"Ruh" Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğuya əsasən, Prezident İlham Əliyev 2010-cu ildə mətbuatın dostu seçilib. Qeyd edək ki, "Jurnalistlərin dostu" mükafatının təsis edilməsində əsas məqsəd cəmiyyətdə söz və məlumat azadlığı prinsiplərini inkişaf etdirmək, media ilə dövlət orqanları, özəl qurumlar, ictimai birliklər və siyasi partiyalar arasında əlaqələrin möhkəmlənməsinə köməklik göstərmək, KİV-lərə qayğı ənənələrini stimullaşdırmaqdır. Xatırladaq ki, 1997-ci ildə təsis edilən mükafat sonuncu dəfə 2002-ci ildə Ümummilli Lider Heydər Əliyevə təqdim olunub. Məsələyə münasibət bildirən qəzet redaktorları ölkə başçısının "Jurnalistlərin dostu" mükafatına layiq görülməsini Prezident İlham Əliyevin mətbuata göstərdiyi böyük diqqətin nəticəsi kimi dəyərləndirirlər.
Yunus Oğuz,
"Olaylar" qəzetinin baş redaktoru:
- "Ruh" Jurnalistləri Müdafiə Komitəsi bu seçimi heç də təsadüfi qaydada, özbaşına etməyib. Bu təşkilat müvafiq sorğunu yüksək peşəkarlıqla və dəqiqliklə həyata keçirib. Sözügedən bu məsələ ilə bağlı, redaksiyalara sorğular göndərilib və redaksiyalarda keçirilən sorğular nəticəsində Prezident İlham Əliyev 81 faiz səs qazanıb. Bəlli olduğu kimi, dövlət başçısı bu il mətbuatın 135 illiyi ilə bağlı bir çox sərəncamlar imzalayıb. Prezident İlham Əliyevin Sərəncamı ilə mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 5 milyon manat vəsait ayrılıb. Yaxın müddət ərzində jurnalistlər üçün nəzərdə tutulan evlərin inşasına başlanacaq. Eyni zamanda, 135 illik yubileylə bağlı bir çox mətbuat nümayəndəsinə fəxri adlar verilib. Təbiidir ki, jurnalistlərə dövlət səviyyəsində böyük diqqət Prezident İlham Əliyevə "Mətbuatın dostu" nominasiyasını qazandırdı. Bu, Prezidentin ad günü ərəfəsində olduğu üçün, Prezident İlham Əliyevə bir sürpriz oldu. Bir sözlə, bu, tamamilə doğru seçimdir.
Akif Aşırlı,
"Şərq" qəzetinin baş redaktoru:
- Hesab edirəm ki, Azərbaycan jurnalistləri ən doğru və düzgün seçim ediblər. Prezident İlham Əliyev, hələ Prezident seçilməmişdən əvvəl mətbuatın dostu idi. Həmin vaxtlar keçirilən müxtəlif dövlət tədbirlərində cənab İlham Əliyevin peşəkar jurnalistlərə çox müsbət münasibətinin biz şahidi olmuşuq. Prezident seçiləndən sonra da, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mətbuatının inkişaf konsepsiyasının çox uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan jurnalistləri cənab İlham Əliyevi özlərinə dost elan ediblər. Təbii ki, Prezidentin mətbuat işçilərinin dostu seçilməsi üçün kifayət qədər əsaslar var. Bu il milli mətbuatın 135 illik yubileyi dövlət tərəfindən çox yüksək səviyyədə qeyd olundu. Eyni zamanda, mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin Sərəncamı ilə 5 milyon manat vəsait ayrılıb. Təbii ki, bu da jurnalistlərin seçiminə təsir göstərib. Bir mətbuat işçisi olaraq, mən də jurnalistlərin bu seçiminə qatılıram və onu çox yüksək dəyərləndirirəm.