"Bu il Azərbaycanın dövlət sərhədinin mühafizəsi baxımından çox əlamətdar olub"
"2010-cu il Azərbaycanın dövlət sərhədinin mühafizəsi baxımından çox əlamətdar olub". APA-nın xəbərinə görə, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi Elçin Quliyev bildirib. Onun sözlərinə görə, bu il Rusiya ilə dövlət sərhədinin delimitasiyasına dair sənəd imzalanıb və bu, böyük tarixi əhəmiyyət kəsb edir. E. Quliyev deyib ki, DSX qarşıya qoyulan tapşırıqların icrasını yüksək səviyyədə davam etdirir: "Qarşıya qoyulan tapşırıqlar tam yerinə yetirilib". Onun sözlərinə görə, bu il ərzində 30-a yaxın sərhəd zastava kompleksi açılıb, zabit ailələri üçün yaşayış evləri istifadəyə verilib. DSX-nin 400-ə yaxın zabiti xidməti yaşayış evləri ilə təmin olunub.
E.Quliyev sərhəd mühafizəsində yeni texnologiyaların tətbiqi istiqamətində işlərin aparıldığını da qeyd edib: "Bir çox ərazilərdə bu sistemləri tətbiq edirik. Cənub, şimal, şimal-qərb sərhədlərinin zastavaları ən müasir texniki avadanlıqlarla təchiz olunub. Bu isə sərhəd mühafizəsini daha effektiv qurmağa zəmin yaradır".
DSX rəisi il ərzində yeni silah-sursat, avadanlıqlar, zirehli texnikalar alındığını da açıqlayıb.