PDF Oxu

Sosial

  • 19

Mətbuat Şurasında Türkiyənin media təmsilçiləri ilə görüş olub

Mətbuat Şurasında Türkiyənin media təmsilçiləri ilə görüş olub
Dünən Azərbaycanda səfərdə olan Türkiyənin media təmsilçilərindən ibarət nümayəndə heyəti Azərbaycan Mətbuat Şurasında olub. Qurumdan SİA-ya verilən xəbərə görə, nümayəndə heyətinin tərkibinə Türkiyə Cümhuriyyəti Başbakanlıq Basın-Yayın və Enformasiyon Genel müdiri Murat Karakaya, qurumun təmsilçiləri Bahəddin Akyön, Abdullah Uzun, İsmail Kozan, həmçinin TRT-nin təmsilçiləri, Türkiyənin nüfuzlu ali məktəblərinin jurnalistika fakültələrinin mütəxəssisləri daxildir. Qonaqları salamlayan Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Türkiyə və Azərbaycan mediası arasındakı əlaqələrin tarixindən söhbət açıb. Bildirib ki, Azərbaycan ictimai fikri həmişə ümumtürk ictimai fikrindən qidalanıb. "Əli bəy Hüseyenzadə, Əhməd Ağaoğlu, Ziya Göyalp kimi müştərək dühalarımız var", - deyə o bildirib. Ə.Amaşov gənc müstəqil dövlət olan Azərbaycanın Türkiyə ilə münasibətlərində media faktorunu önə çəkib. Onun sözlərinə görə, hər iki ölkənin mediası müasir dövrdə bir sıra tarixi sınaqlardan üzüağ çıxmağı bacarıb. Müxtəlif siyasi proseslərə, o cümlədən Türkiyə və Azərbaycan arasındakı əlaqələrə maneə olan qüvvələrə qarşı ortaq mövqe nümayişini bacarıb. Türkiyə mediasının Qərb mediasının mühüm tərkib hissəsi olduğunu deyən Şura sədri onun təcrübəsinin öyrənilməsinin və tətbiqinin zəruri olduğunu önə çəkib. "Azərbaycan Mətbuat Şurası Türkiyə təcrübəsinin öyrənilməsinə böyük önəm verir. Müxtəlif illərdə Şuranın təşəbbüsü və Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə hər iki ölkənin media təmsilçilərinin iştirak etdikləri konfranslar və seminarlar keçirilib. Eyni zamanda Azərbaycan nümayəndə heyətinin Türkiyəyə səfərləri təşkil olunub", deyən Ə.Amaşov bütün bunları qarşılıqlı əməkdaşlığın gücləndirilməsində vacib amillər kimi sadalayıb. MŞ sədri hər iki ölkənin media sahəsindəki əlaqələrinin dərinləşməsində, səmərəli əməkdaşlığın qorunmasındakı xidmətlərinə görə Türkiyə Cümhuriyyəti Başbakanlıq Basın-Yayın və Enformasiyon Genel müdiri Murat Karakayanı Azərbaycan Mətbuat Şurasının xüsusi diplomu ilə təltif edib. Mətbuat Şurasına təşəkkürünü bildirən Karakaya Azərbaycana hər bir səfərinin böyük əhəmiyyət daşıdığını bildirib. O deyib ki, müxtəlif sahələrdə birgə uğurlu nəticələr əldə edən ölkələrin media sahəsində də əməkdaşlığının sistemli xarakter alması zəruridir.

Digər xəbərlər