirilmişdir. Artıq diskussiya xarakteri alan müzakirələrdəki fikirlər öz müxtəlifliyi ilə seçilsə də, nəticə etibarilə eyni müstəvini əhatə edir.
Üzərində ən çox dayanılan fikir isə hələ 1992-ci ildə qəbul olunmuş "Siyasi partiyalar haqqında" Qanunun dəyişdirilməsi təklifidir. Qeyd edək ki, hazırda qüvvədə olan qanuna görə, siyasi partiyalar yalnız partiya üzvlərinin üzvlük haqları və digər ianələr hesabına maliyyələşir. Bu müddəa isə siyasi təşkilatların dövlət tərəfindən maddi yardım edilməsinə şərait yaratmır.
Xüsusilə, vurğulayaq ki, bu aktual mövzu ilə əlaqədar dövlət rəsmiləri tərəfindən də ciddi təkliflər və tövsiyyələr irəli sürülmüşdür. Yaxınlarda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin "Azərbaycan" qəzetində işıq üzü görən "Azərbaycan 2003-2008: reallığa çevrilən qeyri-adi zaman (Zaman və surətə qısa fəlsəfi baxış)" məqaləsində sözügedən mövzu ilə bağlı geniş təfsilatlı və maraqlı məqamlara toxunulmuşdur. Eləcə də, tövsiyə olunmuşdur ki, partiyaların dövlət büdcəsindən maliyyələşməsi, beynəlxalq təcrübələrin standartlarına uyğunlaşmalıdır. Belə ki, dünyada bu sahədə bir çox maraqlı təcrübələr mövcuddur. Məsələ ilə əlaqədar digər hökumət nümayəndəsi - Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da mətbuata verdiyi açıqlamasında parlamentdə aparılacaq müzakirələr zamanı müasir dünyanın tələblərinin nəzərə alınacağını vurğulayıb. Eyni zamanda, dövlət rəsmisi deyib: "Bu məsələ həm Milli Məclis, həm də cəmiyyətdə müzakirə olunmalıdır. Ümidvaram ki, məsələnin parlamentdə müzakirəsi zamanı ən adekvat və optimal variantları seçiləcək". Yeni Azərbaycan Partiyasından olan millət vəkili, parlamentin vitse-spikeri Bahar Muradova da hazırda qüvvədə olan bu qanunun müasir inkişaf reallıqlarına cavab vermədiyini, bir sıra məqamlarda, hətta zidiyyətlər təşkil etdiyini bildirib: "Siyasi partiyalar haqqında" qanun günün reallıqlarına cavab vermir və bu qanun yenidən işlənməlidir".
Vitse-spiker həm də vurğulayıb ki, Yeni Azərbaycan Partiyası 2001-ci ildən bu günlərədək bir neçə dəfə "Siyasi partiyalar haqqında" Qanun layihəsi hazırlayaraq parlamentə təqdim edib.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Mübariz Qurbanlı da aktuallaşmış mövzu ilə bağlı münasibətini açıqlayıb. O, bu istiqamətdə müzakirələrin aparılmasında və iştirakında hər zaman hazır olduqlarını deməklə yanaşı, partiyaların bütün xərclərinin dövlət hesabına ödənilməsinin düzgün olmadığını bildirib: "Bir sıra ölkələrdə partiyalar dövlət tərəfindən maliyyə yardımı alır, bəzilərində isə belə deyil. Əsasən, parlament respublikası olan ölkələrdə siyasi partiyalar, demək olar ki, yardım almırlar. Azərbaycanda əgər gələcəkdə büdcənin imkanları olsa, belə bir qanun qəbul edilsə, siyasi partiyalar müəyyən məbləğdə yardım alsa, bu, pis olmazdı".
Mübariz Qurbanlı, bütövlükdə, siyasi partiyaların fəaliyətini tam şəkildə dövlət büdcəsinin ixtiyarına buraxmağın düzgün olmadığını da qeyd edib: "Büdcədən maliyyə yardımı qismən verilə bilər, qalanlarını partiya özü maliyyələşdirməlidir".
Sözügedən məsələdə parlamentdə təmsil olunan müxalifət partiyalarından da münasibətlər bildirilməkdədir. Xatırladaq ki, "İslahat" deputat qrupunun hazırdakı və Milli Məclisə təqdim etdiyi təkliflər paketində də bu məsələyə xüsusi paraqraflar ayrılıb. Təkliflər paketində "Siyasi partiyalar haqqında" Qanunun yeniləşdirilməsi, partiyaların, xüsusilə, parlamentdə təmsilçilik hüququ qazanmış siyasi təşkilatların dövlət tərəfindən maliyyələşdirilməsi və digər bu kimi məsələlər önə çəkilib.
Parlamentdə təmsil olunmayan partiyaların fikir və təkliflərinə nəzər saldıqda da, bu mövzu ətrafında yekdil rəyin formalaşmasını müşahidə edərik. Məsələn, AMİP səlahiyyətlisi Əli Orucov hesab edir ki, partiyaların inkişafı dövlətin və millətin gələcəyi baxımından önəm kəsb edir: "Partiyaların dövlət tərəfindən maliyyələşməsi isə onların inkişafına güclü təkan verə bilər. Buna görə də maliyyələşmə məsələsi tezliklə öz həlini tapmalıdır. Bir çox ölkələrdə tətbiq olunan praktikalardan biz də faydalanmalıyıq".
Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Məmməd Əlizadənin fikrincə isə, Azərbaycanda, ilk növbədə, parlamentdə təmsil olunan partiyaları, sonra isə seçkilərə qatılan siyasi təşkilatları dövlət büdcəsindən maliyyələşdirmək olar.
"Klassik Xalq Cəbhəsi Partiyası"nın sədri Mirmahmud Fəttayevin qənaətincə, zaman ötüb keçdikcə hər bir qanuna dəyişiklik etmək ehtiyacı yaranır. Məhz bu səbəbdən mövcud qanuna dəyişiklik proseslərinin reallaşdırılması zəruridir.
Azərbaycan Liberal-Demokratik Partiyasının sədri Fuad Əliyevin fikrincə isə, bu qanun günün tələblərinə cavab vermir: "1992-ci ildə qəbul olunmuş qanun günün tələblərinə cavab vermədiyindən, yeni qanun qəbul edilməli və partiyaların dövlət tərəfindən maliyyələşməsi məsələsi burada öz əksini tapmalıdır".
ALDP sədri öz təklifini də irəli sürüb. O deyib ki, "ən azı 5 min üzvü olan 60 rayon təşkilatında fəaliyyət göstərən, seçkilərdə iştirak edən partiyaların dövlət hesabına maliyyələşməsi mümkün ola bilər".
"Təkamül" partiyasının sədri Teyyub Qəni isə öz münasibətini bildirərkən, deyib ki, mövcud qanunda partiyaların maliyyələşməsi ilə bağlı məhdudlaşdırıcı məqamlar var və buna görə də, qanunun yenidən işlənərək, müzakirəyə çıxarılmasının tərəfdarıdır. Məsələ ilə bağlı millət vəkili Vahid Əhmədov da öz təklifləri ilə bölüşüb. Müxalifət partiya sədrlərinin fikirlərindən fərqli olaraq, daha çox nüfuzlu, siyasi çəkisi və rəqabət aparmağa qadir olan siyasi təşkilatların dövlət tərəfindən maliyyələşdirilməsinin tərəfdarı olduğunu açıqlayan millət vəkili Vahid Əhmədov daha sonra qeyd edib ki, xarici maliyyə donorlarından yardım alan partiyalarla müqayisədə, dövlət tərəfindən maliyyələşən partiyalar daha çox dövlətə və dövlətçiliyə xidmət edirlər.
Göründüyü kimi, ümumi fikir və rəylər, irəli sürülən təkliflər, demək olar ki, bir-birini tamamlamaqdadır. Qalır sadəcə bu məsələnin parlament səviyyəsində müzakirəyə çıxarılmasına ki, onun da tezliklə reallaşması elə də uzaqda deyil. Eyni zamanda, gözlənilən yeni qanunun qəbulu ölkəmizin, dövlətimizin dünyəvilik, müasirlik və demokratik prinsiplərə etibarlı olmasının növbəti təzahürü kimi də qiymətləndirilə bilər.

Digər xəbərlər