PDF Oxu

Sosial

  • 13

DQ münaqişəsinin həll perspektivləri necə görünür?

DQ münaqişəsinin həll perspektivləri necə görünür?
Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi ATƏT - ə üzv olan ölkələrin dekabrda Astanada keçiriləcək zirvə sammiti ərəfəsində yenidən gündəmin əsas mövzusuna çevrilib. ATƏT-in Astanada keçiriləcək zirvə sammitində Qazaxıstanın quruma sədrlik etdiyi bir il müddətində görülən işlərlə bağlı müzakirələrin aparılması gözlənilsə də, sammitdə əsas müzakirələrin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafındakı vəziyyətlə bağlı olacağı gözlənilir. Artıq bununla bağlı həm Qazaxıstan rəhbərliyi, həm ATƏT rəsmiləri, həm də ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin nümayəndələri rəsmi açıqlamalar veriblər. Qeyd edək ki, bu ilin əvvəlində ATƏT - də sədrliyin bir il müddətinə Qazaxıstana keçməsi Azərbaycanda bu vaxta qədər quruma sədrlik edən digər dövlətlərdən fərqli olaraq, rəsmi Astananın DQ münaqişəsinin nizamlanması ilə bağlı daha aktiv fəaliyyət göstərəcəyinə dair optimist əhval-ruhiyyə yaratmışdı. Baxmayaraq ki, Qazaxıstan rəhbərliyi də ilin əvvəlində Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT - ə hazırda sədrlik edən dövlət kimi bütün səylərini səfərbər edəcəklərini bəyan etmişdilər. Bununla belə, il ərzində münaqişənin nizamlanması istiqamətində gedən proseslərlə bağlı rəsmi Astananın fəaliyyətində elə bir aktivlik müşahidə olunmadı. Əvvəlcədən verilən proqnozlarda 2010-cu ilin münaqişənin nizamlanmasında məhsuldar il ola biləcəyi qeyd edilsə də, ilin əvvəlindən ATƏT - in Minsk Qrupunun həmsədrlərinin münaqişə tərəflərinə təqdim etdikləri yenilənmiş "Madrid təklifləri"nə Ermənistanın bu günə qədər qəti cavab verməməsi nizamlanma istiqamətində gedən proseslərdən də təsirsiz ötüşmədi. DQ münaqişəsinin nizamlanması istiqamətində gedən proseslərdə diqqət çəkən əsas məqamlardan biri isə rəsmi Moskvanın münaqişənin nizamlanması istiqamətində təşəbbüsü öz əlinə almaq üçün müəyyən səylər göstərməsi oldu. Məsələ burasındadır ki, Rusiya prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə bu ilin iyununda münaqişənin nizamlanmasına dair Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda keçirilən üçtərəfli görüşündən sonra Rusiya tərəfindən ortaya "Sankt-Peterburq təklifləri" adlı məsələnin atılması yenilənmiş "Madrid təkliflər"i ilə bağlı aparılan prosesə xeyli ziyan vurdu və hətta bu müzakirələrdən sonra tərəflər arasında aparılan danışıqlarda üç aya yaxın fasilə yaratdı. Rəsmi Bakının məsələni BMT Baş Assambleyasının 62-ci sessiyasında müzakirəyə çıxarmaq istiqamətində etdiyi uğurlu diplomatik həmlələrdən sonra ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələr - xüsusilə də Rusiya prosesin davam etdirilməsini yenidən stimullaşdırmağa çalışdı. ATƏT - in faktaraşdırıcı missiyasının regiona səfəri və bu səfərdən bir qədər sonra Rusiya prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri arasında daha bir görüşün Həştərxanda keçirilməsi DQ münaqişəsinin nizamlanması ətrafındakı prosesləri yenidən canlandırsa da, Ermənistan tərəfi yenə də problemin həlli ətrafında imitasiya ilə məşğuldur. Baxmayaraq ki, Azərbaycan və Ermənistan prezidentlərinin Həştərxanda Rusiya prezidentinin təşəbbüsü ilə keçirilən son görüşü zamanı tərəflər arasında girov götürülən, eləcə də, bir neçə aydan bəri cəsədləri Ermənistan tərəfində qalan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov və gizir Fərid Əhmədovun meyitlərinin geri qaytarılması ilə bağlı tərəflərin imzaladığı birgə Bəyannamənin icrası baş tutdu, Ermənistan tərəfi Astana sammiti ərəfəsində yenidən münaqişənin həlli ilə bağlı təxribat xarakterli bəyanatlar səsləndirməkdə davam edir. Elə Ermənistan prezidenti Serj Sarkisyanın və müdafiə naziri Ohanyanın işğal olunmuş Azərbaycan ərazilərində keçirilən təlimlərə baxış keçirmək üçün həmin əraziyə gəlməsi və təlimlərdən sonra Sarkisyanın yenidən Ermənistanın təcavüzkar dövlət olduğunu təsdiqləyən və işğalçılıq niyyətlərini ifadə edən bəyanatlar verməsi birmənalı qarşılanmır. Ekspertlər bu bəyanatların da, guya Azərbaycana "hədə-qorxu gəlindiyi" ilə bağlı ənənəvi bəyanatlar sırasına daxil olduğunu bildirirlər. Astana sammiti ərəfəsində Azərbaycan tərəfi də öz mövqeyini kifayət qədər aydın və sərt şəkildə ortaya qoyub. Bu günlərdə regionlara səfər edən Azərbaycan Prezidenti İlham Əliyev rəsmi Bakının münaqişənin sülh yolu ilə həllini tapması üçün bütün imkanlarından maksimum dərəcədə istifadə etməyə çalışdığını, eyni zamanda, sülh danışıqlarına paralel olaraq müharibə variantını da gündəlikdə saxladığını qeyd etməklə, Azərbaycan tərəfinin danışıqların bundan sonra daha uzun müddət uzadılmasına imkan verməyəcəyini bəyan etdi. Qeyd edək ki, Astana sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri arasında daha bir görüşün keçiriləcəyi gözlənilir. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında ATƏT - ə üzv olan ölkələrin dövlət başçılarının dekabrın 1-2-də Astanada keçiriləcək zirvə sammiti çərçivəsində növbəti görüşü keçiriləcək. Prezidentlərin görüşü zamanı tərəflər bir daha DQ münaqişəsi ətrafındakı vəziyyəti nəzərdən keçirəcəklər. Onu da qeyd edək ki, ATƏT-in Astana sammiti ərəfəsində Ermənistan tərəfinin yenidən qeyri-konstruktiv xarakterli bəyanatlarla çıxış etməsi ekspertlər tərəfindən təbii qarşılanır. Belə bir gözləntinin əvvəlcədən mövcud olduğunu bildirən ekspertlərə görə, ATƏT-in Minsk Qrupuna həmsədrlik edən dövlətlərin Yerevanı müdafiə mövqeyindən çıxış etməsinə, Rusiyanın isə bir sıra hallarda münaqişənin həllinin məhz Moskvadan asılı olduğunu açıq şəkildə nümayiş etdirməklə, Ermənistan tərəfini daha qeyri-konstruktiv xarakterli bəyanatlar verməyə sövq etməsinə baxmayaraq, rəsmi Bakının regionda və beynəlxalq təşkilat səviyyəsində apardığı diplomatik iş nəticə etibarilə Ermənistanı çıxılmaz duruma salıb. Buna nümunə kimi ATƏT-in Minsk Qrupu həmsədrlərinin Ermənistanı müdafiə məqsədi ilə BMT Baş Assambleyasında gözlənilən müzakirələrin təxirə salınması və bunun müqabilində işğal olunmuş ərazilərdəki vəziyyətin yenidən öyrənilməsi üçün araşdırmaların aparılması təklifi ilə çıxış etməsi də Ermənistanın ziyanına işlədi. Onu da deyək ki, ATƏT-in faktaraşdırma missiyasının Azərbaycanın işğal olunmuş ərazilərdəki vəziyyətlə bağlı apardığı araşdırmalarla bağlı hazırlanmış hesabat da Astana sammitində müzakirə edilməlidir. Hələlik, həmin sənədin hansı vəziyyətdə olduğu və orada işğal olunmuş ərazilərdəki vəziyyətlə bağlı real həqiqətlərin nə dərəcədə əksini tapdığı bəlli olmasa da, faktaraşdırıcı missiyanın işğal olunmuş ərazilərdə araşdırma aparması faktının özünün Ermənistanın işğalçı və təcavüzkar dövlət olduğunu bir daha ortaya qoyur. Bu baxımdan da Astana sammitinin Ermənistan üçün kifayət qədər gərgin keçəcəyini bəri başdan demək olar.

Digər xəbərlər