Ombudsman bəzi məsələlərlə bağlı Səhiyyə Nazirliyinə müraciət edəcək
Bu günlərdə Ombudsmanın İşgəncələr əleyhinə Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri Y.Cəfərova və V.Heydərov Səhiyyə Nazirliyinin 2 saylı kliniki psixiatriya xəstəxanasına uzunmüddətli başçəkmə həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, onlar xəstəxananın şöbələrində, palatalarda xəstələrlə görüşüb, onların saxlanma şəraitini, müayinə və müalicə prosesini öyrəniblər. Söhbət zamanı xəstələrlə rəftar, onların müalicəsi, qidalanması, ərzaq məhsulları və dərman preparatları ilə təmini vəziyyəti araşdırılıb.
Qrupun üzvləri xəstəxananın rəhbərliyi və tibb personalı ilə söhbət zamanı psixonevroloji xəstələrə xoş rəftar göstərilməsini, onlarla nəzakətlə davranmağı, ruhi xəstələrin saxlanılması, həmçinin onların hüquqlarının təmin olunması üzrə Avropa standartlarının öyrənilməsi və tətbiqini, sanitariya normalarına riayət olunmasını tövsiyə edib, ruhi xəstələrin hüquqlarının müvafiq qanunvericilik üzrə müdafiəsinin zəruriliyini vurğulayıblar. Eyni zamanda, başçəkmə zamanı bir sıra çətinliklər aşkar edilib. Belə ki, müəssisənin həyəti olmadığından, xəstələri müvafiq qaydalar üzrə gündə bir dəfə nəzərdə tutulmuş gəzintiyə çıxarmaq qeyri-mümkündür. Həmçinin bir neçə palatada xəstələrin şəxsi əşyalarının saxlanılması üçün dolabların çatışmadığı, habelə stomatoloqun, psixososial reabilitasiya üçün əmək emalatxanasının olmadığı müəyyən edilib. Qidalanma və müalicə xərclərinin artırılmasının, gerontoloji şöbənin yaradılmasının, xəstələrin kliniki vəziyyətinə uyğun olaraq yerləşdirilməsinin, ibadət otağının, habelə dərman müalicəsi ilə yanaşı, psixoloji xidmətin təşkilinin də vacibliyi vurğulanıb. Ombudsman bu məsələlərlə bağlı səlahiyyətləri çərçivəsində Səhiyyə Nazirliyinə müraciət edəcək. Saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.