PDF Oxu

Sosial

  • 13

“Gorus-210: absurd teatr mövsümü" məqaləsi ermənilərə ən tutarlı cavabdır

“Gorus-210: absurd teatr mövsümü" məqaləsi ermənilərə ən tutarlı cavabdır
Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetinin akt zalında Təhsil Nazirliyi və universitetin birgə təşkilatçılığı ilə "Dağlıq Qarabağ münaqişəsi toqquşan beynəlxalq geosiyasi maraqlarda" mövzusunda elmi-praktik konfrans keçirildi. Tədbiri giriş sözü ilə universitetin elmi işlər üzrə prorektoru Vilayət Əliyev açaraq, bugünkü konfransın çox vacib və əhəmiyyət kəsb edən bir məsələyə həsr olunduğunu bildirdi. O, qeyd etdi ki, 19-20-ci yüzilliklərdən başlayaraq, bu günə qədər davam edən Qarabağ problemi və Ermənistanın xülyasında olduğu "böyük Ermənistan" yaratmaq ideyası böyük və ziddiyyətli münaqişələr əsasında əsas məsələlərdən biri kimi diqqətdədir. Təkcə ötən əsrdə Qərbi Azərbaycanda yaşayan həmyerlilərimiz dörd dəfə Ermənistandan deportasiya olunmuş və onlara qarşı fiziki və mənəvi təzyiqlər göstərilmişdir. Ermənilərin havadarları olan çar imperiyası, eləcə də, sovet imperiyası hər zaman bu təbəqəyə yardımını göstərmiş və Azərbaycana qarşı yönəldilən soyqırımı siyasətinin icrasında iştirakçı olmuşlar. V.Əliyev 2010-cu il oktyabrın 16-da Yerevandakı Gorus şəhərində Ermənistan prezidenti Serj Sarkisyanın erməni diasporunu təmsil edən jurnalistlər qarşısında çıxışını diqqətə çəkərək, onun erməni dilinin ən azı səkkiz minillik tarixi olduğunu bildirdiyini söylədi. Serj Sarkisyan erməni diasporunu təmsil edən jurnalistləri Ermənistana dəvət edib. Bu şansdan yararlanmaqla S.Sarkisyan reallıqdan çox-çox uzaq olan cəhd və tarixi dəlillərlə çıxışının öz məqsədlərinə yön aldığını bildirdi. V.Əliyevin dediyinə görə, Ermənistanın çoxəsrlik tarixinin olması absurd və reallıqdan uzaq bir fikirdir. Natiq çıxışının sonunda Prezident Administrasiyasının rəhbəri, Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Ramiz Mehdiyevin "Gorus - 2010: absurd teatr mövsümü" adlı məqaləsi ilə çıxışının onların bu mövqeyinə tutarlı münasibətin olduğunu vurğuladı. O, qeyd etdi ki, məqalədə yazılır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi barədə danışıqlar prosesinin davam etdiyi və bu münaqişənin təqsirkarı olan Ermənistanın 1975-ci il Helsinki Yekun Aktının müddəalarına əsaslanan yenilənmiş Madrid prinsiplərini qəbul etməsini hamının səbirlə gözlədiyi bir vaxtda, beynəlxalq təşkilatlar və dünyanın aparıcı ölkələrinin parlamentləri Azərbaycanın ərazi bütövlüyünü, Dağlıq Qarabağın Azərbaycana mənsub olmasını, Ermənistanın işğal etdiyi əraziləri azad etməsinin və məcburi köçkünlərin öz evlərinə qaytarılmasının zəruriliyini təsdiq edən qətnamələr qəbul edirlər. Elmi-konfransda universitetin tarix fakultəsinin dekanı, tarix elmlər doktoru, professor Oqtay Sultanov "Qondarma Dağlıq Qarabağ problemi: toqquşan geosiyasi maraqlar" məruzəsi ilə çıxış edərək, ötən əsrin son 20-ci illərində yaranmış enerji böhranından və Amerikanın, Qərbi Avropa dövlətlərinin buna münasibətindən, eləcə də, SSRİ-nin iflasa uğramasından danışdı. Tədbirdə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Qarabağ tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Qasım Hacıyev "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsi" mövsusunda çıxış edərək, tarixi faktlara istinad edib, Azərbaycan dövlətinin öz tarixi torpaqlarının geri qaytarılması istiqamətində mövcud əlaqələrin, birmənalı olaraq, inkişafından, eləcə də, Azərbaycanın bu məsələnin müsbət həllində iqtisadi-hərbi potensiala malik olmasından söz açdı. Tədbirdə sıxış edən universitetin professorları Buludxan Xəlilov, Süleyman Məmmədov, Vəli Əliyev və başqaları İlham Əliyev cənablarının yürütdüyü daxili və xarici siyasətdə Qarabağ probleminin həllində görülən işlərdən söz açaraq, respublikadakı nailiyyətlərini də diqqətə çatdırdılar. Çıxışlar zamanı Azərbaycanın neft-qaz tarixində mühüm hadisələrdən biri Xəzər dənizində "Ümid" qaz yatağının aşkarlanması məsələsinə də toxunuldu. Azərbaycanda neft-qaz sahəsində uğurla aparılan işlərin dövlətin dünyada gücünün möhkəmlənməsindəki rolu qeyd olundu. Azərbaycan artıq böyük maliyyə imkanlarına malik dövlətdir. Müasir dövrümüzdə Azərbaycan böyük qaz ölkəsinə çevrilib və bu uğurlar Dağlıq Qarabağ məsələsinin həllində mühüm rol oynayacaq.

Digər xəbərlər