"ASALA" terror təşkilatı Yerevanı konstruktivlikdən uzaqlaşdırır
Dünən "Trend" mətbuat klubunda Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlunun növbəti mətbuat konfransı keçirilib. M.Əhmədoğlu ənənəvi olaraq keçirilən mətbuat konfransının 2010-cu ilin dekabr ayında, eyni zamanda, bütün il ərzində regionda və dünyada baş verən hadisələrin hesabatı ilə bağlı olduğunu bildirdi. Mərkəz sədri, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son prosesləri, ötən il ərzində aparılmış danışıqları, atılmış addımlara da münasibətlərin məcmusunu açıqlayıb.
STİM sədri 2010-cu ildə Ermənistanın kifayət qədər zərbələrə məruz qaldığını və ötən müddət ərzində, Cənubi Qafqazın daha bir il ABŞ-sız yaşadığını da mətbuat nümayəndələrinin diqqətinə çatdırıb. Regional və beynəlxalq münasibətlərdəki yanaşmalara da aydınlıq gətirən politoloq ötən bir il ərzində yaşanmış və pronozlaşdırılmış bir sıra məsələlərin özünü doğrultduğunu da dilə gətirib. Qeyd edib ki, ABŞ-ın regionda olmamasına baxmayaraq, regionda marağı olan Rusiya və İranın konstruktivlik nümayiş etdirmir. Məhz bunun müqabilində və baş verən son olayların yekununda, son bir il ərzində, Qərb-Rusiya münasibətlərində açıq şəkildə yaxşılaşmaların baş verdiyini söyləyən M.Əhmədoğlu bu cür münasibətlərin formalaşmasının region ölkələri üçün müsbət təsirindən də bəhs edib. Bildirib ki, Rusiya-Qərb yaxınlaşması bütün dünya, eyni zamanda, Cənubi Qafqaz və onun timsalında Azərbaycan üçün olduqca vacib bir amil kimi qiymətləndirilə bilər.
Ermənistanda 2010-cu il ərzində baş verən hadisələrin əksəriyyətinin bu ölkədəki ağır durumdan xəbər verdiyini söyləyən M.Əhmədoğlu, məhz düşmən dövlətdə belə hadisələrin çoxluq təşkil etməsinin başlıca səsəbi kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi ilə bağlı olduğunu da jurnalistlərin diqqətinə çatdırıb. Eyni zamanda, ötən ilin erməni terror təşkilatı "ASALA"nın Ermənistana toplaşdığını bildirən SİTM rəhbəri hesab edir ki, təşkilat Ermənistanda möhkəmləndikcə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində rəsmi Yerevanın konstruktivlik ehtimalları aşağı düşür: "ASALA" gücləndiyi halda, mümkündür ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistana gedə bilməsin. Ermənistan "Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə tənzimlənməlidir" ifadəsini "Dağlıq Qarabağ münaqişəsi tənzimlənməməlidir" ifadəsi ilə eyniləşdirib".
M.Əhmədoğlu onu da qeyd edib ki, müharibə ehtimalını yerli və xarici ekspertlər yüksək qiymətləndirirlər. 2010-cu ilin Şimali Qafqaz regionundakı xalqların oyanış ili olduğunu deyən siyasi ekspert bu oyanışda erməni separatizminin də mühüm rol oynadığını vurğulayıb: "İnquşu necə başa salasan ki, Dağlıq Qarabağda yaşayan 100 min erməni müstəqil dövlət istədiyi halda, ona olmaz. Bu, eyni zamanda, abxazlara, həmçinin, osetinlərə aiddir. Rusiya da öz maraqları baxımından Şimali Qafqazda apardığı siyasəti Cənubi Qafqazda aparmalıdır".
İranla bağlı baş verən proseslərə də toxunan M.Əhmədoğlu bildirib ki, İran problemi həll olunma mərhələsinə qədəm qoyub: "İranın nüvə məsələsi İran probleminin tərkib hissəsidir. Qərb çalışır ki, İranın beynəlxalq ictimaiyyət üçün yaratdığı bütün problemlər aradan qaldırılsın. İran çox əcaib siyasət aparır. Bir əli ilə Əfqanıstanın yüksək vəzifəli şəxslərin maaşları üçün 1,5 milyon dollar xərclədiyi halda, digər əli ilə Əfqanıstana İrandan gedən yükləri blokadaya alır" deyən-M.Əhmədoğlu dünya ictimaiyyətinin diqqətinin siyasi proseslərə yönəldilməsi baxımından da ötən ilin əhəmiyyətinə toxunub.
Mətbuat konfransında STİM rəhbəri jurnalistləri maraqlandıran suallara da aydınlıq gətirib.