PDF Oxu

Sosial

  • 11

Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin anım mərasimi keçirilib

Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin anım mərasimi keçirilib
Azərbaycan Mətbuat Şurasında (MŞ) Azərbaycanın Milli Qəhrəmanı, əməkdar jurnalist Alı Mustafayevin anım mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasim Azərbaycan torpaqları uğrunda döyüşlərdə şəhid olan bütün jurnalistlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
MŞ-nin sədri Əflatun Amaşov şəhid jurnalist Alı Mustafayevin həyatı və yaradıcılığı ilə bağlı danışıb. Ə.Amaşov bildirib ki, A. Mustafayevin istər Milli Məclisdə müxbir kimi çalışdığı, istərsə də Qarabağ münaqişəsi ilə bağlı hazırladığı reportajlar onun bir vətənpərvər olduğunu göstərir. MŞ-nin sədri mərhum jurnalistin ölümündən sonra əməkdar jurnalist adına layiq görüldüyünü diqqətə çatdırıb.
Yazıçı-jurnalist Məzahir Süleymanzadə A. Mustafayevin Azərbaycan mətbuatının qızıl fonduna düşən jurnalistlərdən olduğunu qeyd edərək bildirib ki, Azərbaycanın qəhrəman jurnalistlərindən bəhs edən bir kitaba ehtiyac var: "Azərbaycanın bütün şəhidlərinin xatirəsi bizim üçün əzizdir. Ancaq jurnalist şəhidlər vaxtilə bizim həmkarımız olduğu üçün bizə bir az daha yaxındır".
A.Mustafayevin ağır bir zəhmət yolu keçdiyini deyən "Xalq qəzeti"nin baş redaktor müavini Tahir Aydınoğlu bildirib ki, o, öz həvəsi, zəhməti ilə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. Mərhum jurnalistin tələbəlik illərində televiziya və mətbuat orqanları ilə əməkdaşlıq etdiyini ifadə edən T.Aydınoğlu A.Mustafayevin həyatının elə də xoş keçmədiyini, buna baxmayaraq həm onun, həm də həyat yoldaşının çətinliklərə dözdüklərini dilə gətirib.
"Azərbaycan" qəzetinin əməkdaşı Akif Cabbarlı, jurnalist Sakit Ocaqlı və digərləri də anım mərasimində çıxış edərək A.Mustafayevlə bağlı xatirələrini danışıblar. Onlar A.Mustafayevi yaradıcı şair, sözün qədrini bilən, fədakar bir jurnalist kimi xarakterizə ediblər. Bildirilib ki, mərhum jurnalist özünü həmişə doğrultmağa, ön yerlərdə olmağa çalışıb, köməyə ehtiyacı olanların əlini tutub. A. Mustafayevin həyat yoldaşı Lalə xanım tədbir iştirakçılarına tədbiri təşkil etdiklərinə görə, təşəkkür edib və mərhum jurnalistlə bağlı xatirələrini danışıb.

Digər xəbərlər