Bildiyiniz kimi, qarşıdan 2011-ci gəlir. Bəs 2010-cu il Azərbaycan mətbuatı üçün hansı əlamətdar və uğurlu nəticələr ilə yadda qalandı? Eləcə də, 2011-ci ildə mətbuat üçün gözləntiləriniz nədən ibarətdir? Bu suallarla mətbuat nümayəndələrinə müraciət etdik.
Namiq Əliyev, "Palitra" qəzetinin baş redaktoru:
- 2010-cu il mətbuat nümayəndələri üçün, doğrudan da, çox uğurlu il oldu. Azərbaycan mətbuatının 135 illik yubileyi ilə bağlı jurnalistlər müxtəlif fəxri fərmanlar, fəxri adlar ilə mükafatlandırıldı. Dövlət tərəfindən KİV-lərə 20 min manat həcmində maliyyə yardımı ayırdı. Təbii ki, ayrılan bu maliyyə yardımları, mətbuatımızın maddi-texniki bazasının düzəlməsi üçün çox böyük əhəmiyyətə malikdir. Əlavə olaraq, ilin axırında yenə də Prezident yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu qəzetlərə 3500 manat, informasiya agentliklərinə isə 2500 manat həcmində pul vəsaiti ayırıb. Bir sözlə, bütün bunların hamısı həm mənəvi, həm də maddi baxımdan çox yaddaqalan hadisələrdir.
2011-ci il Azərbaycan mətbuatı üçün gözləntilərim çoxdur. Nəzər yetirsək, görərik ki, əvvəlki illərlə müqayisədə mətbuatımız ildən-ilə daha da inkişaf etməkdədir. Bildiyiniz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün maliyyə vəsaiti ayrılıb. Ümid edirəm ki, 2011-ci il də jurnalistlər üçün nəzərdə tutulan evlər tikiləcək və jurnalistlərimiz ev ilə təmin olunacaqdır.
Tapdıq Abbas, "Paralel" qəzetinin baş redaktoru:
- 2010-cu il Azərbaycan mətbuat tarixində xüsusi yer tutur. Müstəqillik əldə ediləndən bəri 2010-ci ilə qədər mətbuat tarixində önəmli, uğurlu ikinci il xatırlamıram. Hər şeydən əvvəl, bu il Azərbaycan mətbuatının inkişafında yeni bir mərhələnin başlanğıcını qoydu. Dövlət səviyyəsində mətbuatın inkişafına dair dövlət proqramı tətbiq olundu. Prezident İlham Əliyev mətbuatımızın maddi-texniki bazasının möhkəmləndirilməsi və jurnalistlərin sosial-məişət problemlərinin həll edilməsi istiqamətində önəmli addımlar ataraq, xüsusi sərəncamlar imzaladı. Ölkə Prezidenti tərəfindən jurnalistlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün 5 milyon manat maliyyə vəsaitinin ayrılmasını xüsusi qeyd etmək lazımdır.
Ümid edirəm ki, Prezident İlham Əliyevin təsdiq etdiyi Dövlət Proqramına uyğun olaraq, 2011-ci il mətbuatımız üçün daha uğurlu il olacaq. Hesab edirəm ki, ölkə Prezidentinin başladığı bu uğurlu siyasət 2011-ci ildə də davam etdiriləcək. Azərbaycan regionda iqtisadi cəhətdən güclü dövlət olduğunu mətbuat sahəsində də göstərəcəkdir. Region ölkələri isə 2011-ci ildə Azərbaycan mətbuatının inkişafında yeni bir mərhələni özləri müşahidə edəcəklər. Biz 2011-ci il Azərbaycan mətbuatının inkişafı üçün perspektivli planlarımızı hazırlamışıq, təkliflərimizi dövlət başçısına təqdim edəcəyik. Xüsusilə də, diffomasiya haqqında qanunun qəbul edilməsi istiqamətində müəyyən addım atılması nəzərdə tutulub. Bir sözlə, üzümüzə gələn 2011-ci il də mətbuat üçün daha uğurlu və möhtəşəm olacaq.