Qəzet baş redaktorları KİV-ə ayrılmış birdəfəlik yardımlar haqqında danışdılar
Dekabrın 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının iclasında KİV-in maddi-texniki bazasının gücləndirilməsi məqsədilə birdəfəlik yardımların edilməsi barədə qərar qəbul edilib.
Qərara əsasən qəzet redaksiyaları üçün 3500 manat, informasiya agentlikləri üçünsə 2500 manat birdəfəlik yardım ayrılıb. Səs İnformasiya Agentliyi bu məsələ ilə bağlı yardım ayrılmış qəzetlərin baş redaktorlarının fikrini alıb:
"İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qəzetlərə ayrılan yardımdan razıdır: "Ümumiyyətlə, respublikamızda hər il bu və ya digər sahələrdə fəaliyyət göstərən insanlara yardım göstərilir. O cümlədən, Mətbuat Günü ərəfəsində qəzetlərə və bır sıra agentliklərə birdəfəlik maddi yardımlar ayrılıb. Xüsusilə cənab Prezidentin mənzil tikilməsi ilə bağlı 5 milyon manat məbləğində vəsaitin ayırmasını çox uğurlu və çox yüksək addım kimi qiymətləndirirəm. Təşəkkürümü çatdırıram ki, ölkə başçısı daim mətbuat işçilərinə diqqətlə yanaşır. Dünənki qərar da bu siyasətin və işlərin məntiqi davamıdır".
"Həftə içi" qəzetinin baş redaktor Sevinc Seyidova yardımın gözlənilməz olduğunu qeyd edib: "Biz düşünürdük ki, artıq ilin ortalarında peşə bayramı ərəfəsində bir dəfə edilib. Amma çox sağ olsunlar ki, ilin sonu həm bizi, həm də jurnalistləri sevindirdilər. Bu bizə bir stimul oldu ki, hər hansı bir avadanlıqlarımızı, çatışmayan ləvazimatları təzə ildən yeniləyək".
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu: "Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə jurnalistlərin ictimai nüfuzunun, peşə nüfuzunun artırılması üçün müvafiq addımlar atılır, jurnalistlər fəxri adlarla təltif edilir, müxtəlif həvəsləndirici tədbirlər həyata keçirilir. Hesab edirəm ki, bu çərçivədə KİV DF-nin həyata keçirdiyi tədbirlər də məhz jurnalistlərin peşə fəaliyyətinin artırılmasına, maddi vəziyyətinin yaxşılaşdırılmasına maddi və məişət problemlərinin həllinə yönəlmiş bir addımdır. Azərbaycanın mətbuat tarixində bu qədər diqqət, qayğı və dəstək olmayıb. Mən hesab edirəm ki, mətbuatın üzərinə düşən vəzifə və məsuliyyət bu etimadı doğrultmaqdan ibarətdir. Çox az ölkələrdə belə yardımları müşahidə etmək mümkündür. Buna görə də, biz dövlət başçımıza minnətdarlığımızı ifadə etməklə bərabər onun etimadına layiq olduğumuzu bildirməliyik. Hər bir jurnalist öz peşə etikasına riayət etsə, peşə və vəzifəsinə sadiqlik nümayiş etdirsə, obyektiv olsa bu etimadı doğrultmuş olacaq".
KİV DF-nin bu qərarı media kapitanları tərəfindən müsbət qarşılanıb. Bu barədə SİA-ya açıqlama verən "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid bu istiqamətdə atılan addımları müsbət qiymətləndirib. Onun sözlərinə görə, Azərbaycanda medianın davamlı yardımlara ehtiyacı var: "Ölkədə hər-halda reklam bazarının olmadığı bir zamanda elə yardımların mətbuatın inkişafına xeyiri var".
"Səs" qəzetinin baş redaktoru Bəruz Quliyev isə bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında KİV DF gördüyü işləri və həyata keçirdiyi layihələri dəstəklənməlidir: "Bu il ərzində kifayət qədər təqdirə layiq işlər görülüb. Bayramla əlaqədar ayrılmış vəsait məhz bayram tədbirlərinə xərclənəcək. Çünki vəsait sırf bunun üçün ayrılıb. "Səs" qəzeti də bu il ərzində bir neçə layihə udub. Layihəni həyata keçirmək həm vətəndaş cəmiyyətinin inkişafına xidmət edir, həm də, redaksiyanın özünün maddi-texniki bazası genişlənir. Bu yardımlar həm də maddi cəhətdən ehtiyacı olan jurnalistlər uçun böyük stimuldur".