Deyirlər, "Zaman keçir illər dəyişsə belə!" Amma nə qədər zaman, nə qədər illər dəyişsə belə, yaddaşlardan silinməyən bir ad əbədi yaşayır. Bu, Şəhidlik Zirvəsidir!
Bu adı qazanmaq, bu zirvəyə ucalmaq hər kəsə nəsib olmur. O şəxslər bu adı qazanır ki, onun qəlbində vətən sevgisi olsun. Məhz Mübariz və Fərid belə Vətən oğullarından idi ki, bu adı qazandılar.
Müstəqil Azərbaycan gənci olaraq hər zaman öz-özümə düşünürəm ki, insan öz tarixi ilə güclüdür. Tarixini bilməyən xalq öz səhvlərini təkrar etməyə məhkumdur.
Tarix şüurunda o kəslər zirvəyə ucalır ki, onlar zirvəni əbədi olaraq insanların qəlbində qursunlar. 2010-cu il tarixi də insanların yaddaşına Mübariz və Fərid kimi milli qəhrəmanlarımızın adını yazdı. Qəhrəmanlıq tariximiz daha da zənginləşdi. İyul və sentyabr aylarında vətənin bütövlüyü uğrunda canlarını fəda edən oğullarımız özlərinə yeni bir şərəfli tarix səhifəsini açdılar və bu səhifədə "Vətən ölməz!", "Vətən bölünməz"! şüarını yazdılar. Bu şüar yeni nəsillər üçün "əsil vətənpərvəlik nədir?" sualının cavabıdır. Qoy hər kəs bilsin və düşünsün ki, biz cənnət kimi bir vətəndə yaşayırıq. Bunun məsuliyyəti başqadır. Vəzifəmizdən asılı olmayaraq, qəlbimizdə vətənpərvərlik amalını yaşatdığımız kimi hər zaman vətən naminə ölməyə də hazır olmalıyıq. Çünki Şəhidlik Zirvəsi əlçatmaz bir zirvədir. Əbəs yerə deyilməyib ki, "Şəhidlər Allahın dərgahında əbədi yaşayır." Fikirimdə Şəhidlik Zirvəsini düşünəndə, hər zaman B.Vahabzadənin bu misrasını xatırlayıram.
İnsan insan olur öz hünəriylə,
Millət millət olur xeyri - şəriylə.
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi şəhidlər.
Bəli, Mübariz və Fərid öz vətən məskənlərini doqquz milyonluq azərbaycanlıların qəlbində qurdular. Bu, qəhrəmanlarımızın göstərdiyi cəsarət və igidlik xalqımızın duyğu və düşüncələrində bir zəmanət körpüsü yaratdı. Hər kəs düşündü və söylədi: "Vətən etibarlı əllərdədir." Ulularımızın bizə əmanət etdiyi vətən torpağı nə qədər keçməkeşli əzablardan keçsə belə, yenə də düşmənə təslim olmayacaq.
Bunu düşmən anlamalı və dərk etməlidir. Bir millətin torpağını işğal edən xalq dövlət deyil. Hər zaman vətən oğullarımızdan layiqli cavab alan düşmən bir gün susmaq məcburiyyətində qalacaq.
Hər gün yaddaşım, tarixim məni dara çəkəndə düşünürəm. Ey düşmən, sən hara, Qarabağ hara?! Daha düşmən bilmir ki, mənim odlar yurdumun qəhrəmanları vulkan kimi hər an çalxalanır. Bu gün, sabah həmin vulkanlar oyansa, düşməndən təkcə qurd adı qalacaq. Həqiqət isə budur.
Düz sözündən sıxılmaram,
Dərd oduna yıxılmaram.
Hər tufana yıxılmaram,
Köküm ana torpaqdadır.
O torpaq ki, zaman -zaman öz qəhrəman igidləri ilə öyünüb. Bir qarşını belə düşmənə verməməkdən ötrü mübarizə aparıb. Halbuki azadlığa gedən bu yol qanlı- qadalı və keşməkeşli idi. Bizə 131 min kv.km miras qalan ərazinin ancaq 86,9 min kv.km-nə sahib olduq. Bir çox dəhşətləri yaşadıq, ancaq yıxılmadıq.
Səngəri gen, ürəyi dar,
Gör nə qədər düşmənin var,
Mini gizli, beşi aşkar,
Dişi qanlı canavarlar,
Əl çəkəcək səndən haçan?
Qalx ayağa Azərbaycan!
İnanıram ki, bir gün "Zəfər bayrağımız əbədidir" çağırışı gerçəkləşəcək. Mübariz və Fərid kimi igidlərimiz bu gerçəkliyi vətənimizə bəxş edəcəklər.Azərbaycan bayrağını Qarabağdan asacaqlar. Nə qədər igid oğullarımız var Vətən hər zaman yaşayacaq! 7 noyabr tarixində vətən öz övladlarını torpağın qoynuna əbədi olaraq tapşırsa da, vətən onların adını öz şərəfli Şəhidlik Zirvəsinə yazdı. Necə ki, şəhidlər hər il xalqımız tərəfindən anılır, Mübariz də, Fərid də bax o cür anılacaq və yaddaşlardan silinməyəcək. Ey mənim müasir Azərbaycanımın sabahı olan gənclərimiz! Gəlin həqiqəti yalandan, xeyri-şərdən ayıra bilək. Gələcəyə doğru mübariz addımlarla irəliləyək. Unutmayaq ki, bu gün azad və firavan yaşamağımızın səbəbi Mübariz və Fərid kimi qəhrəman oğullarımızın Vətən səngərinin keşiyində əzmlə dayanmasıdır. Zaman gələcək bizim torpaqlarımızda sülh sözləri ot kimi hər yerdə göyərəcəkdir.
Zalimin zəfəri başdan qələtdir,
Zamanın səsini biz də dinlərik.
Dünya gücümüzə yaxşı bələddir,
Hələ biçilməmiş əkilənlərik!
Yazı "Kaspi" qəzetinin milli qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş vətənpərvəlik mövzusunda bədii əsər və publisistik yazı müsabiqəsinə təqdim edilir.