Faktaraşdırıcı missiyanın hesabatı niyə gecikir?
ATƏT-ə üzv olan ölkələrin dövlət başçılarının dekabrın 1-2-də Astanada keçiriləcək zirvə sammitinini gündəliyində olan əsas məsələlər sırasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələnin də olacağı gözlənilir. Qeyd edək ki, sammit çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşünün keçirilməsi də istisna edilmir. Astana sammiti ərəfəsində diqqətçəkən əsas məqamlardan biri də bir müddət əvvəl Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətin öyrənilməsi ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrləri və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ekspertlərindən ibarət ATƏT-in faktaraşdırıcı missiyasının işğal olunmuş ərazilərdəki vəziyyətə dair hazırladıqları hesabatı münaqişə tərəflərinə təqdim edib-etməyəcəkləri ilə bağlıdır.
Məlumat üçün onu qeyd edək ki, işğal olunmuş Azərbaycan ərazilərində araşdırmaların aparılması təşəbbüsü ilə çıxış edən ATƏT-in Minsk Qrupunun həmsədrləri iki ay müddətində - dekabrda Qazaxıstanın paytaxtı Astana şəhərində ATƏT-ə üzv olan ölkələrin dövlət başçılarının zirvə sammitinə qədər hesabatın hazırlanıb tərəflərə təqdim ediləcəyinə dair bəyanat vermişdilər. Bununla belə, hələlik, sammitə qədər vasitəçilər tərəfindən belə bir addımın atılıb-atılmayacağı bəlli deyil. Baxmayaraq ki, bir neçə gün əvvəl artıq hesabatın hazır olduğunu və ATƏT-in Minsk Qrupu həmsədrlərinin həmin hesabatı ATƏT rəhbərliyinə təqdim etdiklərinə dair məlumatlar yayılmışdı, hələlik, Azərbaycan tərəfində bu xəbərlərin nə dərəcədə doğru olduğu bilinmir.
Azərbaycan xarici işlər nazirliyinin mətbuat katibi Elxan Poluxov "Səs"ə açıqlamasında ATƏT-in faktaraşdırıcı missiyasının Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair apardıqları araşdırmaların əsasında hazırladıqları hesabatla bağlı rəsmi Bakıya heç bir məlumat vermədiklərini deyib. Onun sözlərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərdəki vəziyyətlə bağlı ATƏT-in faktaraşdırıcı missiyasının hazırladığı hesabatın Astana sammitinə qədər münaqişə tərəflərinə təqdim etməsi mütləq şərt kimi qoyulmayıb. "Lakin bu, o demək deyil ki, hesabat sammitə qədər tərəflərə verilməyəcək. Əgər sənəd hazırdırsa, bu sammitə qədər tərəflərə təqdim də oluna bilər"- deyən mətbuat katibi, hələlik, hesabatın tam hazır olması ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən Azərbaycana hər hansı məlumatın verilmədiyini bildirib.
Azərbaycanın BMT yanındakı daimi nümayəndəsi Aqşin Mehdiyev isə mətbuata açıqlamasında "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair" qətnamə layihəsinin BMT Baş Assambleyasının 63-cü sessiyasının gündəliyində olduğunu və sənədin bu ilin dekabrında müzakirəyə çıxarılmasının mümkünlüyünü istisna etməyib. Onu da deyək ki, məsələnin yenidən BMT Baş Assambleyasının gündəliyinə çıxarılmasına ATƏT-in faktaraşdırıcı missiyasının işğal olunmuş ərazilərimizdə işğaldan sonrakı vəziyyətlə bağlı hazrladıqları hesabatın və eləcə də, ATƏT-ə üzv olan ölkələrin dövlət başçılarının Astana sammitinin nəticələrinin təsir edəcəyi istisna deyil.