Azərbaycanda 2 mindən çox insan AİDS-ə yoluxub
Ombudsman Aparatından SİA-ya verilən məlumata görə, İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın təşəbbüsü ilə 1 dekabr - Ümumdünya AİDS-lə mübarizə günü münasibətilə Liderlik məktəbində tədbir keçirilib. Tədbirin məqsədi bu ağrılı problemin bir daha diqqətə çatdırılması, ölkəmizdə AİDS-ə qarşı mübarizə istiqamətində görülmüş işlər barədə uşaqların məlumatlandırılması olub.
Tədbirdə BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODC) layihə rəhbəri Arzu Quliyeva, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin AİDS-lə Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirova, nazirliyin Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun əməkdaşı Leyla Məmmədova, Ombudsman Aparatının əməkdaşları, valideynlər və şagirdlər iştirak ediblər.
E.Süleymanova fəaliyyətində digər hüquqlarla yanaşı, AİDS-ə yoluxmuş şəxslərin hüquqlarının müdafiəsinin mühüm yer tutduğunu, bu sahədə UNODC və AİDS-lə Mübarizə Mərkəzi ilə sıx əməkdaşlıq əlaqələrinin yaradıldığını diqqətə çatdırıb. Ombudsman Azərbaycanda bu xəstəliyə yoluxmuş 2 mindən çox insanın olduğunu, bu amansız xəstəliyin cavanlaşdığını və artıq uşaqlar arasında da yayıldığını təəssüf hissi ilə qeyd edib. AİDS-lə Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirova Azərbaycanda AİDS-dən 318 nəfərin dünyasını dəyişdiyini, ölkə vətəndaşlarının 64 faizinin bu xəstəliyə narkotiklərdən istifadə nəticəsində yoluxduğunu söyləyib.