PDF Oxu

Sosial

  • 19

Küveytin nüfuzlu "Əl-Qabas" qəzetində "Azərbaycan... Bir ziyarət kifayət etməz" adlı məqalə dərc olunub

Küveytin nüfuzlu "Əl-Qabas" qəzetində "Azərbaycan... Bir ziyarət kifayət etməz" adlı məqalə dərc olunub
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Küveytin nüfuzlu "Əl-Qabas" qəzetində "Azərbaycan... Bir ziyarət kifayət etməz" adlı məqalə dərc olunub. Qəzetin bir səhifəsini əhatə edən geniş məqalədə Azərbaycanın mühüm coğrafi-strateji mövqeyi, füsunkar təbiəti və iqlimi, qədim və şanlı tarixi, zəngin mədəniyyəti, incəsənəti, xalçaçılıq sənəti barədə ətraflı məlumat verilib. Həmçinin, Azərbaycanın təbii ehtiyaclarla zəngin bir ölkə olduğu, neft və qaz ehtiyatlarını dünya bazarlarına ixrac etdiyi vurğulanıb.
Məqalədə Azərbaycan-Küveyt münasibətlərinin hazırkı vəziyyəti, bu əlaqələrin bütün sahələrdə qarşılıqlı-səmərəli əməkdaşlıq istiqamətində irəlilədiyi barədə də söhbət açılıb. Bununla yanaşı, müasir Azərbaycanda mövcud sabit siyasi və ictimai durum, ardıcıl olaraq həyata keçirilən və beynəlxalq əhəmiyyət kəsb edən nəhəng layihələr, ölkəmizin elmi-texniki potensialı, inkişaf etmiş iqtisadiyyatı, neft strategiyası geniş işıqlandırılıb. Eyni zamanda, ölkəmizin şanlı müstəqillik tarixi, müstəqilliyimizin bərpa olunması, möhkəmləndirilməsi, qorunub-saxlanılmasında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz rolu və fəaliyyəti vurğulanıb, Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondunun nəcib və xeyirxah fəaliyyəti haqqında aşağıdakı məlumat oxucuların diqqətinə təqdim olunub: "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev də öz xalqına daim məhəbbətlə yanaşıb, həmişə ölkəsinə və xalqına xidmət edib, xalqın rifahını ali amalı hesab edib. Hələ çoxsaylı müsəlmanın yaşadığı Sovet İttifaqı dönəmində ölkənin Siyasi Bürosunda yeganə müsəlman lider olan bu dahi insan heç bir zaman milli və dini bağlarını unutmayıb, islam dövlətləri ilə münasibətlərinin inkişafında əvəzsiz rol oynayıb. Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən və xalq tərəfindən ölkənin Prezidenti seçildikdən sonra, Ümummilli Lider yenə də, bütün həyatı və fəaliyyəti dövründə olduğu kimi, ölkəsinin, xalqının rifah halının yüksəlməsində olan əvəzsiz xidmətlərini davam etdirib. Onun dövründə dini və milli bayramlar rəsmi status qazanmış, xeyriyyəçilik fəaliyyəti geniş vüsət alıb. Hazırda da Ümummilli Liderin adını daşıyan və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu qayğıkeş insanın xeyriyyəçilik amallarını davam etdirir".
Xatırladaq ki, Azərbaycan Respublikasının Küveytdəki səfirliyində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə də tədbir keçirilib. Tədbirdə Küveytdə yaşayan, işləyən həmvətənlərimiz, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına töhfə verən Küveyt vətəndaşları, səfirliyin əməkdaşları iştirak ediblər. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına müraciəti oxunub.
Tədbirdə dünyada yaşayan bütün azərbaycanlıların həmrəyliyinin əhəmiyyətinin vurğulanaraq, hər bir azərbaycanlının harada yaşamasından asılı olmayaraq, öz imkanları daxilində doğma Vətənimizin təbliğatı, tanınması, nüfuzunun daha da artması üçün əlindən gələn töhfəni verməsinin vacibliyi qeyd edilib. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün ilk dəfə 1991-ci ilin dekabrında Naxçıvanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə təsis olunduğu və bu bayramın artıq soydaşlarımızın ənənəsinə çevrildiyi və bu gün bütün dünyada yaşayan həmvətənlərimiz tərəfindən sevinclə qeyd edildiyi də bildirilib. Mərasimdə Azərbaycan tarixi, mədəniyyəti və turizm imkanlarından bəhs edən film də nümayiş etdirilib.

Digər xəbərlər