Müstəqil, dünyəvi, çiçəklənən Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin vəfatından 7 il ötür. Ulu Öndər Heydər Əliyev ölkəmizin demokratik tərəqqisində, beynəlxalq aləmə inteqrasiyasında kütləvi informasiya vasitələrinin rolunu çox yüksək qiymətləndirir, milli mətbuatın inkişafına xüsusi diqqət yetirirdi. Məhz buna görə də, Ulu Öndər Heydər Əliyev hələ əbədiyyətə qovuşmamışdan öncə mətbuatın dostuna, hamisinə çevrilmişdi. Odur ki, bu gün milli mətbuatımız bu itkini ürək ağrısı ilə xatırlayır, Ümummilli Liderimiz Heydər Əliyevin əbədi xatirəsini böyük hörmətlə, minnətdarlıq hissi ilə yad edirlər.
Sevinc Seyidova,
"Həftə içi" qəzetinin baş redaktoru:
- Ulu Öndərimiz Heydər Əliyevin vəfatından 7 il ötür. Azərbaycanın çağdaş tarixində xüsusi rolu olan Dahi Öndər Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəldi. Ölkənin iflic olmuş bütün sahələri Ümummilli Liderin uğurlu siyasəti nəticəsində inkişaf etdi.
Azərbaycan mətbuatının inkişafında da ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri var. Ulu Öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda kütləvi informasiya vasitələri dövlət qayğısı ilə əhatə olundu. Mətbuat vergilərdən azad edildi, qəzetlərin UAzərbaycanF nəşriyyatına olan borcu ləğv edildi, senzura aradan qaldırıldı. Hətta qəzetlərin kiril əlifbasından latın əlifbasına keçməsi də milli liderin zamanında baş verib. Ulu Öndər Heydər Əliyev tez-tez mətbuat işçiləri ilə görüşür, KİV nümayəndələrinə geniş müsahibə verir, onların hər hansı məsələ ilə bağlı suallarına fəal münasibət bildirirdi. Dahi Lider həm xarici səfərlərə gedərkən, həm də vətənə dönərkən hava limanında jurnalistlərlə görüşür, səfəri barədə məlumat verir və media işçilərini maraqlandıran sualları cavabladırırdı. Dünya azərbaycanlılarının ümummilli lideri çalışırdı ki, siyasi fəaliyyətinin bütün hissəsi media üçün açıq olsun.
Tez-tez mətbuat təmsilçiləri, jurnalistlərin vəziyyəti ilə maraqlanan Ulu Öndər vaxt tapdıqca onlarla səmimi görüşlər də keçirirdi. Hətta görüşlərdə çox zaman özü söhbəti qeyri-siyasi müstəviyə çəkir, jurnalistlərin yaşam tərzi, sağlamlığı, hətta nəyi sevib, nəyi sevmədikləri barədə maraqlanırdı. Haqqında yazılan bütün yazılara dözümlü yanaşmaqla milli lider məmur-jurnalist münasibətlərinin ideal formasını Azərbaycandakı vəzifə adamlarına göstərə bilmişdi. Dəfələrlə müşavirələrdə nazirlərə tapşırırdı ki, qəzetlərə, jurnalistlərə qarşı dözümlü olun. UGörürsünüz, mənim haqqımda da çox şey yazırlar. Amma mən bunlardan narahat deyiləm. Siz bu yazılanların cavabını əməli işlərinizlə verinF. Bu cür humanist müraciətdən sonra neçə-neçə nazir və digər vəzifə sahibləri məhkəməyə verdikləri qəzetləri bağışladılar. Bütün bunlar mərhum prezidentin ölkə mətbuatının inkişafında nə qədər maraqlı olduğunu sübut edən danılmaz faktlardır.
Məhz bu siyasətin nəticəsidir ki, Ümummilli Liderimiz Heydər Əliyev 2002-ci ildə UJurnalistlərin dostuF mükafatına layiq görülüb. Milli lider mətbuatın maddi-texniki bazasının təkmilləşdirilməsinə də daim böyük əhəmiyyət verib. 2001-ci ildə dövlət idarəetmə strukturunda gerçəkləşdirilən böyük islahatlar çərçivəsində kütləvi informasiya vasitələrinin, o cümlədən, elektron vasitələrin fəaliyyətinin lisenziyalaşdırılması sistemində müəyyən dəyişikliklər edildi.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan kütləvi informasiya vasitələrinə diqqət və qayğı siyasəti bu gün də davam etdirilir.
Akif Aşırlı,
"Şərq" qəzetinin baş redaktoru:
- Ümummilli Lider Heydər Əliyev hər zaman Azərbaycan mətbuatına xoş münasibəti olub. Azərbaycanda müstəqil qəzetçilik ənənələrinin formalaşmasında və jurnalistikanın inkişafında Heydər Əliyevin vermiş olduğu sərəncamların və qərarların çox mühüm əhəmiyyəti vardır. Ulu Öndər Heydər Əliyevin hakimiyyəti zamanı 1998-ci ilin avqust ayında senzura aradan qaldırıldı və birdəfəlik olaraq, qəzetlər qadağaları olmadan çap prosesinə başladı. Latın qrafikasına keçid də məhz bu dönəmdə həyata keçirilibdir. Bir sözlə, Ulu Öndər Heydər Əliyev Azərbaycanda ziyalının mövqeyini çox düzgün dəyərləndirən bir siyasətçi idi. Ulu Öndərimizlə bir neçə dəfə jurnalistlərin görüşü olubdur və o görüşün də çox müsbət nəticələrini biz xatırlayırıq. Bir dəfə isə o, görüşlərin birində, qəzetlərin UAzərbaycanF Nəşriyyatına kifayət qədər borclu olduğu söylənildi. Bundan sonra Ulu Öndər Heydər Əliyevin qərarı ilə həmin borclar donduruldu. Bir müddətdən sonra isə sözügedən həmin o borclar tamamilə silindi. Bütün bunların hamısı Ulu Öndərin ölkə mətbuatı üçün etmiş olduğu xeyirxah işlər, əməllərdi. Heydər Əliyev hər zaman mətbu sözün gücünü çox yüksək dəyərləndirən bir siyasətçi olub. Biz mətbuat işçiləri, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mətbuatının inkişafında gördüyü bu işləri həmişə dəyərləndirmişik və dəyərləndiririk.