PDF Oxu

Sosial

  • 20

Parlament seçkiləri AŞPA-da müzakirə olunacaq

Parlament seçkiləri AŞPA-da müzakirə olunacaq
Artıq 10 ildir ki, Azərbaycan dünyanın və Avropanın ən mötəbər təşkilatlarından biri olan AŞPA-nın üzvüdür. 2001-ci il yanvar ayında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev AŞPA-nın toplantısında Azərbaycan dilində çıxış etdi. Avropa Şurası tarixində ilk dəfə idi ki, Azərbaycan dili səslənirdi. Ulu Öndərimiz Heydər Əliyevin dövlətimizin mövqeyini, Avropada, dünyada apardığı siyasətin mahiyyətini, Azərbaycanın uğurlarını və uğradığı təcavüzün fəsadlarını AŞPA-da bəyan etdi. Həmin vaxtdan isə Azərbaycan AŞPA-nın sıralarında həqiqi üzv olaraq fəaliyyətə başladı. 10 il ərzində Azərbaycan AŞPA-nın üzvü olaraq xeyli fəallıq nümayiş etdirmiş və AŞPA üzvü olan 47 ölkə içərisində seçilən ölkələrdən biri olubdur. Azərbaycan nümayəndə heyətinin üzvləri dəfələrlə məruzəçi təyin olunub və əhəmiyyətli sənədlər hazırlayıblar.
AŞPA və Azərbaycan əməkdaşlığını müsbət qiymətləndirən AŞPA nümayəndə heyətinin üzvü, millət vəkili Rəfael Hüseynov bildirdi ki, 2005-ci il yanvarın 25-də qəbul edilmiş 1416 saylı qətnamə əsasında AŞPA-da Dağlıq Qarabağ üzrə alt komitə yaradılmışdır. Alt komitənin vəzifəsi 1416 saylı qətnamənin icrasına nəzarət etmək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində diplomatik vasitələrin sülh yolu ilə problemin həllinə köməyin yollarını araşdırmaqdan ibarət idi. Ermənilərin hər vəchlə alt komitənin fəaliyyətinə maneçilik törətməsinə baxmayaraq, AŞPA rəhbərliyi həmin alt komitənin fəaliyyətini canlandırmağa çalışırdı. Alt komitənin mövcudluğu Ermənistanın Azərbaycana qarşı törətdiyi təcavüzün daimi gündəlikdə saxlanılması və müzakirə edilməsi deməkdir. Bu isə, əlbəttə ki, Ermənistana qətiyyən sərf etmir. AŞPA prezidenti Mövlud Çavuşoğlunun, bilavastə, iştirakı ilə Azərbaycan Ermənistan nümayəndə heyətlərinin alt komitə çərçivəsində bir neçə görüşü keçirilib, eyni zamanda, AŞPA-nın rəhbər strukturlarından ayrı-ayrı təmsilçilər də o toplantılarda iştirak ediblər. Ermənilər bildirirlər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı əgər ATƏT varsa, digər qurumlara ehtiyac yoxdur. Bu isə, təbii ki, yanlış fikirdir. Bütün bu təşkilatların, qurumların da fəaliyyətlərinin əsas hədəfi ondan ibarətdir ki, problem müharibə yolu ilə deyil, danışıqlar, sülh yolu ilə həll olunsun.
Rusiyanın Ermənistana maddi və mənəvi dəstək olması məsələsinə toxunan Rəfael Hüseynov vurğuladı ki, tamamilə çökmüş vəziyyətdə olan, dünya ölkələri arasında heç bir imic qazanmayan Ermənistan güvənir ki, nüvə dövləti olan Rusiya onlara kömək edəcək. Amma Rusiya o zaman işğalçı, ziyanverici Ermənistana kömək edə bilər ki, terrorçu Ermənistana hansısa dövlət hücum etsin və Ermənistanın ərazisi hərbi təcavüzə məruz qalsın.
Millət vəkili vurğuladı ki, bu gün, faktiki olaraq, söhbət Azərbaycan dövlətinin işğal altında olan ərazisindən gedir. Əgər Azərbaycan hərbi əməliyyatlar apararsa, öz ərazisində aparacaq və bu hərbi əməliyyatlara görə də heç kim Azərbaycan dövlətinə irad tuta bilməz. Öz ərazisini işğalçılardan azad etmək Azərbaycan xalqının və dövlətinin tam haqqıdır.
AŞPA-nın növbəti keçiriləcək qış sessiyası ilə bağlı millət vəkili bildirdi ki, artıq bu sessiyanın gündəliyi məlumdur: "AŞPA-da Azərbaycanla bağlı müzakirə olunacaq məsələ parlament seçkiləridir. 2011-ci ilin yanvar ayında Azərbaycan nümayəndə heyəti artıq yeni tərkibdə AŞPA-da iştirak edəcək və orada 10 illik fəaliyyətimizi qeyd edəcəyik".
AŞPA ilə Azərbaycan əlaqələrinin yüksək səviyyədə olmasını vurğulayan millət vəkili qeyd etdi ki, prezident, parlament, bələdiyyə seçkiləri keçirilərkən AŞPA-nın ayrı-ayrı təmsilçiləri müşahidəçi qismində Azərbaycanda olub, müşahidələrini aparıb sonra isə müşahidə qrupu öz fikirlərini bölüşüblər. Seçkilərdən sonra AŞPA-nın plenar iclasında bu məsələlər müzakirəyə çıxarılıb. AŞPA-nın müşahidə qrupunun Azərbaycandakı parlament seçkiləri ilə bağlı fikirləri müsbətdir və seçkiləri ölkəmizdə demokratik dəyərlərə yiyələnmək baxımından daha bir irəliliyə doğru atılmış addım hesab edirlər. Həqiqətən də, Azərbaycanda keçirilən parlament seçkilərinin tam şəffaf, demokratik, ədalətli keçirilməsi ilə bağlı AŞPA artıq öz real mövqeyini bildirib. Müstəqil, demokratik, suveren Azərbaycan dövlətinin səsi hələ çox yüksəklərdən gələcək və bayrağımız hər zaman uca zirvələrdə dalğalanacaq.

Digər xəbərlər