"Heydər Əliyev Türk dünyasının birliyi üçün çox işlər görüb"
"Heydər Əliyev Türk Dünyasının böyük şəxsiyyətlərindən biri idi". Bunu Şimali Kipr türklərinin lideri, ŞKTC-nin qurucu prezidenti Rauf Denktaş "XXI əsrdə Türk Dünyası" adlı uluslararası Simpoziumda iştirak edən millət vəkili Qənirə Paşayeva, Azərbaycan Vətən Müharibəsı Veteranları Birliyinin sədr müavini Mübariz Quliyev və Dünya Gənc Türk Yazarlar Birliyi başqanı, Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı ilə görüşündə deyib. O, Türk dünyasının bu günü və gələcəyi, Azərbaycan dövlətinin Türk Dünyası birliyi istiqamətində gördüyü işlər, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin bu sahədə həyata keçirdiyi böyük fəaliyyəti, habelə Türkiyənin Azərbaycandakı səfirliyində çalışmış sabiq diplomat Turqut Ərin məlum kitabına dair fikirlərini bildirib: "Bu cür fikirlər yazarın fikirləridir, millətin, toplumun deyil. Heydər Əliyev dünyanı, uluslararası münasibətləri bilən, ölkəsini inkişaf etdirən böyük bir dövlət adamı idi. Türk dünyasına, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına böyük əmək vermiş bir şəxsiyyətdir. Onun haqqında yanlış fikirlərin yazılmasını doğru hesab etmirəm".
R.Denktaş ümummilli lider Heydər Əliyevin Türk Dünyasının birliyi yönündə fikir və düşüncələri, fəaliyyəti barədə danışarkən deyib: "Heydər Əliyevi rəhmətlə anıram. Yaxşı xatırlayıram, o, Süleyman Dəmirəl və mən birlikdə İspartaya gedirdik. Yol boyu təyyarədə çoxlu söhbətlər etdik. Azərbaycan, Türkiyə, Kıprısla bağlı... Və mən gördüm ki, o, bizim problemlərimizi nə qədər dərindən bilir... Bir sözlə, böyük dövlət adamı idi, Türk dünyasının birliyi üçün çox işlər görürdü və indi də övladı, prezident İlham Əliyev onun yolunu uğurla davam etdirir. Bunu qardaş Azərbaycanın bir şansı olaraq görürəm."