Faktaraşdırıcı missiyanın hesabatı niyə gecikir?
ATƏT-in üç həmsədr dövləti - Amerika, Fransa və Rusiyanın regionda əsas rolu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə sülh yolu ilə nail olmaqdan ibarətdir. Artıq 16 ilə yaxındır ki, faktaraşdırıcı missiyanın dəfələrlə regiona səfərləri olub, görüşlər keçiriblər, bəyanatlar veriblər. Amma çox təəssüflər ki, həmsədrlərin verdiyi bəyanatlar Dağlıq Qarabağ münaqişəsinin həllində indiyə qədər heç bir əhəmiyyətli rol oynamayıb.
Hətta Ermənistan var qüvvəsi ilə çalışır ki,"DQR"-in tanınsın. Belə olan halda, faktaraşdırıcı missiyanın hansı xeyirli missiyasından danışmaq olar? Sanki üç həmsədr sərsəm Sarkisyanın nazı ilə oynayır. Əgər Azərbaycan kimi Amerika, Rusiya və Fransanın torpaqlarının yarısı düşmən tapdağı, işğalı altında olsaydı, onlar bizim qədər bu zülmə dözə bilərdilərmi? Faktaraşdırıcı missiyanın regiona növbəti səfərinin hesabatı hələ də kecikir. Yəqin ki, bu hesabatı da gecikdirən amillər var. Çünki faktaraşdırıcı missiya istəmir ki, Ermənistanın əleyhinə danışsın və cüzi olaraq da Sarkisyanın "xətrinə" dəysin. Bu hesabatın gecikməsi ilə bağlı millət vəkili Elman Məmmədov açıqlamasında bildirdi ki, faktaraşdırıcı missiya qarşılarına qoyduğu məqsədi guya ki, icra etdilər. Yəni ki, Azərbaycanın işğal altında olan torpaqlarında olublar və gördüklərini də olduğu kimi açıqlayacaqlar. Əslində, bu fikir reallığı özündə əks etdirmir. Hesabatın hazırlanıb tərəflərə, eyni zamanda, ATƏT-ə tam hazır formada təqdim olunması üçün həmsədrlərə ən çoxu bir həftə vaxt lazım idi. Axı Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edən bu hesabatı faktaraşdırıcı missiya nə məqsədlə gecikdirir?
Millət vəkili qeyd etdi ki, həmsədrlər hesabatın hazırlanmasında müstəqil deyillər. Doğrudur, işğal zonasında olan torpaqlarda gördükləri qanunsuzluğu, özbaşınalığı və digər iyrənc əməlləri öz dövlətlərinə olduğu kimi bildirəcəklər. Artıq o zaman dövlətlərindən hansısa göstərişi aldıqdan sonra mətbuata istədiyi açıqlamanı verəcək və istədiyi mövqedən çıxış edəcəklər. Bu isə, artıq həmsədr dövlətlərin, eyni zamanda, ATƏT rəhbərliyinin Azərbaycan və Ermənistana olan münasibətlərindən asılı olacaq.
- "Əksər dövlətlərin eləcə də, Rusiya və Amerikanın Ermənistan kimi "işğalçı dövlət"i adı ilə çağırmamaları həmin dövlətlərin Dağlıq Qarabağ münaqişəsinə ikili standartdan yanaşması kimi qiymətləndirmək olarmı" sualını millət vəkili belə cavablandırdı: " Burada söhbət həmin dövlətlərin Cənubi Qafqaza olan öz strateji maraqlarıdır. Yəni bu prizmadan da baxmaq olar. Neçə illərdir ki, bu regiona Rusiya imperiyası nəzarət edibdir. İndi isə bu qədər hegamonluqdan sonra nəzarəti əlindən vermək istəmir və bu məqsəd uğrunda da mübarizə aparır. Bunun üçün də, həmişə olduğu kimi, Ermənistan onun dayaq nöqtəsi və forpostudur. Əgər Ermənistanın regionda mövqeyi zəifləsə, Rusiya Ermənistana nəzarəti əldən versə, Rusiya təkcə C.Qafqaza deyil, eyni zamanda, Yaxın Şərqə də nəzarəti əldən vermiş olar".
Millət vəkili bildirdi ki, Rusiya hər zaman bəyan edir ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasını biz də istəyirik. Amma münaqişə həll olunub bitsə, üç Qafqaz dövləti arasında dostluq, əməkdaşlıq yaransa, Rusiyaya artıq ehtiyac qalmayacaq. Rusiya sırf bu münaqişələr vasitəsilə regiona nəzarət edir.
Millət vəkili onu da əlavə etdi ki, digər tərəfdən də NATO, Avropa və Amerika Cənubi Qafqaza girmək və Rusiyanı sıxışdırıb bölgədəki mövqeyini zəiflətmək istəyirlər. Çünki onlar özləri də Rusiya kimi yeni ərazilər, enerji bazaları əldə etmək istəyirlər. Bu səbəbdən də, bu gün Rusiya ilə NATO, Avropa və Amerika arasında Qafqaza nəzarət uğrunda gizli və qızğın mübarizə gedir. Ona görə də bütün bu məsələlərdə rusların ehtiyatlanmalarının səbəbləri var. Azərbaycan isə, sanki bir növ böyük güclərin maraqlarının qurbanına çevrilib.
E.Məmmədov Rusiyanın danışmağa heç bir haqqının olmadığını bildirdi: "Çünki tam səlahiyyətlə təmin olunublar, lakin Dağlıq Qarabağ münaqişəsinin həllindəki fəaliyyətlərinin heç bir nəticəsi yoxdur. Əksinə, problemin həllinə fəaliyyətləri ilə əngəllər törədiblər. ATƏT-in Minsk Qrupunun fəaliyyətlərinin o zaman nəticəsi olacaq ki, məcburi qaçqınlar öz yurd-yuvasına qayıtsınlar. Fəaliyyətsizliklərinə görə, hətta onları günahlandırmaq da olar".
Millət vəkilinin sözlərinə görə artıq ATƏT-in Minsk Qrupu formatından imtina olunmalıdır. Daha güclü və nüfuzlu formatlara keçmək lazımdır. Çünki Dağlıq Qarabağ münaqişəsində məsələnin sülh yolu ilə həlli prosesində ATƏT-in Avropa məkanında nüfuzu yetərli olmalıdır.
Astana Sammiti bir daha onu göstərdi ki, cənab Prezidentimiz İlham Əliyevin bu istiqamətdə apardığı siyasət çox düzgün, qəti və müdrik bir siyasətdir və bu siyasət nəticəsində torpaqlarımız tezliklə geri qaytarılacaq.