PDF Oxu

Sosial

  • 6

Bölgələrin sürətli inkişafı davam edir

Bölgələrin sürətli inkişafı davam edir
2009-2013-cü illəri əhatə edən Dövlət Proqramında qeyd olunur ki, ölkə regionlarının mövcud potensialından daha səmərəli istifadə etməklə, yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara hərtərəfli yardım göstərmək, əhalinin həyat səviyyəsini daha da yaxşılaşdırmaqla yoxsulluq problemini aradan qaldırmaq qarşıda duran əsas vəzifələrdəndir. Dövlət Proqramının ilk 2 ili başa çatmaq üzrədir. Növbəti 3 ildə ölkənin davamlı və tarazlı inkişafını nəzərdə tutan yeni proqramda respublika iqtisadiyyatını şaxələndirmək yolu ilə onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılması, əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsi nəzərdə tutulur.
Təkcə onu demək kifayətdir ki, proqramın başlandığı gündən bəri keçən 7 ildə ölkədə 30 mindən çox yeni müəssisə yaradılıb, 900 min yeni iş yeri açılıb, yoxsulluğun səviyyəsi 11 faizədək azalıb. Ölkənin sosial-iqtisadi inkişafını sürətləndirən ümumi daxili məhsulun real həcmi 3 dəfə, qeyri-neft sektorunda məhsul istehsalı 2 dəfə artıb.
Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində iqtisadiyyatın bütün sahələrində dinamik artım baş verib, xüsusən də, sənaye istehsalı 3 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 30 faiz, əhalinin gəlirləri isə 5 dəfə artıb.
Sadalanan uğurların davam etdirilməsi məqsədilə qəbul olunmuş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" da bu baxımdan olduqca böyük önəm daşıyır. Ölkənin sosial-iqtisadi inkişafına yönəldilən bu mühüm Dövlət Proqramında 3 əsas istiqamətdə tədbirlər nəzərdə tutulub. Bunlar isə ölkə əhəmiyyətli, Bakı şəhərinin rayon və qəsəbələri üzrə, eləcə də, ölkənin iqtisadi regionları üzrə kompleks tədbirlərdən ibarətdir.
Yeni regional proqramda vurğulanır ki, büdcə-vergi siyasətində əsas məqsədlərdən biri qeyri-neft sektorunun dayanıqlı inkişafına, ölkənin makroiqtisadi vəziyyətinin sabit saxlanılmasına, iqtisadiyyatın səmərəli tərzdə tənzimlənməsi və onun dinamik inkişafının stimullaşdırılmasına nail olmaqdan ibarətdir. Bu baxımdan, yaxın gələcəkdə istehsalın genişləndirilməsi, rəqabət qabiliyyətli iqtisadiyyatın, infrastrukturun, əlverişli investisiya mühitinin yaradılması mühüm vəzifə kimi qarşıda durur.
Ümumiyyətlə, Dövlət Proqramında ölkə iqtisadiyyatının prioritet istiqamətləri aydın göstərilib. Bu, kənd təsərrüfatına dövlət qayğısının və bu sahəyə subsidiyaların artırılmasını, emal müəssisələrinin yaradılmasına investisiyaların cəlbini, qeyri-neft, qeyri-xammal sənaye sahələrinin, turizmin inkişafının dəstəklənməsini nəzərdə tutur.
Dövlət Proqramında əminliklə vurğulanır ki, qarşıdakı illərdə özəlləşdirməyə açılmış müəssisələrdə şəffaf və səmərəli özəlləşdirmə prosesinin həyata keçirilməsi davam etdiriləcəkdir. Qeyri-neft sektorunda müəssisələrin investisiya fəaliyyəti dəstəklənəcək, müasir istehsal avadanlıqlarının quraşdırılması sürətləndiriləcək.
Yuxarıda qeyd edilənlərlə yanaşı, qarşıdakı illərdə məşğulluq siyasətinin, miqrasiya prosesinin konkret məsələlər əsasında tənzimlənməsi, sosial təminatın gücləndirilməsi, təhsil, səhiyyə və mədəniyyət sahələrində mövcud problemlərin aradan qaldırılması üçün regional proqramda konkret tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur.
"Azərbaycan dövləti bütün sosial məsələlərin həlli üçün səmərəli işləyir və insanların həyat səviyyəsinin yaxşılaşdırılması, dünyada hökm sürən böhrandan maksimum dərəcədə müdafiə üçün hər şeyi edir"- Prezident İlham Əliyevin bu sözləri bir daha təsdiqləyir ki, 2009-2013-cü illəri əhatə edən Dövlət Proqramında da sosial yönümlü islahatlar üstünlük təşkil edir.
Artıq hər bir vətəndaş yeni Dövlət Proqramının real nəticələrini gündəlik həyatında hiss edir. İqtisadiyyatın ümumi inkişafının dinamik xarakter almasının, maliyyə imkanlarının güclənməsinin sosial tədbirlərin reallaşdırılmasına mühüm əhəmiyyət verilir.
Regionlarda magistral və rayonlararası yollar, bir sıra iri kənd təsərrüfatı məhsulları emalı müəssisələri, tikinti materialları buraxan obyektlər, onlarca təhsil, səhiyyə müəssisələri tikilib və ya yenidən qurulub. Hazırda regionlarda əhalinin və sahibkarların kommunal xidmətlərlə təminatını daha da yaxşılaşdırmaq məqsədilə qaz kəmərləri, su xətləri çəkilir.
Regionların sosial-iqtisadi inkişafının əsas istiqamətləri üzrə yeni Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinin dinamikası, tədbirlər üzrə ötən aylarda görülən işlərin həcmi və məqsədəuyğunluğu göstərir ki, regionlara göstərilən diqqət və qayğı nəticəsində ölkə vətəndaşlarının sosial vəziyyəti və maddi rifahı yaxşılaşmaqda davam edir.

Digər xəbərlər