PDF Oxu

Sosial

  • 11

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyi məlumat yayıb

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyi məlumat yayıb
Son günlər radikal müxalifətin nəzarətində olan mətbuat vasitələrində yenə də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Püsyan kəndində insan haqlarının pozulması, sakinlərin təzyiqlərlə üzləşməsi barədə yanlış məlumatlar verilir.
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyindən SİA-ya verilən məlumatda bildirilir ki, 2 saylı Şərur seçki dairəsindən Milli Məclisə deputatlığa keçmiş namizəd Əliyev Səxavət Musa oğlu seçki öncəsi də bu cür populist çıxışlar edib, bəyanatlar verməklə məşğul olmuş, lakin öz kəndində belə ətrafına tərəfdaş toplaya bilməmiş, biabırçı formada məğlub olduqdan sonra isə arxasına baxmadan Bakıdakı "dostlarının" yanına qaçıb. S.Əliyevin seçkiqabağı platforması və vədləri həmkəndliləri tərəfindən bu gün də yumorla xatırlanır. Keçmiş namizədin son yazılarından sonra isə "özünün təzyiqlərə məruz qalması barədə yazdıqları ilə qazanc əldə edə bilmədi, onun göstərdiyi "saxtakarlıq" barədə "faktlar" musavatın Mərkəzi Seçki Komissiyasında olan nümayəndəsinin hesabatına belə salınmadı, indi də qohum-əqrabasının döyülməsi barədə yalan məlumatlar verməklə gündəmdə qalmağa çalışır" kimi ifadələr Püsyan kənd sakinləri arasında ən çox müzakirə olunan söhbətlərdəndir.
10 dekabr 2010-cu il tarixdə Püsyan kəndində guya Səxavət Əliyevin qohumlarına təzyiq göstərilməsi və onların döyülməsi ilə əlaqədar yayılmış məlumatla bağlı olaraq bildiririk ki, Əliyev Çapay Musa oğlu parlament seçkilərindən sonra özünün və yaxın qohumlarının kənd ağsaqqallarına, ziyalılara və din xadiminə qarşı etdikləri nalayiq hərəkətlər qarşısında onlara göstərilmiş humanist münasibətdən nəticə çıxarmaq əvəzinə daha da azğınlaşıblar.
Çapay Əliyev həyətyanı sahəsində inşa etdiyi yöndəmsiz, sanitar qaydalara cavab verməyən, əvvəllər tövlə kimi istifadə etdiyi binada müvafiq lisenziya almadan qeyri-qanuni ticarətlə məşğul olub. Bununla bağlı olaraq Ç.Əliyevə bir neçə dəfə xəbərdarlıq edilmiş, qeydiyyatdan keçməsi üçün Vergilər İdarəsinə dəvət olunub. Lakin o, xəbərdarlıqlara məhəl qoymadan qanunsuz fəaliyyətini davam etdirmiş, müvafiq orqanların əməkdaşlarına qarşı təhqiramiz ifadələr işlədib.
Faktı araşdırmaq məqsədilə mağaza yerləşən əraziyə gedən müvafiq orqanların nümayəndələri Ç.Əliyev və ailə üzvləri tərəfindən aqressivliklə qarşılanmış, onlara qarşı nalayiq ifadələr işlədilərək əvvəlcədən hazırladıqları daş parçaları ilə əraziyə yaxınlaşmalarına imkan verməyiblər. Asayişin bərpa olunması üçün hadisə yerinə çağrılmış polis əməkdaşlarının təkidli tələbinə baxmayaraq Ç.Əliyev və ətrafındakılar sakitləşməmiş, əksinə orada olan əməkdaşları QHT və mətbuat nümayəndələrinə onlara təzyiq olunması barədə məlumat verəcəkləri ilə hədələyiblər. Öz vəzifəsini yerinə yetirən polis əməkdaşları asayişi bərpa etmiş və müvafiq orqanların əməkdaşlarının vəzifələrini yerinə yetirməsi üçün şərait yaradıblar.
Ç.Əliyev və ətrafında olan qadınların döyülməsi faktı isə yalan və böhtandan başqa bir şey deyildir. Səxavət Əliyevin qohumlarının dövlət orqanlarını "Ermənistandan sığınacaq istəmələri" ilə hədələməsi və bunu müxalifət mətbuatında bəyan etmələri isə onun və ailə üzvlərinin "vətənpərvərliyinin" dərəcəsini nümayiş etdirir.
Çünki Səxavət Əliyevin ailə üzvləri onun məsləhəti və icazəsi olmadan hərəkət etmirlər. Səxavət Əliyevə xatırlatmaq istərdik ki, 1992-ci ildən bu günə kimi demokratiya ilə anarxiyanı ayıra bilməməsi isə onun genetik qüsuru kimi başa düşüləndir.

Digər xəbərlər