PDF Oxu

Sosial

  • 13

“Azərbaycan dövləti heç vaxt öz vətəndaşını darda qoymaz”

“Azərbaycan dövləti heç vaxt öz vətəndaşını darda qoymaz”
"Mən çox şadam ki, ağacəkmə təşəbbüsüm Azərbaycan ictimaiyyəti tərəfindən dəstəklənib. Böyük sevinc hissi ilə deyə bilərəm ki, mənə verilən məlumata görə, 9 ayda Azərbaycanda 6 milyon ağac əkilmişdir. Onlardan 800 mini Bakı və Abşeron yarımadasında əkilmişdir. Bu proses davam edir və əminəm ki, 2011-ci ildə də ekologiya ilə bağlı bütün məsələlər uğurla həll olunacaqdır". Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bildirib.
Cari ilin 3 rübünün nəticələri, bütün sahələrdə olduğu kimi, ekoloji sahədə də böyük nailiyyətlərlə yadda qaldı. Ölkədə böyük ekoloji layihələr həyata keçirilir və təbiətin qorunması işi gücləndirilir. Ötən həftə hökumətin iclasında bu məsələlərə toxunan Prezident İlham Əliyev qeyd edib ki, bu tendensiya davam edəcək. "Əlbəttə, biz "Ekologiya ili"nin elan edilməsi ilə bağlı bir məqsədi güdürdük ki, bu sahəyə həm ictimaiyyət, həm də dövlət qurumları tərəfindən diqqət daha da artsın və buna nail olduq. Biz bu gözəl təşəbbüsləri növbəti illərdə davam etdirməliyik".
Qeyd edək ki, ölkənin su təsərrüfatında cari ildə önəmli uğurlar əldə olunub. Kür və Araz çayları boyunca qurulan təmizləyici qurğular yüz minlərlə insanın təmiz su ilə təmin olunmasına xidmət göstərir. Çirklənmiş göllərin, Xəzər dənizinin təmizlənməsi, kanalizasiya sisteminin qurulması- bütün bu işlər gələn il də nəzərdə tutulur.
Dövlət başçısı deyib: "Biz elə etməliyik ki, Bakı və Abşeron yarımadasının bütün ekoloji problemlərini tezliklə həll edək, neftlə çirklənmiş gölməçələri qurudaq. Digər göllərdə, - hansı ki, keçən müşavirədə bu barədə mən geniş söyləmişdim, - təmizlik işləri aparılmalıdır, kanalizasiya sistemi qurulmalıdır. Bir sözlə, bu sahə daim diqqət mərkəzində olmalıdır.
Hesab edirəm ki, Bakı buxtasının təmizlənməsi üçün əlavə ciddi tədbirlər görülməlidir. Biz indi Bakı bulvarını genişləndirdik. Bulvarı dənizə lap yaxınlaşdırdıq. Bu gün Bakı sakinləri və şəhərimizin qonaqları dənizə tam yaxın olan yerlərdə gəzintiyə çıxırlar. Belə olan halda, əlbəttə ki, buxtanın suyu təmiz olmalıdır. Əfsuslar olsun ki, bu günə qədər də müxtəlif yerlərdən ora axıdılan çirkab suları buxtanın təmizlənməsinə imkan vermir. Ona görə mən göstəriş verirəm ki, yaxın zamanlarda Bakı buxtasının kanalizasiya məsələləri ayrıca işlənilsin.
Mən bu göstərişi bir müddət bundan əvvəl ilkin olaraq vermişdim. Müəyyən hazırlıq işləri aparılmışdır. Elə etməliyik ki, biz gələn ildən başlayaraq, xüsusi layihə kimi Bakı buxtasının kanalizasiya sisteminin ən müasir səviyyədə tətbiqinə nail olaq. İşlər gələn ilin əvvəlindən başlamalıdır və tezliklə öz həllini tapmalıdır. Beləliklə, mən əminəm ki, bir neçə ildən sonra bulvarın kənarında, ətrafında Bakı buxtasının suyu tam şəffaf olacaqdır".
Məlum olduğu kimi, Azərbaycan bu il böyük təbii fəlakətlərlə, tarixdə misli görünməyən sel və daşqınlarla üzləşdi. Bu, həm insanlara xeyli əziyyət verdi, böyük ziyan vurdu. Eyni zamanda, kənd təsərrüfatına böyük ziyan dəydi. On minlərlə hektar torpaq suyun altında qalmışdı, minlərlə ev yararsız vəziyyətə düşmüşdü. Ancaq dövlət qurumları çox səmərəli işlədilər. Özəl şirkətlər də bu işlərə qoşulmuşdu. Bu, bir ümumxalq məsələsi kimi qəbul edildi və bütün xoşagəlməz hallara qısa müddət ərzində son qoyuldu. Ən önəmlisi, bütün insanlar xilas edildi.
Məlum olduğu kimi, təbii fəlakət nəticəsində minlərlə evə ziyan dəyib. Ölkə başçısı İlham Əliyev bildirib ki, evlərin bərpa prosesi qış gələnə qədər həll olunmalıdır. Bu sahədə işlər gedir. Artıq Hacıqabul rayonunda ilk evlər təhvil verilib. Başqa rayonlarda da, tikinti işləri gedir. Dövlət başçısı qış gələnə qədər insanları yaxşı evlərlə təmin etməyi müvafiq qurumlar qarşısında vəzifə kimi qoyub. O da qeyd olunmalıdır ki, tikilən evlər dağılmış evlərdən qat-qat keyfiyyətlidir, genişdir, rahatdır. Dağılmış evlərin böyük hissəsi çiy kərpicdən tikilmişdi. Böyük hissəsi çox kiçik və yararsız durumda idi. Həm xarici görünüşü çox bərbad idi, həm də şəraiti yox idi. İndi tikilən evlər daş evlərdir, gözəl evlərdir, bütün şəraiti vardır və əvvəlki evlərdən daha da rahat və genişdir.
Onu da qeyd etməliyik ki, bütün bu işləri Azərbaycan dövləti öz hesabına etdi. Həm də bütün xilasetmə işləri Azərbaycan xilasediciləri tərəfindən görüldü. Bu gün bütün tikinti-bərpa işləri də Azərbaycan dövlətinin hesabına görülür. Burada işlər təkcə evlərin tikintisi ilə bitmir. Məktəblər də, yollar da, elektrik və qaz xətləri, su kəmərləri də dağılıb.
Fəlakət bölgəsində bütün infrastruktur yeniləşir. Bu, həm böyük texniki məharət, həm də böyük maliyyə resursları tələb edən işlərdir. Bu məsələ ilə bağlı dövlət büdcəsinə əlavələr edildi, 300 milyon manat vəsait ayrıldı. Bu, onu göstərir ki, Azərbaycan dövləti heç vaxt öz vətəndaşını darda qoymaz.
"Bizim üçün əsas məsələ Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasıdır, Azərbaycan xalqının maraqlarıdır"- deyən ölkə Prezidenti bildirib: "Biz indi iqtisadiyyatımızı bazar iqtisadiyyatı prinsipləri əsasında qurmuşuq və bu, bizi gücləndirir. Ancaq bununla bərabər, biz öz işimizi tam bazar iqtisadiyyatı prinsipləri əsasında qura bilmərik. Əgər belə olsaydı, əgər biz işlərimizi sırf bazar iqtisadiyyatı əsasında qursaydıq, onda Azərbaycan dövləti o işlərin birini də görə bilməzdi.
Xarici ölkələrdə əgər kiminsə evi uçur, yaxud da ki, təbii fəlakət nəticəsində dağılırsa, o, sığorta şirkətinə müraciət edir. Orada bütün evlər sığortalıdır. O, sığorta pulunu alır, dövlət bir manat xərcləmədən kənarda dayanır. Ancaq bizim evlərin hansı sığortalıdır?! O çiy kərpicdən tikilmiş evlərin hansı sığortalıdır?!
Ona görə dövlət bu yükü könüllü şəkildə öz üzərinə götürüb. Bir də onu demək istəyirəm ki, dövlət insanlara qayğı göstərir, eyni zamanda, kompensasiya ödənilir. Kompensasiyanın məbləği, hesab edirəm ki, ziyanın müəyyən hissəsini təmin edir. Ona görə bu, sırf dövlətin xoş niyyətinin təzahürü, xoş niyyətinin əlamətidir və hər kəs bunu qiymətləndirməlidir.
Mən bilirəm ki, ziyan çəkmiş insanların mütləq əksəriyyəti bu minnətdarlıq hissi ilə yaşayır və bu da təbiidir. Hesab edirəm, hamı bilməlidir ki, dövlət bunu öz sosial siyasətinin inkişafı, əlaməti kimi edir və edəcəkdir. Xüsusilə, qeyd etməliyəm ki, biz bunu soyuqlar düşənə qədər etməliyik ki, hazırda müvəqqəti yerlərdə yaşayan insanlar tezliklə rahat evlərə köçsünlər.
Bununla bərabər, bu halların gələcəkdə qarşısının alınması üçün tədbirlər- sahilbərkitmə, suların idarə olunması işləri də görülür və görülməlidir. İndi biz bu işlərə xarici mütəxəssisləri də cəlb etmişik, yerli mütəxəssislər də bu sahədə böyük təcrübəyə malikdirlər. Elə etməliyik ki, gələcəkdə bu bəlalardan özümüzü sığortalayaq. Əminəm ki, buna nail olacağıq".
Bütün bunlar göstərir ki, ölkədə təbii sərvətlərin satışından əldə olunan vəsaitlər bugünkü və gələcək nəsillərin mənafeyi naminə düzgün və səmərəli istifadəyə xidmət edir. Dövlət məhz insan amilini rəhbər tutaraq, vətəndaşların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi yönümündə təsirli tədbirlər həyata keçirir.
 Ümumiyyətlə, 2010-cu ilin 3 rübünün yekunları göstərdi ki, Azərbaycan Prezidenti, Azərbaycan dövləti bütün səylərini, ilk növbədə, əhalinin sosial rifahının yüksəlməsinə sərf edir. Lakin bununla yanaşı, dövlətin maliyyə ehtiyatlarının gücləndirilməsi, ordunun möhkəmləndirilməsi, ekoloji mühitin sağlamlaşdırılması və digər vacib sahələr də diqqətdən kənarda qalmır. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın sərvətləri Azərbaycan xalqına sərf olunur.

Digər xəbərlər