İşsizlik, səfalət, uğursuzluq Ermənistanı öz cənginə alıb
Həm iqtisadi, həm siyasi cəhətdən tamamilə çökmüş vəziyyətdə olan Ermənistan başqa dövlətlərdən kömək istəyir, yəni açıq-aşkar dilənir. Hal-hazırda Ermənistandakı durum olduqca çox çətindir. Ermənistanın daxilində olan problemlər, qarışıq münasibətlər, özbaşınalıq, çətin ki, tez bir zamanda öz həllini tapsın. Haqsızlıq, özbaşınalıq Ermənistanda baş alıb gedir. İş, yemək axtarmaq, yaşamaq üçün ermənilərin yarıdan çoxu öz vətənlərini tərk edərək, başqa ölkələrə üz tutur. Bütün dünyaya meydan oxumaq niyyətində olan Sarkisyanın uğursuz siyasəti öz uğursuz nəticələrini verməkdədir. Onsuz da Ermənistan rəhbərliyi ölkəsində baş verən heç bir problemin öhdəsindən gələ bilmir və buna görə də, yəqin ki, istefaya getməlidir. Ümumiyyətlə, nə Dağlıq Qarabağ məsələsində, nə də daxildə gedən proseslərdə uğuru oldu. Ermənilərin məqsədi qətiyyən ölkənin inkişafı deyil, hansısa şəxsi maraqlarıdır. Azərbaycanın təkcə müdafiə xərclərinə ayırdığı vəsait Ermənistanın bütün büdcəsinə bərabərdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çox uğurlu siyasəti erməniləri bir növ kapitulyasiyaya məruz qoyub.
Millət vəkili Asəf Hacıyev "Səs"ə açıqlamasında bildirdi ki, kasıb, balaca, gücsüz bir Ermənistan ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin dəstəyinə güvənir. Neçə il ərzində bu üç dövlət Ermənistana müxtəlif yollarla öz maddi və mənəvi dəstəyini verib. Onların Ermənistana verdiyi əsas dəstək isə bütün danışıqlarda ermənilərin mövqeyinin müdafiə olunmasıdır, təcavüzə məruz qalmış Azərbaycanı layiqincə müdafiə etməməsidir.
Millət vəkilinin sözlərinə görə, Ermənistanın Azərbaycanla iqtisadi əlaqələr yaratmaq arzusundadır: "Dünyanın aparıcı ölkələrinin hamısında iqtisadi, hərbi güc və stabillik var. Bütün bu amillərin üçü də Azərbaycanda var. Azərbaycanın iqtisadi gücü çox yüksək səviyyədə olduğuna görə ermənilər Azərbaycanla iqtisadi əlaqələrini genişləndirmək arzusundadır. Bu isə, onu göstərir ki, Azərbaycan çox böyük, yenilməz ölkədir, ən əsası ölkəmizin daxilində stabillik var".
Millət vəkili əlavə etdi ki, Azərbaycan, nəinki regionda, hətta bütün MDB daxilində də böyük gücə, nüfuza malik olan dövlətdir. İstər müdafiə, istər iqtisadi cəhətdən bütün gücümüz var. Azərbaycanın yürütdüyü konstrukiv və real siyasətinin hamıya bəlli olduğunu bildirən A. Hacıyev qeyd etdi ki, ölkəmizin artan qüvvəsi, gücü, qüdrəti erməniləri qorxuya salır, sanki bir təlatüm içərisindədirlər. Axı, ermənilər başqa dövlətlərin köməyinə arxalanır. Ermənilər də çox yaxşı bilirlər ki, hər an müharibə başlayacağı təqdirdə, Azərbaycan Silahlı Qüvvələri, nəinki erməni qoşunlarını, hətta bütün Ermənistanı alt-üst edər.
Rusiyanın Ermənistana hərtərəfli dəstək verməsi məsələsinə toxunan A.Hacıyev vurğuladı ki, Ermənistan, əslində, Rusiyanın forpostudur. Ermənistanın tarixən dövlətçiliyi olmayıb. Eyni zamanda, Rusiyanın hesabına onun əlində bir alət olaraq, qonşu ərazilərinə iddiaları olub. Bu, 1918-ci ildə Gürcüstanla müharibəyə gətirib çıxarıb. Həmin vaxt Azərbaycanla da müharibəyə başlayıb. Ərazisi olmayan bu dövlət qonşu ərazilər hesabına özünə ərazi əldə etmək istəyib. Bütövlükdə isə, onu həyata keçirmək üçün Rusiyaya arxalanıb.
Millət vəkilinin sözlərinə görə, erməni faktoru regionda möhkəmlənmək üçün Rusiya hər zaman lazım olub. Tarixən olduğu kimi indi də həmin tendensiya sanki bir varislik olaraq saxlanmaqdadır.
Millət vəkili bildirdi ki, çox kiçik, aciz Ermənistan dövləti heç bir halda bütün parametrlərə görə, özündən qat-qat güclü, böyük olan Azərbaycan ərazisini işğal altında saxlaya bilməzdi. Bunun yeganə səbəbi var ki, Ermənistanın arxasında Rusiya dayanıb və ona görə də Rusiya dünyanın fövqəldövləti olmaq iddiasında olan və potsovet məkanını getdikcə öz nəzarətinə götürmək arzusu ilə yaşayan bir dövlətdir. Belə bir vəziyyətdə Rusiya yenə də Ermənistandan həmin böyük planları həyata keçirmək üçün istifadə edir.