Bildiyiniz kimi, qarşıdan 2011-ci gəlir. Bəs 2010-cu il Azərbaycan mətbuatı üçün hansı əlamətdar və uğurlu nəticələr ilə yadda qalan oldu? Eləcə də, 2011-ci ildə mətbuat üçün gözləntiləriniz nədən ibarətdir? Bu suallarla bağlı mətbuat nümayəndələrinə müraciət etdik.
Yunus Oğuz, "Olaylar" qəzetinin baş redaktoru:
- 2010-cu il Azərbaycan mətbuatının 135 illiyi ilə daha çox yadda qaldı. Bildiyiniz kimi, 135 illik yubiley ilə bağlı olaraq, Prezident İlham Əliyevin Sərəncamı oldu. Həmin Sərəncam ilə mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün pul ayrıldı. Bir çox jurnalistlərə mükafatlar verildi. Siyasi sahədə isə mətbuatın 2010-cu il seçkilərdə aktiv şəkildə iştirakı da yaddaqalan oldu.
2011-ci ildə də Prezident yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun və Mətbuat Şurasının aktiv fəaliyyəti gözlənilir. Bir sözlə, biz 2011-ci ildə bir çox uğurlar və nailiyyətlər əldə edəcəyik.
Cəmaləddin Quliyev, "Paritet" qəzetinin baş redaktoru:
- 2010-ci il Azərbaycan mətbuatında milli mətbuatın yaranmasının 135 illiyi qeyd olundu. Ən mühüm və əlamətdar hadisə də budur ki, ölkə mətbuatı artıq 135 ildir ki, öz yaradıcılıq fəaliyyətini davam etdirir. Ümumiyyətlə, mətbuatımız həm texniki, həm də peşəkarlıq baxımından günü-gündən inkişaf etməkdədir. Bu yubiley ərəfəsində Prezident İlham Əliyevin göstərişi ilə KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən 20 min manat həcmində qəzetlərə və informasiya agentliklərinə birdəfəlik yardımlar ayrıldı. Bundan əlavə, bir sıra jurnalistlər Prezident tərəfindən orden və medallarla təltif olundu. Bildiyiniz kimi, Azərbaycan mətbuatının beynəlxalq əlaqələri xeyli inkişaf etməkdədir. Ayrı-ayrı jurnalist təşkilatları, kütləvi informasiya vasitələri artıq xarici nəşrlər tərəfindən ciddi şəkildə izlənilir və beynəlxalq jurnalist təşkilatları tərəfindən tədbirlərə dəvət olunurlar. Bir sözlə, 2010-cu il Azərbaycan mətbuatı üçün bir çox uğurlarla yaddaqalan olacaq. 2010-cu ildə diqqətçəkən hadisələrdən biri də Prezident İlham Əliyevin Sərəncamı ilə jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 5 milyon manat həcmində vəsaitin ayrılması idi. Bir sözlə, 2011-ci il üçün ən böyük gözləntimiz ondan ibarətdir ki, jurnalistlər üçün nəzərdə tutulan mənzillərin tikintisinə başlanılsın. Bu mənzillər hansı şərtlər daxilində paylanılacaq? Bir sözlə, bu il mətbuat üçün başlanılan bütün müsbət işlərin davamını gözləyirik, inşallah.