PDF Oxu

Sosial

  • 16

2010-cu il Azərbaycanın neft və qaz sektoru üçün uğurlu il olub

2010-cu il Azərbaycanın neft və qaz sektoru üçün uğurlu il olub
"2010-cu ili Azərbaycanın neft və qaz sektoru üçün uğurlu il adlandırsaq yanılmarıq". Bu sözləri SİA-ya Neft Araşdırmalar Mərkəzinin (NAM) rəhbəri İlham Şaban açıqlamasında deyib. O bildirib ki, ötən il Azərbaycanın neft sənayesi bir neçə rekorda imza atıb. Onun sözlərinə görə, ilk dəfə olaraq neft hasilatı 51 milyon tonu ötüb və Azərbaycanın mənfəət neftinin və qazının 1 illik gəlirləri 16 milyard dollara çatıb. Buna qədər ən çox gəlirin 2008-ci ildə 14.4 milyard dollar qeydə alındığını deyən İ.Şaban söyləyib ki, nəticədə ilin sonuna Neft Fonduna son 11 ildə gələn gəlirlərin həcmi 46.4 milyard dollar, buradan xərclənən vəsaitin miqdarı isə - 23.1 mlilyard dollar olub.
O söyləyib ki, ötən ilin bu sahədəki ilk işi Azərbaycan Dövlət Neft Şirkətinin İranla qaz alqı-satqısına dair müqavilənin imzalanması olub.
"Daha sonra 2010-cu ilin martında Azərbaycan hökuməti "Azəri-Çıraq-Günəşli" müqavilə sahəsində növbəti hasilat platformasının ərsəyə gəlməsi üçün 2013-cü ilin III rübünədək xarici şirkətlərin 6 milyard dollar sərmayə qoymasına icazə veriblər. Martın 10-da Dövlət Neft Şirkəti (SOCAR) ilə Almaniyanın RWE şirkəti arasında Xəzərin dərinsulu hissəsində yerləşən "Naxçıvan" strukturunun birgə işlənməsinə dair Memorandum imzalandı. İlin ən yadda qalan enerji hadisəsi isə, heç şübhəsiz, iyunun 7-də baş verdi: həmin gün İstanbulda rəsmi Bakı və Ankara Azərbaycan qazı ilə bağlı paket sazişlərinə dair bir sıra memorandum və deklarasiyalar imzaladılar. Bununla da tarixi əhəmiyyət kəsb edən gələcək layihələrin gerçəkləşdirilməsi üçün yaşı işıq yandı. İyulda SOCAR BP şirkəti ilə Xəzərin 550-650 metr dərinliyində yerləşən "Şəfəq" və "Asiman" strukturlarının birgə işlənməsinə dair Hasilatın pay bölgüsü sazişi (PSA) imzaladı. Burada yerin 7000-7300 metr dərinliyindən qaz çıxarılması ehtimal olunur. Elə həmin ay qazla bağlı maraqlı bir hadisə qəflətən Bakıya səfər edən İtaliyanın ENI korporasiyasının prezidenti Paolo Skoroni İlham Əliyevlə görüşü zamanı Xəzərin hüquqi statusunun həllini gözləmədən Türkmənistan qazının tankerlərlə Azərbaycan üzərindən daşınması layihəsi üzərində işlədiklərini bildirməsi oldu. Mən onu ilin sensasiyası adlandırardım", - deyə o qeyd edib.
Açıqlaması zamanı ötən il neft qaz sektorunda əldə olunan digər nailiyyətlərə də toxunan NAM rəhbəri bildirib ki, 2010-cu ilin sentyabr ayında bir nömrəli mövzuya çevrilən qazla bağlı Bakıda keçirilən II Beynəlxalq Qaz konfransı çərçivəsində Azərbaycan, Gürcüstan və Rumıniya dövlət başçılarının iştirakı ilə AGRI layihəsi üzrə imzalan Memorandum mühüm addımlardan olub.
Onun sözlərinə görə, ötən il həmçinin Bakıda Xəzəryanı dövlət başçılarının III zirvə toplantısı Xəzərin hüquqi statusunun həll etməsə də ona dair bir sıra sensasiyalı çıxışları mühüm saymaq olar: "İlin son şad xəbəri isə Türkiyənin "Şahdəniz" qazının idxalına görə 2008-ci ilin 15 aprelindən sonra yaranmış qiymət fərqinə görə Azərbaycana olan borcunun ödənməsi oldu. Bu nə az, nə çox 1 milyard dollar oldu, 2011-ci ilin əvvəlində isə yerdə qalan hissə - 400 milyon dollara yaxın vəsait ödənəcək. Beləliklə, 2011-ci il daha maraqlı olmalıdır, çünki Azərbaycanın qəbul edəcəyi qərarlar daha çox regional siyasətin müəyyənləşdirilməsinə yönəlmiş olacaq".

Digər xəbərlər