BDU-da qış imtahan sessiyası başlayıb
Rektor, akademik Abel Məhərrəmovun imzaladığı əmrə əsasən, dünən Bakı Dövlət Universitetinin əyani şöbəsində qış imtahan sessiyası başlayıb. BDU-nun Mətbuat və İnformasiya şöbəsindən SİA-ya verilən xəbərə görə, yanvarın 31-də başa çatacaq imtahanlar 3 növbəli olacaq və bütün fakültələr üzrə elektron və alternativ test, o cümlədən monitorinq üsulu ilə həyata keçiriləcək.
İmtahan başlamazdan öncə fakültə dekanları, koordinator və rəhbər-koordinatorların iştirakı ilə rektorun görüşü keçirilib. Çıxış edən akademik Abel Məhərrəmov qış imtahan sessiyası haqqında danışıb, dekanları, koordinator və rəhbər koordinatorları prosesə ciddi nəzarət etməyə, tələbələrin biliyini obyektiv qiymətləndirməyə çağırıb. Rektor bildirib ki, tələbələrə daha ciddi nəzarət etmək, köçürmə hallarının qarşısını almaq üçün bütün auditoriyalarda kameralar quraşdırılıb. Bu işlərə nəzarət edəcək Elektron Tədris Mərkəzi haqqında danışan rektor bildirib ki, qurum BDU-nun 2006-cı ildən etibarən Boloniya prosesinə qoşulması ilə əlaqədar bu prosesin prinsiplərinin həyata keçirilməsinə ciddi nəzarət edilməsi, universitetdə bakalavr və magistratura pillələri üzrə tədris prosesinin gedişinə, eyni zamanda, imtahan sessiyasının mütəşəkkil keçirilməsinə nəzarət etmək məqsədilə yaradılıb.