Azərbaycan mətbuatının "Səs"i
Müstəqil Azərbaycan mətbuatının keçdiyi inkişaf yoluna nəzər salanda, bu tarixi yaradan kütləvi informasiya vasitələri cərgəsində ilk yada düşənlərdən biri də "Səs" qəzetidir. "Səs" yarandığı çətin dövrdən başlayaraq, bu vaxta kimi öz prinsipləri olan, getdiyi yoldan bir addım belə sapmayan mübariz qəzetdir. Elə ilk saylarından başlayaraq Azərbaycan amalı yolunda vuruşan, ölkəmizdə vətəndaş cəmiyyətinin və fikir plüralizminin tərəqqisində öz töhfələrini əsirgəməyən qəzet indi də hamımızın sevimlisidir. "Səs"in inkişaf yolu heç də hamar olmayıb: düz sözü dediyinə, sarsılmaz mövqeyinə görə bu qəzetin mübariz əməkdaşları təqiblərə də məruz qalıb, azad sözün carçıları olan əməkdaşları səriştəsiz hakimiyyətlər tərəfindən sıxışdırılıb, incidilib.
Amma dövrün ziddiyyətləri, subyektiv çətinlikləri bu qəzeti yolundan döndərməyib, çünki onlar bu yolun müstəqil Azərbaycanın nicatı olduğuna, ölkəmizin davamlı inkişafına yönəldiyinə əmin idilər. Bu yol Ulu Öndər Heydər Əliyev yoludur. Çoxlarının Ümummilli Liderin adını çəkməyə belə qorxduğu dönəmlərdə "Səs" Heydər Əliyev siyasi kursunu heç kimdən çəkinmədən təbliğ edirdi, o dövrün konyukturası qəzetin prinsipiallığı, qətiyyətli və ardıcıl mövqeyi qarşısında geri çəkilməli oldu. Ulu Öndərin xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanda müstəqil mətbuatın inkişafına təkan verildi, bu baxımdan "Səs" öz inkişafının yeni mərhələsinə qədəm qoydu. "Səs" qəzeti cəmiyyətimizin aynasıdır, bu aynanın keşiyində duran insanlar həm nümunəvi jurnalist, həm də əqidə sahibidirlər.
İndi müstəqil ölkəmizdə fikir və söz azadlığı tam təmin edilib: qəzet nəşr etmək, qələm əhlini düşündürən ideyaları yazılı ifadə etmək üçün heç bir maneə qalmayıb. Onu da etiraf etmək lazımdır ki, bəzən dövlətin yaratdığı bu şəraitdən sui-istifadə hallarına da rast gəlinir. Amma "Səs" qəzeti yarandığı gündən sadiq olduğu prinsiplərdən bir addım belə geri çəkilməyib. Bu baxımdan, tam əminliklə deyə bilərik ki, "Səs" Azərbaycanın ən məsuliyyətli mətbuat orqanlarındandır.
Hər bir qəzet onun kollektiv əməyinin məhsuludur. "Səs" qəzetində layiqli insanlar, əsil peşəkarlar çalışır. Qəzetin növbəti ildönümü münasibəti ilə həmkarlarımı səmimi qəlbdən təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
Natiq Məmmədli,
"Kaspi" qəzetinin baş redaktoru, tarix elmləri namizədi