PDF Oxu

Sosial

  • 15

Əlillərin sosial müdafiəsi gücləndirilir

Əlillərin sosial müdafiəsi gücləndirilir
Azərbaycanın iqtisadi inkişafı sürətləndikcə, ölkədə sosial müdafiə proqramlarının miqyası daha da genişlənir. Əhalinin sosial müdafiəsinin iqtisadi inkişafın əsas məqsədi kimi müəyyən olunması və bu siyasətin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin bütün aztəminatlı təbəqəsinə, o cümlədən, əlil pensiyaçılara dövlət qayğısı ilbəil artır.
Çünki əlil vətəndaşlarımız cəmiyyətin ən çox qayğıya ehtiyacı olan təbəqələrinin biridir. Lakin onların çoxunun maddi və ya hər hansı digər yardımdan çox adi mənəvi yardıma ehtiyacı vardır. Belə şəxslərin əksəriyyəti özlərini cəmiyyətdən təcrid olunmuş kimi görmək istəmir, müxtəlif tədbir və görüşlərdə fiziki imkanları çərçivəsində iştirak etməyə can atırlar. Buna görə də əlillərin sosial vəziyyətinin və maddi durumunun yaxşılaşdırılması, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşamasını təmin etməkdən ötrü dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən 3 Dekabr Beynəlxalq Əlillər Günü Ümummilli Liderimiz Heydər Əliyevin müvafiq Sərəncamı ilə 1994-cü ildən etibarən respublikamızda da qeyd olunmağa başlanmışdır. Ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə bu il müxtəlif kateqoriyalardan olan əlillərin müavinətləri artırılmışdır. Heydər Əliyev Fondunun rəhbəri, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanını səyləri nəticəsində bir çox əlil evləri əsaslı təmir olunmuş, müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılmışdır. Dövlət səviyyəsində əlil vətəndaşlara olan qayğı ölkəmizin bütün guşələrində də öz əksini tapmaqdadır.
Dünən 3 Dekabr Beynəlxalq Əlillər Günü ilə əlaqədar Səbail rayon icra hakimiyyətində 100 nəfərdən çox əlillərlə görüş keçirilib. Görüşdə çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov ölkə Prezidenti İlham Əliyevin əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Səbail rayonunda həyata keçirilən işlərdən danışıb. A.Əsgərov Səbail rayonunda qeydiyyatdan keçmiş 3550 nəfər müxtəlif əlillik dərəcəsinə malik vətəndaşın yaşadığını söyləyib. Bunların arasında əmək, Böyük Vətən və Qarabağ müharibəsi əlilləri, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlər, həmçinin, gözdən əlillər, anadangəlmə xəstələr və müxtəlif səbəblərdən əlil olmuş insanlar vardır. A.Əsgərov bildirib ki, əlil vətəndaşla, xüsusilə də, əlil uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər üzvünün borcudur: "Bununla əlaqədar əlillərlə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi dövlət tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır. Belə ki, əlil uşaqların təhsil almalarının təmini üçün yaradılan təhsil müəssisələrindən biri Səbail rayonunda fəaliyyət göstərən 219 saylı evdə məktəbdir. Hazırda bu məktəbdə müxtəlif dərəcəli əlilliyi olan 780 nəfər uşaq 11 illik təhsil alır. Onlara 250 nəfər müəllim dərs keçir. Burada təhsilin səviyyəsi digər məktəblərdəkindən fərqlənmir, bir çox əlil uşaqların savadı adi məktəblərdəkilərdən də üstün olur".
Sonra tədbirdə iştirak edən əlillərə Səbail rayon icra hakimiyyəti tərəfindən maddi yardım göstərilib, hədiyyələr təqdim olunub.
Tədbirin sonunda bir qrup incəsənət nümayəndələri əlillər qarşısında konsert proqramı ilə çıxış ediblər.

Digər xəbərlər