Tarix yarandığı gündən müasir dövrümüzə kimi bir çox mühüm hadisələrə şahidlik edib, yol göstərib. Dəhşətli hadisələr, fəlakətli anlar, xoş günlər sanki bir-birinə ayaq verməklə gələcəyin konturlarını müəyyən edib. Yenilməz qəhrəmanlar, mübariz sərkərdələr bu hadisələrin əsas fiqurlarına çevrilib.
Məhz belə qəhrəmanlar xalqı ideyaları, amalları ilə arxalarınca aparmağa müvəffəq olublar. Belə qəhrəmanlardan biri də gənclik həyatının ən gözəl çağlarında vətəninin ərazi bütövlüyünün bərpası və təhlükəsizliyində sarsıdıcı zərbələri ilə düşmən ürəyinə xəncər sancmış igid Vətən oğlu Mübariz Ağakərim oğlu İbrahimovdur. Biləsuvar rayonunun Əliabad kəndində sadə, zəhmətkeş bir ailədə doğulub boya-başa çatan Mübarizdə hələ uşaq yaşlarından Vətənin Qarabağ kimi səfalı guşəsində erməni millətçi ekstremistlərinin dinc azərbaycanlı əhaliyə qarşı apardığı etnik-milli təmizləmə siyasətinə qarşı nifrət hissləri gücləndikcə, bütün bu vəhşiliklərin qisasının alınacağı günün yaxınlaşdığını gözləyirdi. Belə ki, 2005-ci ildə oxuduğu şəhid M. Piriyev adına Əliabad kənd orta məktəbini başa vuraraq, vətənə olan borcunu yerinə yetirməyə yollanan Mübariz xüsusi təyinatlı ordu sıralarında nümunəvi xidməti ilə tez bir zamanda əsgər və zabit dostlarının dərin ehtiramını qazandı. Xeyirxahlığı, nəcibliyi ilə başqalarından seçilən, sözü bütöv, əməli işə üstünlük verən, az danışıb çox eşitməyi sevən Mübariz "torpaq uğrunda ölən varsa vətəndir" amalı ilə alışıb-yanardı. Ordu sıralarında xidmət edən Mübariz daim ön cəbhədə xidməti vəzifəsini yerinə yetirməkdə israrlı idi. Onun yaxınları ilə görüşləri zamanı bu haqda səsləndirdiyi fikirlər də olduqca maraqlıdır. "Mən burada özümü rahat hiss etmirəm, mənim rahatlığım orada cəbhə xəttindədir. Elə bilirəm ki, məni girovluqda olan ana torpaq, ana-bacılarımız çağırır. Hər an əsirlikdə olan ana-bacılarımızın harayını eşidirəm. Biz gənclər onların harayına çatmamış kim çatacaq. Axı, ana torpaq Ulu Tanrı yadigarıdır, yadigara belə münasibətmi bəsləyərlər"?! Məqsədinə nail olmaq üçün, nəhayət, ölümündən 2-3 ay əvvəl onu xidməti vəzifəsini yerinə yetirmək üçün ön cəbhəyə göndərdilər. Burada igidliyi, qorxmazlığı, şücaəti ilə digərlərindən fərqlənən gizir Mübariz cəbhənin əks tərəfində mövqe tutmuş erməni cinayətkar dəstələrin layiqli cəzalarını alacağı günü səbirsizliklə gözləyirdi. O, tez-tez doğulduğu rayona gələndə, ilk olaraq, ona dərs deyən müəllimləri ilə görüşərdi. Ölümündən 20 gün əvvəl Mübariz oxuduğu məktəbin direktoru Bəsirə Rüstəmova ilə görüşmüşdü. Bəsirə müəllimə onunla olan söhbətini belə xatırlayır: "Ölümündən 20 gün əvvəl məktəbə gəlmişdi şagirdim. Əvvəl tanımadım, özü yaxınlaşıb salamlaşdı. 4 il idi ki, mən onu görmürdüm, necə də böyümüşdü, dəyişmişdi, gözlərinin rəngindən "sən Mübarizsən? deyə soruşdum. Boyuna qurban olduğumu qucaqladım, əllərim kürəklərinə çatmadı. Elə ucaboy, elə yaraşıqlı idi!.. Sonuncu görüşümüzdə sağollaşıb gedə bilmirdi, saatlarla söhbət etdik. İçində ecazkar bir Vətən sevgisi yetişmişdi. Doymurdu vətəndən, şəhidlikdən danışmaqdan... "Yaxınlarının dediyi fikirlərə görə, o, hətta tez-tez dostları ilə zəngləşər, onlarla bu və ya digər məsələlər haqqında saatlarla söhbət edərdi. İgid qəhrəman haqqa tapınmaq, haqqa qovuşmaq istəyini vətənin düşmən tapdağından xilas edildikdən sonra mümkün olacağını çox gözəl bilirdi. O, 19 iyun 2010-cu il tarixində bu ideyaların gerçəkləşdiyi günün başlanğıcını qoydu. Həmin gün sanki Qarabağda Xocalının qisası alınmışdı. Düzdür, xalq bu hadisədən çox üzülmüşdü. Bu cür cəsur qəhrəmanın itkisini xalq həzm edə bilmirdi. Hər kəsin dilindən bu kəlmələr işlədilirdi: "Halal olsun sənə, Mübariz, sən həmin gün xalqımızın Xocalıdakı intiqamını aldın, ruhun şad olsun, qəhrəman". Çoxsaylı erməni zabit və əsgərini məhv edərək, beş saat müddətində dayanmadan düşməni çaşqınlıqda saxlayan qəhrəman səhər saatlarına yaxın namərd düşmən gülləsinə tuş gəldi. Yaralı halda çoxlu miqdarda qan itirmiş qəhrəmanımız səhər saatlarında düşmənla təmas xəttində gözlərini əbədi olaraq yumdu. İgid qəhrəmanını itirən milli ordumuz həmin gün yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi. Məlumat üçün qeyd edək ki, döyüşün səhəri günü çaşqın vəziyyətdə olan Ermənistan Respublikasının prezidenti Serj Sarkisyan təmas xəttində nə baş verdiyini təfərrüatı ilə öyrənmək üçün yüksək rütbəli zabit heyəti ilə Dağlıq Qarabağa səfər etdi. Ordu qarşısında çıxış edən Sarkisyan hadisənin qarşısının alınmasında acizlik nümayiş etdirmiş bir qrup yüksək rütbəli zabitləri təhqir etmiş və onları dərhal tutduqları vəzifədən azad etmişdir. Bütün dünya mətbuatının diqqətini çəkən ən mühüm məsələ bu qəhrəmanın ağılagəlməz igidliyi, rəşadəti idi. Mübariz bizə əyilməməyi, sınmamağı, ayağa qalxmağın yollarını bir daha öz əməlləri ilə göstərdi. Bu gün bütün gənclər Mübarizi özlərinə bir örnək, nümunə sayırlar. Onun adı ilə fəxr edirlər, qürrələnirlər. Onun igidliyinin nəticəsi idi ki, düşmən dövlətin bayrağı 3 gün endirildi. Ölkədə 3 gün matəm elan edildi. Sarkisyan administrasiyasının ölkədə 3 günlük matəm qərarı da bu igidin ölməzliyindən xəbər verirdi. Bu an baş vermiş məlum hadisə bir əlaqədar bir erməni zabitinin etirafları diqqətimi cəlb etdi. Onun Azərbaycan gəncliyi haqqındakı fikirləri olduqca maraqlıdır. Mübarizin qəhrəmanlığı ilə düşmənə qarşı bir yumruğa dönmüş Azərbaycan gəncliyinin "şəhidinə bu qədər sahib çıxacaq ikinci bir millət görmədiyini" etiraf etməsi də artıq o möhtəşəm qələbə, zəfər gününün yaxınlaşdığından xəbər verirdi. Mübariz şəhid oldu, müqəddəs şəhidlik zirvəsinə yüksəldi, ölkə başçısı cənab İlham Əliyev tərəfindən Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. İndi Azərbaycan gəncliyinin böyük fəxarətlə qürur duyduğu bu igidin şəkilləri bütün Azərbaycan ərazilərini bəzəməkdədir. Bu gün hər bir evdə Mübarizin adı çəkilir, ruhu qarşısında sayqı duruşu nümayiş etdirilir. Qəhrəmanın doğulub boya-başa çatdığı Biləsuvar rayonunun mərkəzi küçələrindən birinə və eyni zamanda, Lisey Kompleksinə onun adının verilməsi də olduqca təqdirəlayiq bir addımdır. Dövlətimizə layiqli kadrların hazırlanması işində yenicə fəaliyyətə başlayacaq müasir tədris kompleksinin milli qəhrəman Mübariz İbrahimovun adını daşıması da məhz bu baxımdan xüsusi əhəmiyyət kəsb edəcək.
Bəli, zaman keçəcək, quş qanadlı illər bir-birini əvəzləyəcək. Mübarizin haqqında bundan sonra da çoxlu sayda filmlər çəkiləcək, kitablar, dastanlar yazılacaq, musiqilər bəstələnəcəkdir. Unudulmaz qəhrəmanımızın parlaq xatirəsi qəlblərdə əbədi yaşayacaq, qədirbilən xalqımız tərəfindən daim anılacaqdır. Doğma torpağı uğrunda son damla qanınadək vuruşub şəhidlik zirvəsinə ucalmış igid övladların xatirəsi yaddaşlarda əbədi qalacaq. Onların sonsuz yurd sevgisi, qəhrəmanlıqlarla dolu döyüş yolu indiki və gələcək nəsillər üçün örnək olacaqdır.
ADPU-nun Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının müəllimi
Qeyd: Yazı "Kaspi" qəzetinin milli qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda bədii əsər və publisistik yazı müsabiqəsinə təqdim edilir.