PDF Oxu

Sosial

  • 12

Böyüklüyün Azərbaycan nümunəsi

Böyüklüyün Azərbaycan nümunəsi
Dünən Zəngilan rayon icra hakimiyyəti və YAP Zəngilan rayon təşkilatının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin vəfatının 7-ci ildönümünə həsr olunmuş geniş tədbir keçirildi.
Tədbir iştirakçıları, ilk öncə, Fəxri Xiyabana gedərək, Ümummilli Liderimiz Heydər Əliyevin məzarını ziyarət etdi, abidəsi önünə əklil və tər çiçəklər qoydular. İştirakçılar, həmçinin, görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad etdilər.
Sonra tədbir YAP Nərimanov rayon təşkilatının qərargahında keçirilən anım mərasimi ilə davam etdi. Tədbir iştirakçıları Ulu Öndərimiz Heydər Əliyevin ruhunu bir dəqiqəlik sükutla yad etdikdən sonra Zəngilan rayon icra hakimiyyətinin başçısı Vəli Quliyev çıxış edərək, Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 35 il müddətində gördüyü işlərdən, respublikada müxtəlif xalqlar arasında qurmuş olduğu dostluq və qardaşlıq münasibətlərindən danışdı. İcra hakimiyyətinin başçısı Ümummilli Lider Heydər Əliyevin zəngin və qədim tarixə malik bir xalqın ən böyük müstəqillik arzusunu həyata keçiritdiyini vurğuladı: "1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Ali Sovetin Sədri seçilməsi və Azərbaycan dövlətinin 10 il müddətində Prezidenti olması, xalqı ağır bəlalardan xilas edərək, çox güclü və müstəqil dövlət qurması prosesi hamının yadındadır. Onun bütün həyatı Azərbaycana həsr olunub. Ulu Öndərimiz müstəqilliyimizin həm iqtisadi, həm siyasi, həm də ideoloji əsasını hələ ötən əsrin 70-ci illərində Azərbaycana rəhbərlik etdiyi dövrdə qoymuşdur. Azərbaycanda milli şüurun oyanması, milli özünüdərkin inkişafı üçün o zaman O, çox böyük işlər görmüşdür. Ulu Öndərin qurub-yaratdığı müstəqil Azərbaycanı bu gün bütün dünya dövlətləri qəbul edir. Bu gün Onun gördüyü işləri davam etdirən ölkə Prezidenti İlham Əliyev cənabları müstəqil Azərbaycanı çiçəkənən və inkişaf edən dövlətə çevirmişdir.
Anım mərasimində çıxış edən YAP Zəngilan rayon təşkilatının sədri Əsəd Hüseynov Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu 30 ildən artıq dövrü xalqımızın tarixindəki rolundan danışdı. Ulu Öndərin Azərbaycana rəhbərliyinin 30 ilinin bir hissəsi sovet dövrünə təsadüf etsə də, Heydər Əliyev məhz bu illərdə, sovet imperiyasının sərt rejiminə baxmayaraq, Azərbaycanın gələcək müstəqilliyi üçün göstərdiyi misilsiz xidmətləri ilə tarixdə layiqli yerini qazanmışdır. Təşkilatın sədri Heydər Əliyevin dövlətçilik səriştəsinin, dərin zəkasının, fenomenal yaddaşının, insanları idarə etmək bacarığının nəticəsi kimi, Onun dünya siyasi arenasında böyük nüfuz qazandığını da bildirdi.
O bildirdi ki, xalqın sonsuz etimadı, millətin məhəbbəti və inamı ilə Ulu Öndərin hakimiyyətə qayıdışı yenicə müstəqillik qazanmış Azərbaycanın az qala siyasi xəritədən silinmək ərəfəsində olduğu bir dövrə təsadüf etdi. Xalqın son ümid yeri Heydər Əliyev idi. Dünyanın siyasi axarını, nəhəng dövlətlərin maraqlarının çarpazlaşan nöqtələrini çox gözəl bilən Heydər Əliyev dərin zəkası, siyasi uzaqgörənliyi və məntiqi ilə hər şeyi yerinə qoya bildi.
Tədbirdə partiya fəallarından Əyyub Bayramov, Zaur Nəcəfov, Mübariz Qurbanov və başqaları çıxış edərək, Ulu Öndər Heydər Əliyevin zəngin və mənalı həyat yolundan, Onun xilaskarlıq missiyasından, Azərbaycan xalqının çətin günlərində göstərdiyi misilsiz xidmətlərindən söz açıb, yürütdüyü məqsədyönlü daxili və xarici siyasətin nəticəsi olan bugünkü inkişafdan danışdılar. Çıxış edənlər onu da bildirdilər ki, Azərbaycanın bugünkü bütün nailiyyətləri məhz Heydər Əliyevin sayəsində mümkün olmuşdur. Əsası Heydər Əliyev tərəfindən qoyulmuş dövlət siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu uğurların əsasını qoymuş Ulu Öndər Heydər Əliyevin adı isə qədirbilən Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.

Digər xəbərlər