PDF Oxu

Sosial

  • 17

İbrahim İbrahimli və Sülhəddin Əkbər Müsavat partiyasından istefa verdi

İbrahim İbrahimli və Sülhəddin Əkbər Müsavat partiyasından istefa verdi

Radikal müxalifət düşərgəsində seçkidən sonra proqnozlaşdırılan yarpaq tökümünə, yəni istefalara yenidən start verilib. Bu sıradan Müsavat partiyası daxilində son zamanlar ilginc olayların olması ilə bağlı davamlı şəkildə məlumatlar dərc etmişik. Ötən gün isə qurum daxilində daha ilginc bir olayın baş verməsini hər kəs izləmiş oldu.
Uzun müddətdir Müsavat partiyasında növbəti müddətə başqanlıq seçimlərinin keçirilməsi və kimin yenidən bu posta gətirilməsi məsələsi üstündə, demək olar ki, gərgin mübahisələr gedirdi. Məhz bu mübahisə və münaqişələrin kulminasiya nöqtəsi qeyd etdiyimiz kimi, iki gün öncə Müsavat divanının növbəti toplantısında daha qabarıq şəkildə özünü təsdiqləmiş oldu. Müsavat partiyasının Divan üzvü İbrahim İbrahimli və Ali Məclisin sədri Sülhəddin Əkbər tutmuş olduqları vəzifələrdən istefa veriblər. İ.İbrahimli Müsavat partiyasından istefa səbəbini partiyanın ona etimad göstərməməsi ilə əlaqələndirib. Qeyd edib ki, görünür, Müsavat partiyasında artıq bizlərə ehtiyac qalmayıb. Çünki Müsavat başqanı İsa Qəmbərov, deyəsən, özünə daha sərf edən formada olan insanlarla işləməyi planlaşdırıb deyən İ.İbrahimli seçmiş olduğu mövqenin ondan başqa kimsəyə sərf etməyəcəyini söyləyib. Müsavat Ali Məclisinin sədri postundan imtina edərək, partiyadan da istefa verən S.Əkbər isə onun irad və təkliflərinə uzun müddətdir ki, partiyada heç kəsin məhəl qoymadığını dilə gətirib. Vurğulayıb ki, onun strategiyası ilə Müsavat partiyasının iddia etmiş olduğu strategiya arasında dərin bir böhran olduğu üçün bu addımı atıb. Amma proseslərin gedişini gözləməyi və bir sıra məsələlərə məhz bundan sonra aydınlıq gələcəyini söyləyən S.Əkbər vermiş olduqları qərarın müəyyən zaman çərçivəsinə söykəndiyini də açıqlayıb.
Özünü az qala "ana müxalifət" adlandıran Müsavat partiyasının bir gündə iki aparıcı funksionerini itirməsi buradakı vəziyyətin səviyyəsinə yenidən işıq salmış olur. Nəzərə almaq lazımdır ki, bu il İ.Qəmbərovun Müsavat partiyasında başqanlıq müddəti başa çatır. Həmçinin, bir məntiqi də, unutmaq olmaz ki, İ.Qəmbərovun başqanlıqdan getməsinə tərəfdar olan qüvvələr Müsavat daxilində müəyyən imtiyaz sahibləridir. Eyni zamanda, başqanlıq postunun artıq başqa şəxsə həvalə edilməsinin zəruriliyini bildirənlər İ.Qəmbərovun təqaüdə getməsini istəyirlər. Ortada isə növbəti dəfə Müsavatı silkələyən bir mənzərə formalaşır. Məhz bunun sonluğu isə bu cür olayların olması ilə nəticələnir. Siyasi düşərgədə də, Müsavat partiyasındakı istefalara fərqli yanaşmalar mövcuddur. Amma fikirlərin ümumi məcmusu, onu deməyə əsas verir ki, müxalifət düşərgəsində təmsil olunanlar Müsavat daxilində böyük çatların olacağından bixəbər deyilmişlər.

Fuad Qəhrəmanlı: "Müsavatdan istefa verən şəxslərin bu addımı atmağa vadar edən amillərin motivi barəsində heç bir açıqlama verilmədiyindən, hələlik, məsələ qapalı qalmaqdadır"

AXCP (i) sədrinin müavini Fuad Qəhrəmanlı "Səs"ə açıqlamasında Sülhəddin Əkbərlə, İbrahim İbrahimlinin Müsavatdan istefa verməsi həmin partiyanın daxili işi olduğunu bildirib. Qeyd edib ki, bu məsələ ilə bağlı Müsavat partiyasının verəcəyi rəsmi açıqlama ilə biz kifayətlənmək fikrindəyik. "Çünki Müsavat partiyası daxilində baş verən məsələləri şərh etmək niyyətində olsaq, qarşı tərəf bunu təzyiq kimi qiymətləndirəcək. Bütün hallarda isə Müsavat daxilində olanlar buradakı vəziyyəti ehtiva edir. Doğrudur, müsavatçılar öz partiyaları daxilində olan münasibətlərin sivil məcrada, qarşılıqlı anlaşma şəraitində getdiyini iddia edirlər"-deyən F.Qəhrəmanlı AXCP (i)-Müsavat partiyası arasında yarana biləcək birliyə bu istefaların hansı formada təsir etməsi məsələsinə də münasibət bildirib. O, qeyd edib ki, AXCP (i)-Müsavat arasında yarana biləcək birlik ideyası ayrı-ayrı fərdlərin düşüncəsindən irəli gələn bir amil deyil. Bunu AXCP (i) və Müsavat partiyasında olan qüvvələrin istəyindən irəli gələn bir məsələ kimi qiymətləndirən F.Qəhrəmanlı Müsavat partiyasında baş verən istefanı birləşmənin lehinə və əleyhinə çıxan qüvvələr arasında konfliktin acı nəticəsi kimi dəyərləndirmək səlahiyyətlərinin olmadığını da söyləyib. F.Qəhrəmanlı Müsavat partiyasından bu istefalarla bağlı rəsmi şəkildə açıqlama verildikdən sonra onların da münasibətinin məlum olacağını söyləyib. "Bundan əlavə istefa verən şəxslərin bu addımı atmağa vadar edən amillərin motivi barəsində heç bir açıqlama verilmədiyindən, hələlik, məsələ qapalı qalmaqdadır. Yəqin ki, proseslər aydınlaşdıqdan sonra ona uyğun da münasibət bildirmək mümkün olacaq". Amma eyni zamanda, proseslərin bu cür məqamında Müsavat partiyasından iki aparıcı şəxsin istefa verməsini böyük təəssüf hissi ilə qarşılayırıq-deyən AXCP (i)-nin sədr müavini belə halların olmasını münasibətlərin inkişafına birbaşa təsir göstərəcəyini də açıqlayıb. "Parlament seçkilərindən sonra Müsavat partiyasında belə bir istefaların olması AXCP (i)-dən də gözlənilirmi" sualına isə F.Qəhrəmanlı bir qədər çətinliklə cavab verib. Bildirib ki, hələlik, onun təmsil olunduğu partiyada kiminsə, istefası gözlənilmir. Eyni zamanda, F.Qəhrəmanlı bir qədər fikirlərində dəqiqliyə vararaq, AXCP (i)-də bu cür istefaların yaxın zamanlarda olacağını deyə bilməyəcəyini də söyləyib.

Əli Əliyev: "Müsavat partiyası ilə bağlı əvvəlcədən bildirdiyim fikirlər reallığa doğru istiqamət almaqdadır"

"Vətəndaş və İnkişaf Partiyası"nın sədri Əli Əliyev isə onun əvvəlcədən də belə bir proqnozlar verdiyini bildirdi. Qeyd etdi ki, onun proqnozları partiyalarla da bağlı özünü doğruldub. "Müsavat partiyası ilə bağlı əvvəlcədən bildirdiyim fikirlər reallığa doğru istiqamət almaqdadır. Amma Sülhəddin Əkbərlə İbrahim İbrahimlinin Müsavat partiyasından istefası gözlənilən olsa da, bu məsələ ilə bağlı konkret geniş münasibəti yalnız onların istefalarının səbəbini tam açıqladıqdan sonra bildirmək mümkün olacaq.

Almaz Əliqızı: "Çoxdandır ki, Müsavat partiyasından mənə heç bir məlumat verilmir"

Müsavat partiyasının Divan üzvü Almaz Əliqızı isə bizimlə söhbətində Müsavat partiyasında baş verənlərdən bixəbər olduğunu söylədi. Amma o, eyni zamanda, loyal bir münasibət də səsləndirdi ki, "deyəsən, Müsavat partiyasında istefa-zad olmayıb. Çoxdandır mənə partiyadan heç bir məlumat vermirlər. Ona görə də, onların orada nə işlə məşğul olması barəsində heç bir bilgim yoxdur". Müsavat Divan üzvü partiyasında baş verən ciddi proseslərdən xəbərsizdirsə, bunun səbəbkarı ya İsa Qəmbərovdur, ya da ki, sıravi müsavatçılar artıq illüziyalardan təngə gəlib.

Sərdar Cəlaloğlu: "Müsavat partiyasında tutduğu vəzifədən istefa verən Sülhəddin Əkbər ADP-nin qurucularından biri olduğu üçün onu partiyamıza dəvət edirəm"

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da, "Səs"ə açıqlamasında daha diqqətçəkən məqamlara toxunub. S.Cəlaloğlu bu günə qədər heç yerdə söyləmədiyi ifadəsində bildirib ki, Müsavat partiyasından tutduğu vəzifədən istefa verən Sülhəddin Əkbər Azərbaycan Demokrat Partiyasının qurucularından biri olub. Ona görə də, S.Əkbərin ADP-yə gəlməsi ilə bağlı səslənən fikirlərin heç bir təsadüfi özündə ehtiva etmədiyini bildirən S.Cəlaloğlu, hələlik, onlara bu məsələ ilə bağlı müraciətin olmadığını vurğulayıb. Müsavat partiyasında baş verən hadisələrin fonunda aparıcı şəxslərin oradan imtina etməsini S.Cəlaloğlu birdən-birə baş verməyən hadisə kimi xarakterizə edib.

Mehman Cavadoğlu: "Mən rayondayam və Müsavat partiyasından kimin istefa verib, kimin nə qərar verməsindən xəbərim yoxdur"

Müsavat partiyasının başqan müavini Mehman Cavadoğlu da, təmsil olunduğu partiyadan xəbərsizdir. Bizimlə telefon danışığında rayonda olduğunu və Müsavat partiyasında kimin istefa verib, kimlərin isə nə qərar verdiyindən heç bir məlumata malik olmadığını bildirdi. Qeyd etdi ki, inşallah, rayondan qayıdandan sonra baş verən bütün proseslərlə bağlı ətraflı məlumat əldə etdikdən sonra məsələ ilə bağlı geniş münasibət bildirmək mümkün olacaq. Amma maraqlısı isə odur ki, Müsavat partiyasının mətbuat məsələləri üzrə başqan müavini partiyasından xəbərsizdirsə, bu məsələ də insanda bir qədər təəccüb doğurur. Nə bilmək olar ki, M.Cavadoğlu da, Müsavat partiyasındakı tutduğu vəzifədən istefa verib rayona üz tutmayıb? Bütün bunlara bir qədər sonra tamamilə aydınlıq gətiriləcək.

Digər xəbərlər