2011-ci gəlir. Bəs, 2010-cu il Azərbaycan mətbuatı üçün hansı əlamətdar və uğurlu nəticələrlə yadda qalan oldu? Eləcə də, 2011-cu ildə mətbuat üçün gözləntiləriniz nədən ibarətdir? Bu suallarla qəzet baş redaktorlarına müraciət etdik.
Elçin Mirzəbəyli, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru:
- 2010-cu ili, bütövlükdə, Azərbaycan mətbuatı üçün çox uğurlu və dönüş ili hesab edirəm. İlk öncə, milli mətbuatımızın 135 illiyi ilə bağlı, Prezident İlham Əliyevin verdiyi sərəncamları və bu sərəncamlar əsasında görülən işləri xüsusi vurğulamaq lazımdır. Daha sonra KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun və Mətbuat Şurasının fəaliyyəti ilə bağlı görülən işləri demək olar. Bir sözlə, onu deyə bilərəm ki, bu il Azərbaycan mətbuatının tarixi də çox önəmli tarixi bir il kimi yadda qalacaq və gələcək fəaliyyəti üçün də stimul verəcək, stimul yaradacaq bir zaman kəsiyi kimi qalacaq.
Təbii ki, bundan sonraki gözləntilər yalnız inkişafla bağlı olacaq. Ümumilikdə isə, 2010-ci ili medianın inkişafı baxımından çox önəmli il kimi dəyərləndirirəm. Çünki Azərbaycan dövləti, mətbuatın inkişafı üçün çox mühüm, dünya praktikasına rast gəlinməyən addımlar atıb. Bundan sonra isə söz medianındır. Ümid edirəm ki, uğurlarımız 2011-ci ildə də davam etdiriləcək.
Natiq Məmmədli, "Kaspi" qəzetinin baş redaktoru:
- 2010-cu il Azərbaycan mətbuatının 135 illiyinin keçirilməsi ilə yadda qaldı. Daha sonra ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı pul vəsaitinin ayrılmasıdır.
2011-ci ildə gözləntilərimiz ondan ibarətdir ki, Prezidentin mətbuat işçilərinin sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün ayırdığı pul vəsaitindən, jurnalistlərə tikiləcək evlərin təməlinin qoyulması və gələn ilin axırına qədər də sözgedən evlərin istifadəyə verilməsidir.
Mətbuat Şurası yarandığı gündən "reket" jurnalistikaya qarşı mübarizə aparır. Bir sözlə, apardığı mübarizə də öz effektini verir. Bildiyiniz kimi, hər dəfə "reket" qəzet və jurnalistlərinin bu "qara siyahı"ları dərc olunur. O siyahıya düşən qəzetlər haqqında, artıq cəmiyyət də bilir ki, sözügedən bu qəzetlər "reket" jurnalist fəaliyyəti ilə məşğul olurlar. MŞ-nin gördüyü işlər, ancaq ictimai tənbeh və qınaq xarakteri daşıyır, yəni inzibati əsasları yoxdur. Ona görə də, görürsən ki, tam "reket" jurnalistikasının qarşısını almaq olmur. Bir sözlə, Mətbuat Şurasının səlahiyyətləri xeyli genişləndirilsə, inzibati təsir imkanları daha effektli olardı.