Bəlli olduğu kimi, bir müddət əvvəl Prezident İlham Əliyevin Sərəncamı ilə mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 5 milyon manat vəsait ayrılmışdı. Tezliklə nəzərdə tutulan müvafiq binaların inşasına başlanılacaq. Bunu necə qiymətləndirirsiniz? Sizcə, mənzillərin paylanılması prosesinin hansı formada həyata keçirilməsi daha məqsədəuyğundur? Bu suallara aydınlıq gətirmək üçün baş redaktorlara müraciət etdik.
Cəmmaləddin Quliyev,
"Paritet" qəzetinin baş redaktoru:
- Jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyev tərəfindən atılmış bu addım çox humanist bir addımdır. Bildiyiniz kimi, mətbuat işçilərinin mənzillə bağlı bir qədər problemləri vardı. Ancaq Prezident tərəfindən, sözügedən Sərəncam imzalanandan sonra bu problemin həlli istiqamətində imkanlar yaranıb. Qaldı ki, bu binanın nə vaxt tikilməsinə, yəqin ki, onu fond müəyyən edəcəkdir.
Bildiyiniz kimi, fondun icraçı direktoru Vüqar Səfərli evlərin paylanılması ilə bağlı müəyyən şərtləri açıqlayıb. Burada fond hesab edir ki, şəffaflığın təmin olunması üçün jurnalistlərin fərdi qaydada müraciəti daha məqsədəuyğundur. Amma bu zaman hansı şərtlər, daxili müraciətlər olacaq, hələ ki, bunlar açıqlanmayıb. Ona görə də, bununla bağlı bir söz demək tezdir.
Akif Aşırlı,
"Şərq" qəzetinin baş redaktoru:
- Təbii ki, Prezidentin verdiyi bu Sərəncamı çox yüksək qiymətləndirirəm. Ona görə ki, jurnalistlər cəmiyyətin ən çox sosial ehtiyacı olan təbəqəsidir. Bu baxımdan cənab Prezidentin verdiyi bu Sərəncamın jurnalistlərin sosial məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində, dövlətin verdiyi ən mühüm bir qərardır. Bunu Prezident İlham Əliyevin Azərbaycan jurnalistlərinə, müstəqil mətbuatın inkişafına verdiyi bir önəm kimi dəyərləndirirəm. Düşünürəm ki, 5 milyon manat vəsaitnən mənzilə ehtiyacı olan jurnalistlərin mənzillə bağlı problemlərini müəyyən qədər həll etmək mümkündür.
İlk öncə, sözügedən bina tikilsin ki, sonra bu mənzillərin paylanılması ilə bağlı işlər görülsün. Bu gün Azərbaycan da peşəkar jurnalistlərin sayı o qədər çox deyil. Yəni, öz sırf peşə fəaliyyəti ilə məşğul olan jurnalistlər var. Həmin mətbuat işçilərinin müəyyən hissəsi isə kirayədə yaşayır. Onlar öz peşə dəyərlərinə sadiq qalıb, öz qələminə hörmətlə yanaşıb və Azərbaycanda müstəqil mətbuatın inkişafına töfhə veribdir. Bir sözlə, həmin jurnalistlər mənzillə təmin olunmalıdır. Yəni tikilən evlər ehtiyacı olan jurnalistlərə verilsin.