Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində ölkəmiz böyük inkişaf yolu keçib. Bunun məntiqi nəticəsidir ki, hazırda Azərbaycanın hər bir regionu öz inkişafının təntənəsini yaşayır. Bu isə, təbii olaraq, vətəndaşların daha yaxşı həyat şəraiti ilə təmin olunmasını şərtləndirib. Eləcə də, ölkəmizin bir nömrəli problemi olan Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində respublikamıza dəyən ağır ziyanların və fəsadların aradan qaldırılması istiqamətində ardıcıl tədbirlər görülməkdədir.
Həmçinin, Ermənistan dövlətinin işğalçılıq siyasəti nəticəsində öz dədə - baba yurdlarından didərgin düşərək, respublikamızın müxtəlif şəhər və kəndlərində məskunlaşan soydaşlarımızın problemləri daim dövlətin diqqət mərkəzindədir.
Etnik təmizləmə siyasətindən əziyyət çəkən insanlar dövlət tərəfindən daim qayğı ilə əhatə olunublar
Qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması, mənzil-məişət problemlərinin həll olunması sahəsində həyata keçirilən əsas tədbirlərdən biri onların məskunlaşdıqları ərazilərdə sosial infrastrukturun, kommunal xidmət sektorunun inkişaf etdirilməsindən ibarətdir. Azərbaycan hökuməti bu sahədə sistemli tədbirlər həyata keçirərək, qaçqın və məcburi köçkünlərin enerji, su, işıq, qaz və digər kommunal xidmətlərlə əhatə olunmaları üçün məqsədyönlü işlər görüb. Eyni zamanda, qaçqınların səhiyyə, təhsil xidmətləri ilə təmin edilməsi, onların sosial müdafiə və digər sosial-mədəni, humanitar qayğılarla əhatə olunmaları üçün ardıcıl tədbirlər həyata keçirilməkdədir.
Qaçqınların problemlərinin həlli üçün davamlı tədbirlərin görülməsini tövsiyə edən Prezident İlham Əliyev bu kateqoriyaya daxil olan insanların yaşadıqları ərazidəki bütün infrastruktur təminatının ən yüksək səviyyəyə çatdırılması, hər cür xidmət növləri ilə təchiz edilməsi üçün müvafiq qurumlara tapşırıqlar verib. Dövlətimizin başçısının diqqət mərkəzində olan bu məsələnin həlli ilə bağlı davamlı tədbirlər görülüb və bu istiqamətdə işlər sürətləndirilib. Prezident İlham Əliyev qaçqınların yaşayış imkanlarının və sosial infrastruktur təminatının yaxşılaşdırılması ilə bağlı dövlətin sistemli şəkildə məqsədyönlü siyasət apardığını bildirib: "Biz çalışırıq ki, məcburi köçkünlərin yaşayış səviyyəsini yaxşılaşdıraq. Bu məqsədlə çox böyük tədbirlər görülür, böyük işlər aparılır. Azərbaycan dövləti böyük vəsait xərcləyir ki, soydaşlarımız normal şəraitlə təmin olunsunlar. Bütün çadır şəhərcikləri ləğv edilir, artıq bu, tarixdir. Biz indiki mərhələdə digər yerlərdə, yararsız yerlərdə, ictimai binalarda, məktəblərdə, yataqxanalarda yaşayan soydaşlarımızın yaşayış səviyyəsini yaxşılaşdırmalıyıq. Biz bunu edirik və edəcəyik. Çünki insanların yaşayış səviyyəsi yaxşılaşdırılmalıdır. Müharibədən, işğaldan, etnik təmizləmə siyasətindən əziyyət çəkən insanlar dövlət tərəfindən daim qayğı ilə əhatə olunmalıdırlar".
Məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün bütün maliyyə mənbələrindən istifadə edilir
Məcburi köçkünlərin kommunal xidmət növləri və sosial infrastruktur vasitələri ilə etibarlı şəkildə və fasiləsiz təmin olunmaları üçün müxtəlif layihələr, dövlət proqramları icra olunmaqdadır. Eyni zamanda, 2004-2008-ci illərə dair "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası nəticəsində qaçqın və məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə ən müasir infrastruktur yaradılıb.
2009-2013-cü illəri əhatə edən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində də mühüm işlər görülməkdədir. Dövlət Proqramına uyğun olaraq, qaçqın və məcburi köçkünlərin sosial infrastruktur növləri ilə etibarlı şəkildə təmin olunması davam etdirilir. Qeyd olunan tədbirlərin həyata keçirilməsi üçün hökumət bir sıra mənbələrdən maliyyə vəsaitləri ayırmaqdadır. Belə ki, dövlət büdcəsi, Dövlət Neft Fondunun vəsaitləri, məqsədli dövlət xərcləri qeyd olunan sahələrin inkişafına yönəldilir. İldə bu məqsədlə, ümumilikdə, 400 milyon manata yaxın vəsait ayrılır. Bu il dövlət büdcəsindən qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəlmiş vəsaitlərin həcmi 2003-cü illə müqayisədə 3,5 dəfə artıb. Məsələn, təkcə 2008-ci ildə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllinə 338,1 milyon manat vəsait sərf edilib (163,1 milyon manat büdcə, 145 milyon manatı Dövlət Neft Fondunun, 30 milyon manatı isə beynəlxalq humanitar və inkişaf təşkilatlarının vəsaiti). Bu məbləğ isə 2003-cü illə müqayisədə (103,4 milyon manat, o cümlədən, 53,4 milyon manat (AZN) büdcə, 20 milyon manatı Dövlət Neft Fondunun, 30 milyon manatı isə beynəlxalq humanitar və inkişaf təşkilatlarının vəsaiti) 3,2 dəfə çoxdur.
Məcburi köçkünlərin məskunlaşdıqları ərazilərin yol-nəqliyyat infrastrukturu yenidən qurulur...
"Azəriqaz", "Azərsu", "Azərenerji" və "Bakıelektrikşəbəkə", Meliorasiya və Su Təsərrüfatı Agentliyi və digər qurumlar qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları ərazilərin kommunal xidmət səviyyəsinin yaxşılaşıdırılması və yeni infrastrukturların yaradılması məqsədilə hər il müxtəlif tədbirlər həyata keçirirlər. "Bakıelektrikşəbəkə" SC tərəfindən 3800 fərdi evlərdə və 570 kompakt yaşayış yerlərində elektrik sayğaclarının quraşdırılması işi 100 faiz başa çatdırılıb. "Azərenerji" ASC tərəfindən isə cari ildə nəzərdə tutulan ümumi 44200 sayğacdan fərdi evlərdə 17800, 1180 kompakt məskunlaşma obyektlərində isə 680 sayğac quraşdırılıb. Bundan başqa, müxtəlif rayonlar üzrə 118 məskunlaşma obyektlərinə 349 ədəd müxtəlif markalı güc transformatorları, 2500 metr kabel, 80000 metr elektrik naqili quraşdırılaraq istifadəyə verilib. Füzuli rayonunun Bala Bəhmənli kəndinin yaxınlığında su-elektrik stansiyasının təməli qoyulub.
"Azəriqaz" Səhmdar Cəmiyyəti tərəfindən Bakı və respublikanın digər rayon və şəhərlərində fərdi və kompakt məskunlaşma obyektlərində nəzərdə tutulan 47621 sayğacdan 47621 (100 faiz)-də quraşdırılaraq, sayğaclaşma işi başa çatdırılıb. Goranboy rayonunun Aşağı Ağcakənd və ətraf yaşayış məntəqələrinə təbii qaz xəttinin çəkilişi tamamilə başa çatdırılıb. Füzuli rayonunun Horadiz qəsəbəsinə və ətraf yaşayış məntəqələrinə və Ağdam rayonunun Quzanlı qəsəbəsinə və ətraf yaşayış məntəqələrinə təbii qaz xəttinin çəkilişi yekunlaşıb.
Son 5 ildə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə bağlı da mühüm tədbirlər görülüb. Goranboy - Yuxarı Ağcakənd avtomobil yolunun əsaslı təmiri, Xocavənd rayonunun "Qarasu" və "Nərgiztəpə" adlanan ərazilərini birləşdirəcək çınqıl yolun çəkilməsi, Ağdam rayonunda kəndarası asfalt yolların döşənməsi başa çatdırılıb.
Qaz, işıq, su təminatı ilə bağlı sistemli tədbirlər görülməkdədir...
2004-2009-cu illər ərzində müxtəlif yaşayış sahələri üzrə, ümumilikdə, 366 kilometr yol, 438 kilometr su xətti, 583 kilometr elektrik hava xətti çəkilib, 141 ədəd artezian quyusu qazılıb, 48 su anbarı, 20 nasos stansiyası inşa edilib. Bu qurumlarla bərabər, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən müxtəlif rayonlar üzrə 575 məskunlaşma obyektlərinə 322 ədəd müxtəlif markalı güc transformatorları, 371 ədəd su nasosları, 15500 metr kabel, 337500 metr elektrik naqili verilib və quraşdırılaraq, istismara verilib. Komitə tərəfindən qaçqın və məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları 156 obyektdə 1682 min manat həmində cari, 67 obyektdə isə 1580 min manat həcmində əsaslı təmir işi aparılıb.
Məcburi köçkünlərin istifadə etdikləri kommunal xərclər üçün büdcədən ayrılan vəsaitlərin də həcmi əvvəlki illərlə müqayisədə artıb. İki il əvvəl bu sahəyə 70 milyon manatdan artıq vəsait onların istifadə etdikləri kommunal xidmət növlərinə görə, xidmət təşkilatlarının hesabına ödənilib. 2009-cu ildə isə 81,1 milyon manat vəsaitin xidmət təşkilatlarına ödənilməsi təmin edilib. Qeyd edək ki, bu sahədə şəffaflığı tam təmin etmək üçün müəyyən edilmiş normativlər üzrə faktiki istehlaka görə mərkəzləşmiş qaydada, birbaşa xəzinədarlıq vasitəsilə həyata keçirilir. Köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına uyğun olaraq ötən illər ərzində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində əhəmiyyətli dəyişikliklərə nail olunub. Onların yerləşdiyi ərazilərin yaxınlığında elektrik enerjisi, su təchizatı, təhsil, mədəniyyət, səhiyyə və digər zəruri sosial-texniki infrastrukturların yeniləşməsi ilə bağlı mühüm işlər görülüb. Proqram çərçivəsində məcburi köçkünlərin içməli və suvarma suyu ilə təminatının yaxşılaşdırılması sahəsində layihələrin həyata keçirilməsi davam etdirilir. Ağdam rayonunda 80, Ağcabədi rayonunda 10, həmin rayondakı Taxta Körpü ərazisində 15, Şuşa rayonunun qış yataqlarında 8, Füzuli rayonunda 30, Xocavənd rayonunda 10, Bərdə rayonunda 10, İsmayıllı rayonunda 5, Goranboy rayonunda 3 subartezian quyusunun qazılması başa çatdırılıb. Eləcə də, Füzuli rayonunun Qarabağ və Babı kəndlərinə içməli su xətlərinin və Horadiz qəsəbəsinə kanalizasiya xəttinin çəkilməsi yekunlaşıb. Həmçinin, Goranboy rayonunun Börü, Qaxtut və Veysli kəndlərinə içməli su xətlərinin çəkilməsi təmin edilib. Biləsuvar rayonu ərazisində yeni salınmış qəsəbələrdə müvəqqəti məqsədi ilə Əzizbəyov kanalı üzərində elektrik, nasos stansiyasının quraşdırılması da başa çatdırılaraq, qaçqınların istifadəsinə verilib. Biləsuvardakı yeni salınan qəsəbələrdə və Ağcabədi rayonundakı Taxta Körpü ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin sabit elektrik enerjisi ilə təmin edilməsi məqsədi ilə Cəbrayıl və Laçın rayon elektrik şəbəkəsi müəssisələrinin fəaliyyəti də bərpa olunub. Füzuli rayonunda modul tipli su-elektrik stansiyasının tikilməsi nəticəsində isə buradakı əhalinin enerji təminatı tam həll edilib. Eləcə də, Füzuli rayonunda diaqnostika mərkəzinin tikilməsi insanların keyfiyyətli rabitə xidmətləri ilə təmin olunmasına səbəb olub.
Onlar mütləq qayıdacaqlar...
Beləliklə, sadalan faktlardan da göründüyü kimi, qaçqın və məcburi köçkünlərin bütün problemlərinin həlli dövlətin diqqət mərkəzindədir və bu məsələlərlə bağlı çox böyük və mühüm əhəmiyyət kəsb edən proqramlar icra olunmaqdadır. Və bu proqramların uğurla yerinə yetirilməsi nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın problemləri həllini tapmaqdadır. Təbii ki, hər bir vətəndaşlarımız kimi, onlar da çox gözəl bilir və inanırlar ki, işğal altında olan torpaqlarımız yaxın gələcəkdə azad olunacaq və bu gün müxtəlif şəhər və rayonlarımızda qaçqın və məcburi köçkünlərimiz üçün yaradılan yüksək şərait Dağlıq Qarabağda da, ona bitişik digər rayonlarımızda da yaradılacaq. Buna həm Azərbaycan dövlətinin gücü, qüdrəti, həm də ölkə rəhbərliyinin iradəsi əminlik yaradır.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün