PDF Oxu

Sosial

  • 14

Astana Sammitində prinsipial razılaşma əldə oluna bilər

Astana Sammitində prinsipial razılaşma əldə oluna bilər

Son zamanlar dünya mediasının gündəmində olan ATƏT-in Astana Sammitində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində geniş müzakirələr gözlənilir. Astana Sammiti ölkəmiz üçün olduqca əhəmiyyətli görüşdür. Bununla bağlı politoloqlara müraciət etdik.

Politoloq Elman Nəsirov:
- ATƏT-in Astana Sammitindən gözləntilər çox böyükdür. Nəhayət ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk Qrupu ciddi bir addım atmaq niyyətində olduğunu bəyan edib. Eyni zamanda, ola bilsin ki, Astana Sammiti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dönüş məqamı ola bilər. Bir faktı da unutmaq olmaz ki, Astana Sammiti Lissabon Sammitinin ardınca gəlir. Lissabon Sammitində dünyanın 28 ən böyük, nüfuzlu dövlətləri Azərbaycanın ərazi bütövlüyü tanıdığını bir daha bəyan ediblər. Belə bir sual yaranır ki, Azərbaycan və Ermənistan prezidentləri Astana Sammitinə hansı siyasi və iqtisadi güclə gedir? Ölkəmiz zəngin enerji ehtiyatlarına malikdir. Bunun növbəti dəfə təsdiqi üçün 200 mln kubmetr potensialı olan "Ümid" qaz yatağı kəşf edildi. Eyni zamanda, ATƏT-in təkliflərini Azərbaycan tərəfi qəbul edib. Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizdə baş verən bütün bu müsbət yeniliklərlə sammitə qatılır. Ermənistan prezidenti isə, dağılmış iqtisadiyyat, sosial vəziyyətin gərginliyi, ordudakı xaos, özbaşınalıq, yerli vətəndaşların iş üçün ölkəni tərk etməsi və cəmiyyətlə hakimiyyət arasındakı uçurumla sammitə qatılmaq niyyətindədir. Bu sammitdə ən çox diqqət mərkəzində saxlanılan 2009-cu il dekabr ayında ATƏT-in Minsk Qrupunun irəli sürdüyü "yeniləşmiş Madrid prinsipləri" olacaq. Yeniləşmiş Madrid prinsiplərini Azərbaycan tərəfi qəbul edib, amma Ermənistan buna cavab verməyib. Bu nöqteyi-nəzərdən Ermənistandan cavab tələb oluna bilər. İkincisi isə, haqqında son zamanlar bəhs olunan "yol xəritəsi" layihəsinin irəli sürülməsi və bu istiqamətdə nə isə bir sənədin imzalanması da ola bilər. Təbii ki, ATƏT-in Astana Sammiti müsbət nəticə verməsə, ciddi proseslərin təməli qoyula bilər. Bu isə, müharibə variantının real məzmunu ilə bağlıdır. Azərbaycan müharibə variantını istəmir. Amma Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə həll olunmasa, Azərbaycan müharibə variantına əl atacaq. Ümid edək ki, Astana Sammitində Azərbaycan üçün müsbət və əhəmiyyətli qərarlar qəbul olunacaq.

Politoloq Elşad Mirbəşiroğlu:
- Hələ Astana Sammitindən əvvəl bir çox ciddi proseslər cərəyan etdi. Oktyabr ayında Rusiya prezidentinin təşəbbüsü ilə Azərbaycan-Ermənistan prezidentlərinin görüşü keçirildi. Daha sonra isə, Azərbaycan-Ermənistan XİN görüşü keçirildi. Bütün keçirilən bu görüşləri Astana Sammitinə bir hazırlıq mərhələsi kimi də qiymətləndirmək olar. Oktyabr ayının əvvəllərində ATƏT-in Faktaraşdırıcı Missiyası regiona səfər etmişdi və hesabatın da məhz Astana Sammitində açıqlanacağı gözlənilir. Bu baxımdan ATƏT-in Astana Sammitində Azərbaycanın maraqlarına cavab verən proseslər cərəyan edəcəkdir. NATO-nun Lissabon Sammitində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədə imza atılmışdır. Bunun özü də Astana Sammitində Dağlıq Qarabağ münaqişəsinin həllinin obyektiv müzakirəsi üçün müəyyən şanslar yaradır.
Azərbaycan dövlətinin Astana Sammitindən gözləntiləri çoxdur. Baxmayaraq ki, bir müddət əvvəl, erməni mətbuatı Sarkisyanın sammitə qatılmayacağı ilə bağlı məlumatlar yaymışdırlar. Çünki NATO-nun Lissabon Sammitində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədə imza atılmalı olduğu üçün Ermənistan prezidenti S.Sarkisyan sammitdə iştirakdan imtina etmişdir. Artıq Ermənistan prezidenti Serj Sarkisyanın ATƏT-in Astana Sammitinə qatılacağı gözləniləndir.
Bu görüşdə Ermənistan tərəfi müsbət mövqe nümayiş etdirərsə, Astana Sammitində Azərbaycanın maraqlarına cavab verəcək addımlar atıla bilər. Bu baxımdan istər ATƏT-in rəhbərliyi, istərsə də ATƏT-də təmsil olunan ayrı-ayrı nüfuzlu dövlətlər bu münaqişənin tənzimlənməsi istiqamətində hər hansı bir addımın atılmasında maraqlı olacaqlar.

Digər xəbərlər