Müxalifət düşərgəsi intriqalar mərkəzidir
Növbəti parlament seçkilərində biabırçı uğursuzluğa düçar olan müxalifət liderləri öz həmkarları tərəfindən böyük ittihamlarla üzləşirlər. Bu isə müxalifət düşərgəsində ziddiyyətlərin, partiya funksionerlərinin istefalarının artmasına gətirib çıxarır.
Müxalifət düşərgəsində yaranmış bu prosesə münasibət bildirən Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa "Səs" qəzetinə açıqlamasında radikal müxalifətin parlamentdə yer qazana bilmədiyini, digər konstruktiv müxalifətin isə parlamentdə yer tutduğunu söyləyib. Seçkidən sonrakı müxalifətin varlığı ilə bağlı məsələyə aydınlıq gətirən F.Mustafa bu gün hər bir cəmiyyətdə müxalifətin mövcud olduğunu bildirdi: "Amma müxalifətçiliyin zəifliyi, hər hansı təsir gücünə malik ola bilməməsi faktı var. Çox təəssüflər olsun ki, müxalifət zəifləyən istiqamətdə öz mövcudluğunu qoruyub saxlayır. Müxalifətdə münasibətlər yenə də pis olaraq qalır. Müxalifəti fərqləndirərkən, həmişə demişəm ki, ölkənin gələcəyinə biganə yanaşmayan müxalifət var, bir də məsuliyyətsiz müxalifət. Açığı bu gün cəmiyyətin problemlərinə məsuliyyətlə yanaşan müxalifətin mövqeləri də xeyli zəifdir. Belə bir məqamda, ümumiyyətlə, müxalifətçiliyin özünün böhranından danışmaq və daha yeni bir anlayışla, daha yeni bir keyfiyyətdə ortaya çıxmağı bacarmaq lazımdır. Hər halda, Azərbaycan cəmiyyətində dinamik siyasəti izləməklə istənilən nəticəyə nail olmaq olar. Gedişat bunu Milli Məclis müstəvisində göstərəcək. Ən azı cəmiyyətlə təmas tapa bilən qüvvələr, cəmiyyət tərəfindən daha çox dəstəklənmək imkanı qazanacaqlar".
"Bugünkü vəziyyətdə müxalifətin bir-birinə qarşı mübarizə aparması gözlənilən haldır" fikrini vurğulayan F.Mustafa müxalifətin apardığı siyasi mübarizənin aparıcı istiqamətində şəxsi ambisiyaların durduğunu da bildirib: "Yəqin siz də şahidi oldunuz ki, bu seçkilərdə müxalifət mübarizəni daha çox öz düşərgəsində, biri-birinə qarşı apardı. Seçkilərdə iştirak edən müxalif partiyaları öz uğursuzluqlarını vahid namizəd, bloklaşma, birləşmə ideyalarına aydınlıq gətirə bilməmələri ilə əlaqələndirdi. Göstərilən səbəbləri əsaslı saymaq olarmı? Əlbəttə. çünki bu, gözlənilən durum idi. Hakimiyyətdə yekcins komanda yaratmaq mümkündür. Amma müxalifətdə ideya birliyi yoxdur. Müəyyən münasibətlər fərqlidir. Belə bir vəziyyətdə bir-birinə qarşı mübarizə aparmaq gözlənilən idi və nəticə də belə olmalı idi. Parlamentdə müxalifətin hansı mövqedə olması, hara qədər idarə etməyə buraxılması artıq qaranlıqdır".
F.Mustafa müxalifətin uduzmasının səbəbini yenə də şəxsi ambisiyalarını həyata keçirmək və bu baxımdan da onların bir araya gələ bilməməsində olduğunu dedi: "Bir araya gəlsəydilər belə, uduzacaqdılar. Çünki şəxsi ambisiyalar onlarda o qədər güclüdür ki, ona görə də bu uğursuzluq real uğursuzluqdur. İndi Azərbaycanda istənilən dəyişikliyi gözləmək real deyil. Müxalifətin buna gücü yetməz. Düşünürəm ki, daxili intriqaların proseslərə çox təsiri yoxdur. Ümumiyyətlə, seçki prosesində xalqın seçkilərdəki rolunun düzgün qiymətləndirmək ən vacib amildir. Bu baxımdan da, müxalifət qüvvələrinin gözləniləndən az səs alması və məntəqələrdə qanunsuzluqların olmaması faktı var idi. Məhz bu səbəbdən də, həm sosial bazası olmayan, həm də intriqalarla məşğul olan radikal müxalifət bu uğursuzluğu bilirdi. Bir də birlik əsas məsələ deyil. Əsas, xalqın demokratiya hazırlığı məsələsidir. Digər tərəfdən AXCP (i) ilə Müsavat partiyasını elə də böyük güc hesab etmədiyimə görə bu məsələ barədə söz deməyi doğru saymıram. Bu partiyaların birliyi, yaxud ayrılığı seçkilərin nəticələrinə heç bir təsir edə bilməz.