PDF Oxu

Sosial

  • 15

Jurnalistlərin mənzil-məişət problemləri həll olunacaq

Jurnalistlərin mənzil-məişət problemləri həll olunacaq

Bəlli olduğu kimi, bir müddət əvvəl, Prezident İlham Əliyevin sərəncamı ilə mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 5 milyon manat vəsait ayrılmışdı. Artıq müvafiq binaların inşasına başlanılıb. Bunu necə qiymətləndirirsiniz? Sizcə, mənzillərin paylanılması prosesinin hansı formada həyata keçirilməsi daha məqsədəuyğundur? Bu suallara aydınlıq gətirmək üçün, qəzet baş redaktorlarına müraciət etdik.

Yunus Oğuz,
"Olaylar" qəzetinin baş redaktoru:

- Bu, dövlətin Azərbaycanda çalışan jurnalistlərə və qəzetlərə əhəmiyyətli bir diqqətidir. İnanıram ki, bu, təkcə bir bina ilə yekunlaşmayacaq. Gələcəkdə jurnalistlər üçün daha bir neçə binanın tikilməsi ilə bağlı addımlar atılacaq. İndiki şəraitdə az əməkhaqqı alan jurnalistlərin sosial qayğılarının, mənzil-məişət problemlərinin həll edilməsi böyük bir işdir. Əgər dövlət də bu işdə maraqlıdırsa, bunu yalnız alqışlamaq olar. Bildiyiniz kimi, KİVDF-nin sədri və sədrlər şurası var. Müvafiq mənzillər də onların qərarı ilə bölüşdürüləcək. Fikrimcə, burada iki variantın ikisi də məqbuldur. Birinci variant, redaksiyaların müraciəti, ikinci variant isə fərdi müraciətləri əhatə edir. Fərdi qaydada daha çox jurnalistlər müraciət edəcək. Bir sözlə, bununla bağlı müzakirələr gedir və bu müzakirələrin bir nəticəsi olacaq.

Sevinc Seyidova,
"Həftə içi" qəzetinin baş redaktoru:

- Mətbuatın 135 illiyi ilə bağlı Prezident İlham Əliyev tərəfindən bir çox uğurlu addımlar atılmış və jurnalistlərin fəaliyyətinə yüksək qiymət verilmişdi. İstər qəzetlərə birdəfəlik maliyyə yardımlarının verilməsi, istərsə də jurnalistlərin mükafatlandırılması və onlara müxtəlif adların verilməsi, eyni zamanda, onların mənzil-məişət problemlərinin həlli ilə bağlı 5 milyon manat ayrılması olduqca təqdirəlayiqdir. Dövlət başçısı burada, məhz jurnalistlərin sosial vəziyyətlərinin yaxşılaşdırılması zərurətini nəzərə alaraq, belə bir addım atıb. Biz bunu çox yüksək qiymətləndiririk və Prezident İlham Əliyevin bu addımı jurnalistlər tərəfindən də çox böyük sevinclə qarşılanıb. Təbii ki, biz jurnalistlərə ev tikilməsi ilə bağlı gedən bütün prosesləri izləyirik və hər bir jurnalist istəyər ki, tikiləcək binalardan ona da mənzil düşsün.
Bildiyiniz kimi, bu məsələ gündəmə gələndən sonra, jurnalistlər tikiləcək mənzillərin necə bölüşdürülməsi ilə maraqlanırdılar. Hətta bununla bağlı bölgü aparılır ki, təxmini necə jurnalistə ev verilə bilər. Bir sözlə, müxtəlif rəqəmlər səsləndirildi. Təxminən, 70 nəfər jurnalistə mənzil verilə bilər. Bu mənzillər tam təmir olunmuş vəziyyətdə veriləcək. Növbəti illərdə də, biz gözləyirik ki, ölkə başçısı tərəfindən belə bir addımlar atılacaq və yeni-yeni binalar tikiləcək. O ki qaldı tikilən binaların bölgüsü məsələsinə, əvvələr belə bir fikir formalaşmışdı ki, qəzet redaktorları redaksiyada evləri olmayan jurnalistlərin siyahsını təqdim etsinlər və bu siyahı əsasında da bölgü aparılsın. Amma hər halda jurnalistlərin fərdi şəkildə gedib onlara müraciət etməsi, sənədlərini müəyyən olmuş qaydada təqdim etmələr daha təqdirəlayiq olardı. Çünki artıq burada fond özü müəyyən edir ki, həmin bu jurnalistin, həqiqətən də, evə ehtiyacı var, yoxsa yox. Bir sözlə, burada seçim etmək fondun üzərində qalır.

Digər xəbərlər