Bəlli olduğu kimi, bir müddət əvvəl, Prezident İlham Əliyevin Sərəncamı ilə mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 10 milyon manat vəsait ayrılmışdı. Bu məbləğlə müvafiq binaların inşasına başlanılacaq. Bunu necə qiymətləndirirsiniz? Sizcə, mənzillərin paylanılması prosesinin hansı formada həyata keçirilməsi daha məqsədəuyğundur? Bu suallara aydınlıq gətirmək üçün baş redaktorlara müraciət etdik.
Elçin Mirzəbəyli,
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru:
- Azərbaycan dövlətinin, mətbuatın inkişafı istiqamətində atdığı digər addımlar kimi, bu da olduqca müsbət və önəmli bir addımdır. Bildiyiniz kimi, uzun müddət idi ki, mətbuatın 135 illiyi ərəfəsində, jurnalistlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində müzakirələr aparılırdı. Nəzərə alsaq ki, atılan bu addım bu günə qədər dünyanın heç bir ölkəsində atılmayıb. Azərbaycan dövlətinin öz mətbuatına və jurnalistlərə münasibətdə atdığı bu addım olduqca yüksək dəyərləndirməlidir.
İlk növbədə, konkret olaraq, jurnalistin mənzilə ehtiyac faktları əsas götürülməlidir. Eyni zamanda, təcrübə, peşəkarlıq, və xidmət. Bir sözlə, bütün bu amillər sıralanaraq, əsas götürülməlidir. Bu prosesin, bütövlükdə, tamamilə şəffaf aparılacağına şübhə etmirəm. Hesab edirəm ki, fondun da, Mətbuat Şurasının da bu istiqamətdə kifayət qədər təcrübəsi var. Bu baxımdan da, müvafiq bir komissiya yaradılacaq və həmin komissiya da sözügedən mənzillərin jurnalistlərə paylanılması prosesində balansın qorunmasına, ədalətli, obyektiv addımların atılmasına dəstək verəcək və yardım göstərəcək.
Natiq Məmmədli,
"Kaspi" qəzetinin baş redaktoru:
- Bu, müstəsna dərəcədə əhəmiyyətli bir məsələdir. Azərbaycan jurnalistlərinin sosial problemlərinin həlli istiqamətində atılan bu addım çox təqdirəlayiq bir haldır. Burada dövlət jurnalistləri digər sosial təbəqələrdən ayırmır və onların problemlərinin həlli istiqamətində dünyada analoqu olmayan bir jest edir. Bir sözlə, biz bunu ürəkdən alqışlayırıq.
Evlərin paylanılması məsələsində irəli sürülən təkliflərə toxunan N.Məmmədli bu prosesin iki variant üzrə həll etməyin mümkünlüyünü bildirdi. Birincisi, redaksiyaların özləri evi olmayan jurnalistləri təqdim etsinlər. Çünki redaksiyalar öz əməkdaşlarını daha yaxşı tanıyırlar. İkinci isə, mənzilə ehtiyacı olan jurnalistlərin özləri müraciət etsinlər. Bu fikrin hər ikisində bir həqiqət var. Ancaq burada subyektiv bir amil rol oynayır ki, müəyyən sui-istifadə halları ola bilər. İkinci variantda isə, bir çox jurnalist eyni vaxtda KİV-ə Dəstək Fonduna müraciət edəndə, onda hansı mənzərə yaranacaq, onu mən təssəvvür edə bilmirəm. Bir sözlə, orada vəziyyət çox çətin olacaqdır. Mənim öz şəxsi qənaətim ondan ibarətdir ki, bu, ilk təşəbbüsdür. Azərbaycanda da sayılıb-seçilən mətbuat orqanları fəaliyyət göstərir. Bu orqanların adı hər il iyul ayının 22-də cənab Prezidentin Sərəncamında öz əksini tapır və cənab Prezident isə həmin qəzetlərə və jurnalist təşkilatlarına birbaşa vəsait ayırır. Yəni, bunu demək istəyirəm ki, bu qəzetlər, gündəlik nəşr olunur və onların kollektivləri jurnalist fəaliyyəti ilə peşəkar tərzdə məşğul olur. Prezident İlham Əliyev də sağ olsun ki, bunu qiymətləndirir. Mən təklif edərdim ki, mənzilə ehtiyacı olan və öz işi ilə ciddi şəkildə, peşəkarcasına məşğul olan, uzun illər bu sahədə çalışan jurnalistlər müvafiq yaşayış sahələri ilə təmin olunsun.