PDF Oxu

Sosial

  • 18

İqtisadiyyatımızın dinamik inkişafı göz önündədir Bu, uğurlu siyasətin nəticəsidir

İqtisadiyyatımızın dinamik inkişafı göz önündədir Bu, uğurlu siyasətin nəticəsidir
Ölkəmizdə yüksək səviyyədə görülən bütün işlər Azərbaycan dövlətinin qüdrətinin artmasına, yüksəlməsinə xidmət edir. Nəzərə almalıyıq ki, ümumdünya maliyyə-iqtisadi böhranı hələ bitməyib və bir çox ölkələrdə iqtisadi artımdan deyil, iqtisadi tənəzzüldən söhbət gedir. Amma Azərbaycan müstəqil, güclü bir dövlət olaraq bu kimi problemlərdən çox-çox uzaqdır. Bu isə, Azərbaycanda aparılan siyasətin çox dəqiq və düzgün olmasının nəticəsidir. Təbii ki, Azərbaycan dövlətinin dinamik və sürətli inkişafı sevindirici haldır.
Bununla bağlı millət vəkili Musa Quliyev bildirdi ki, Azərbaycan neft ölkəsidir. Amma inkişafımızı gözü götürməyən bəzi xarici qüvvələr Azərbaycan iqtisadiyyatının yalnız neftdən asılı olduğunu söyləyirlər. Əlbəttə ki, bu boş, əsassız fikirlərin heç bir əsası yoxdur və Azərbaycanda qeyri-neft sektorunun sürətli inkişafı buna sübutdur. Azərbaycan dövləti neft kapitalını insan kapitalına çevirmək istiqamətində çox uğurlu siyasət aparır. Ümumiyyətlə, Azərbaycanda qeyri-neft sektorunun inkişaf səviyyəsi günü-gündən xeyli yüksəlmişdir.
Millət vəkili qeyd etdi ki, hətta Azərbaycanda qeyri-neft sektorunun inkişafı neft sektorunun inkişafını üstələməkdədir: "Qeyri-neft sektorunun inkişafı regionlarda həm yeni-yeni iş yerlərinin açılmasına, regionların iqtisadiyyatının yüksəlməsinə, həm də demokrafik proseslərin regionlarda müsbət istiqamətdə irəliləməsinə əhəmiyyətli dərəcədə təsir etmişdir."
Millət vəkilinin sözlərinə görə, Azərbaycanın iqtisadi inkişafı onun sosial inkişafını şərtləndirən amillərdən biridir.
Dövlətin gördüyü işlərin nəticəsini çox yüksək qiymətləndirən M.Quliyev bildirdi ki, hətta aztəminatlı insanların ünvanlı sosial yardıma cəlb olunması ən yüksək səviyyəyə çatmışdır. Bundan əlavə, Azərbaycanın bütün regionlarında ən müasir tələblərə cavab verən otel kompleksləri, istirahat guşələri tikilibdir ki, bunlar da insanların istirahətini təmin edirsə, digər tərəfdən də həmin regionda yaşayan və işləyən insanların həm məşğulluğunu, həm də sosial rifahının yaxşılaşmasını təmin edir. Əgər bir neçə il əvvəl, bir çox, o cümlədən, dağ rayonlarımızın abadlaşmasından, qurulmasından danışırdıqsa, indi artıq kəndlərimizin abadlaşmasından, müasir tələblərə cavab verən sosial infrastrukturun yaradılmasından danışırıq. Artıq bunlar reallığa çevrilibdir və günün reallığı kimi qəbul olunur. Regionlarda infrastrukturun yaxşılaşdırılması həm yerli, həm də xarici investisiyaların regionlara cəlb edilməsi baxımından olduqca əhəmiyyətlidir. Son illər dövlət büdcəsində regionların payı artıb. Artıq, nəinki yerli biznes nümayəndələri, hətta xarici investorlar belə regionlarda iri layihələr həyata keçirməyə başlayıblar. Bu isə regionlarda yeni-yeni iş yerinin artmasına, eyni zamanda, regionların dövlət büdcəsinin formalaşmasında rolunun artmasına gətirib çıxarır.
Millət vəkili 2010-cu ilin dövlət büdcəsinin xərclərində və büdcənin formalaşmasında hər hansı bir problem olmadığını vurğuladı. İyun ayında dövlət büdcəsinə edilən əlavə dəyişikliklər ondan xəbər verir ki, dövlət büdcəsinin gəlirləri proqnozlardan daha çoxdur. Buna görə də Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi və eləcə də, digər infrastruktur layihələrin həm regionlarda, həm rayonlarda icrası ilə bağlı heç bir problem yoxdur. Artıq təcrübəyə əsasən, demək olar ki, qlobal maliyyə böhranı 2011-ci ildə də Azərbaycan iqtisadiyyatına, eləcə də, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramının icrasına təsir göstərməyəcək. Çünki 2010-cu il dövlət büdcəsində məhz regionların inkişafı ilə bağlı xüsusi vəsait nəzərdə tutulub və bu vəsait ildən-ilə artacaq.
Millət vəkili onu da bildirdi ki, bu ilin dövlət büdcəsinin 2011-ci ilin dövlət büdcəsindən əsas fərqi ondan ibarətdir ki, 2011-ci ildə dövlət büdcəsindən sosial istiqamətdə ayrılan vəsaitlərin həcmi xeyli dərəcədə artırılacaq. Güman olunur ki, bu, daha çox əhalinin sosial müdafiəsinin təmin olunmasi ilə bağlıdır. Son illərin dövlət büdcəsinin müzakirəsi göstərir ki, dövlət büdcəsində sosial yönümlü vəsaitlərin payı artmaqdadır və bu isə, müsbət haldır. Çünki bütün hallarda dövlət büdcəsində sosial yönümlü xərclərin payı artırsa, bu, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına gətirib çıxarar. 2011-ci ilin dövlət büdcəsini qiymətləndirən zaman birmənalı şəkildə sosial xərclərin artması məsələsini müsbət hal kimi qiymətləndirmək lazımdır. Düşünürəm ki, bu, bütövlükdə, 2011-ci ilin dövlət büdcəsinin daha sosial yönümlü olmasından xəbər verir.

Digər xəbərlər