Ölkəmizdə uşaq evlərində yaşayan uşaqlara, onların hüquqlarının müdafiəsinə çox böyük nəzarət edilir və diqqət göstərilir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycanda hər bir uşaq özünü azad, firavan, xoşbəxt və rahat hiss edir. Əgər valideyn övladını öz sevgisindən, nəvazişindən məhrum edirsə, dövlətimiz həmən uşaqları mütləq öz himayəsi altına alır və qayğısına qalır. Dövlətimizin uşaq evlərində yaşayan uşaqlara göstərdiyi xüsusi diqqət və qayğı ilə bağlı millət vəkilləri öz münasibətlərini bildirdilər.
Millət vəkili Aydın Mirzəzadə:
- Dövlətin apardığı daxili siyasət, sosial islahat və yeniliklər uşaq evlərinin problemlərinin həllinə də müsbət təsir edir. Yəni yeni iş yerlərinin açılması, insanların sosial vəziyyətinin yaxşılaşması, ailələrin möhkəm olması üçün dövlət tərəfindən bütün atılan addımlar uşaqların uşaq evinə verilməsini kəskin surətdə azaldıb. Bu, bir faktdır və bu faktı qiymətlindirməli və dəyərləndirməliyik. Son dövrlərdə dövlətimizin maddi imkanı yaxşılaşdıqca, uşaq evlərinin yüksək standartlara cavab verəcək tərzdə təmir edilməsi, müvafiq ləvazimat və şəraitlə təmin edilməsi istiqamətində bir çox işlər görülür. Demək olar ki, bütün uşaq evlərinin təmir edilməsi, müasir avadanlıqlarla təchiz olunması uşaqların əhval-ruhiyyəsinə, rahat, qayğısız yaşamasına müsbət təsir edir. Bakı, Gəncə, Naxçıvanda yeni-yeni uşaq şəhərciklərinin salınması uşaq problemlərinin həll edilməsinə çox böyük kömək edir. Uşaq evlərində yaşayan uşaqların həm ailələrə verilməsi, həm də orta məktəbi bitirən uşaqların sonradan regionlarda işlə təmin edilməsi və mənzil şəraitlərinin yaxşılaşdırılması istiqamətində atılan addımlar yüksək qiymətləndirilir. Xüsusi olaraq, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın uşaqlara, körpələrə cəmiyyətin qayğısını bariz şəkildə nümayiş etdirməsi diqqətçəkən məsələdir. Mehriban xanımın sayəsində bir sıra uşaq evləri tikilib, təmir edilib və uşaqların yaxşı, sağlam şəraitdə böyüməsi və təhsil alması istiqamətində bir sıra təşəbbüslər irəli sürülüb. Orta məktəbi bitirən gənclərin işlə təmin edilməsi və gələcək həyatlarının qurulması istiqamətində də Heydər Əliyev Fondunun fəaliyyəti əvəzolunmazdır. Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ probleminin mövcudluğuna baxmayaraq, kimsəsiz körpələrin həyatının düzgün qurulması istiqamətində həm dövlətin, həm də Mehriban xanımın zəhməti böyük və danılmazdır. Bu, cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir.
Uşaq hüquqlarının müdafiəsinin qorunması istiqamətində həm xarici ölkələrlə, həm də beynəlxalq təşkilatlarla çox sıx əməkdaşlıq edirik. Azərbaycanda UNİCEF-in bir çox proqramları həyata keçirilir, müəyyən qanunlar qəbul edilir. Qabaqcıl Avropa dövlətlərinin təcrübəsi əsasında Azərbaycanda qanunvericilik bazası möhkəmlənib. Uşaqların hüquqları yetərli qədər qorunur. 1990-cı illərin əvvəllərində SSRİ-nin dağıldığı, cəmiyyətimizin ciddi böhran içərisində olduğu bir dövrdə küçələrdə, hətta istehsal sahələrində belə tez-tez az yaşlı uşaqlar rast gəlirdik. Kimsəsiz uşaqlar parklarda, küçələrdə gecələyirdilər. Artıq bu gün Ulu Öndər Heydər Əliyevin qurucusu və memarı olduğu demokratik Azərbaycan dövlətində o uşaqlara qətiyyən rast gəlmirik. Bu isə, o deməkdir ki, aparılan siyasət, həyata keçirilən bütün uğurlu layihələr uşaqların küçələrdən evlərə yığılmasına, problemlərinin həll edilməsinə gətirib çıxarıb.
Millət vəkili Jalə Əliyeva;
- Dövlətimiz ata-ana qayğısından məhrum olmuş, uşaq evlərində böyüyən körpələrimizə çox böyük diqqət və qayğı göstərir. Kimsəsiz uşaqların həyata təkbaşına atılması cəmiyyətimizi narahat edən ən mühüm məsələlərdən biridir. Ümumiyyətlə, uşaqlarla bağlı hər bir məsələdə, onların problemlərinin həll olunmasında dövlətimiz xüsusi diqqət və qayğı göstərir. Dövlətimizlə yanaşı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva uşaq evlərində yaşayan uşaqlara çox böyük qayğı, sevgi, ana nəvazişi göstərir. Mehriban xanım uşaq evlərində yaşayan uşaqların bugünü, sabahı, rahat yaşaması üçün çox böyük əvəzolunmaz işlər görüb və görməyə də davam edir. Ümumiyyətlə, Mehriban xanım bütün körpələrin, uşaqların sağlamlığı, təhsili, gələcəyi ilə çox yaxından maraqlanır. Hal-hazırda ölkə üzrə uşaq evlərinin böyük bir əksəriyyəti artıq tamamilə təmir olunub və tam standartlara cavab verəcək bir şəkildə fəaliyyət göstərir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evlərində yaşayan uşaqlar üçün yeni bir layihə hazırlanır. Layihəyə əsasən uşaqların ailə şəraitində böyüməsi üçün uşaq evlərinin içərisində pilot ailələr yaradılır və uşaq evindəki uşaqlar yenə də dövlətin nəzarəti altında həmən pilot ailələrə verilir. Bu da çox əhəmiyyətli və ciddi bir addımdır. Ən əhəmiyyət və önəm daşıyan məsələ isə körpələrin, uşaqların uşaq evlərindən sonrakı həyatıdır. Məhz bu istiqamətdə də dövlətimiz tərəfindən çox böyük tədbirlər, əvəzolunmaz işlər görülür. Bu isə, təbii ki, hər bir azərbaycanlının sevincinə səbəb olacaq bir məsələdir. Hətta bu yaxınlarda 1 saylı uşaq evinin nəzdində olan məktəbin məzunları üçün yaşayış binası da inşa edilib. Bu isə, uşaqlara yaşamaq, təhsilə, ailəyə bağlılıq, xoşbəxtlik hissi bəxş edir və həmən uşaqlar artıq heç biri 16 yaşıdan sonra qətiyyən taleyin ümidinə buraxılmayacaq. Çünki artıq özlərinin hər bir şəraiti, təmiri olan mənzilləri olacaqdır. Təbii ki, bu istiqamətdə görülən işlər mütəmadi olaraq davam etdiriləcək və gənc nəslin istədiyimiz səviyyədə böyüməsinə, təhsil almasına, tam mənəvi, əxlaqi dəyərlərə yiyələnməsinə böyük bir şərait yaratmış olacaqdır. Eyni zamanda, bu, həmən uşaqların yaşayış mənzilləri ilə təmin olunması onların öz gələcəklərini müstəqil qurmaları üçün də çox mühüm və əhəmiyyətli məsələdir. Milli Məclisdə keçən il büdcə layihələri müzakirə edilərkən uşaq evlərində yaşayan uşaqlarımızın, körpələrimizin sonrakı taleyinin düzgün istiqamətə yönəlməsi üçün bu kimi evlərin sayının artırılmasını bir təklif kimi irəli sürmüşdük. Xüsusi qeyd etməliyik ki, məhz, bu istiqamətdə Azərbaycan dövləti çox əhəmiyyətli və önəmli addımlar atır. Dövlətin bu gün öz övladının sonrakı taleyini belə ciddi düşünməsi çox təqdirəlayiq haldır. Hər birimiz bu addımı dəstəkləməliyik. Bir millət vəkili olaraq, əlimdən gələni etməyə hazıram ki, valideyn qayğısından, nəvazişindən məhrum uşaqalarımız tam rahat şəkildə yaşaya bilsinlər.
Ümumiyyətlə, uşaq hüququ deyilən anlam çox ciddi qəbul edilir. İnsani, hüquqi, demokratik dəyərlər baxımdan baxanda, uşaq hüquqlarının qorunması çox əhəmiyyətli məsələdir. Bütün uşaqlar zorakılıqdan, özbaşınalıqdan qorunmalı və müdafiə olunmalıdır. Artıq yaşamaq hüququ qazananın körpənin belə yaşamaq hüququ var. Hər gün inkişaf edən cəmiyyətimiz də bu hüququ çox ciddi dərk edir və hər bir uşağın hüququna hörmətlə yanaşır. Lakin bəzi hallarda şahidi oluruq ki, uşaqlarımızın hüquqları məhz öz ailələri tərəfindən pozulur. Övladın qız olduğu üçün ayrı-seçkilik olur. Hətta bəzən elə ailələr olur ki, qız övladının 15-16 yaşından sonra hüquqları tam əlindən alınır və valideyn tərəfindən məktəbə getmələrinə tamamilə qadağa qoyulur, sonra isə molla nikahı ilə ərə verilir. Yetkinlik yaşına çatmamış qızlar isə ailə qurduqdan sonrakı həyatında bir çox müəyyən problemlərlə üzləşir. Bütün bunların hamısı da onun hüquqlarının başa düşülmədiyindən və müdafiə edilmədiyindən irəli gəlir. Ona görə də dövlətimizin, ayrı-ayrı QHT-in məhz maarifləndirmə sahəsində atdığı addımlar, edilən müzakirələr, keçirilən formalar, konfranslar çox önəmlidir. Bu istiqamətdə keçirilən tədbirlər də, təbii ki, müsbət nəticə verməkdədir.