Bildiyiniz kimi, qarşıdan 2011-ci gəlir. Bəs 2010-cu il Azərbaycan mətbuatı üçün hansı əlamətdar və uğurlu nəticələr ilə yadda qalan oldu? Eləcə də, 2011-cu ildə mətbuat üçün gözləntiləriniz nədən ibarətdir? Bu suallarla mətbuat nümayəndələrinə müraciət etdik.
Akif Aşırlı,
"Şərq" qəzetinin baş redaktoru:
- 2010-ci il Azərbaycan mətbuatının 135 illiyi qeyd olundu. Bir sözlə, mətbuatımızın 135 illiyi çox yüksək səviyyədə keçirildi və bir sıra jurnalistlərimiz mükafatlandırıldı. Eyni zamanda, Prezident İlham Əliyevin Sərəncamı ilə jurnalistlərimizin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 5 milyon manat vəsait ayrıldı. Ümumiyyətlə, bu il ölkə mətbuatın da əlamətdar və uğurla yadda qalan hadisələr çox oldu.
Təbii ki, qarşıdan gələn 2011-ci ildən gözləntilərimiz var. Bu da Azərbaycan mətbuatının inkişafı ilə bağlıdır. Arzu edirəm ki, 2011-ci il mətbuatımızın bütün mövcud problemlərinin həlli ili olsun.
Aydın Quliyev,
"Bakı Xəbər" qəzetinin baş redaktoru:
- 2010-cu il də ən önəmli hadisə, mətbuatımızın 135 illiyinin dövlət səviyyəsində, bütün ölkə miqyasında geniş tədbirlərlə qeyd olunmasıdır. Bu, bizim mətbuatımızın inkişafında 2010-ci ilin ən xarakterik, yaddaqalan hadisəsi idi. Bundan başqa, mətbuatımızın inkişafı üçün bu il ərzində atılan addımlar müəyyən müsabiqə layihələrinin həyata keçirilməsi, jurnalistlərin mükafatlandırılması, mətbuat işçilərinin sosial problemlərinin həlli üçün Prezident büdcəsindən sözügedən mənzil tikintisinə pul ayrılması barədə qərarların verilməsidir. Sözsüz ki, bunlar mətbuatımızın inkişafında diqqətəlayiq hadisələr kimi qeyd edilməlidir.
Sözsüz ki, 2011-ci il üçün gözləntilərmiz çoxdur. Təbii ki, gələn il üçün gözləntilərmiz, mətbuatımızın maddi bazasının möhkəmləndirilməsi, jurnalistlərimizin sosial vəziyyətlərinin yaxşılaşdırılması ilə bağlıdır. Ümid edirəm ki, gələn il jurnalistlər üçün artıq qərarı verilmiş binanın tikintisi başa çatacaq, jurnalistlər və redaksiyalar üçün daha böyük məbləğlərdə qrant müsabiqə layihələri həyata keçiriləcək, bu il mətbuat günündə dövlət tərəfindən təltiflənən jurnalistlərin sıraları xeyli genişlənəcək, Azərbaycan mediasında kadrlardan dövlət idarəçiliyində, istifadə sahəsində müəyyən addımlar atılacaqdır.