PDF Oxu

Sosial

  • 18

Müstəqil Azərbaycan, şəffaf seçki, azad seçici

Müstəqil Azərbaycan, şəffaf seçki, azad seçici

Müstəqilliyin və demokratiyanın bərqərar olduğu Azərbaycanda növbəti parlament seçkiləri keçirildi. Seçkilərdə xalqımız çox fəal iştirak etdi. Bu seçkilərdə də səs çoxluğu ilə YAP-ın namizədləri qələbə qazandı. Bu isə, ölkəmizin inkişafından, xalqımızın dünyagörüşünün yüksək olmasından xəbər verir. Dünya standartlarına cavab verən seçkilər qanunauyğun, tam demokratik şəkildə keçirildi. Dövlətimiz seçkilərin tam şəffaf qaydada keçirilməsi üçün çox böyük əmək sərf etdi. Beynəlxalq təşkilatların müşahidəsi, veb-kameraların təşkili, barmaqların mürəkkəblə işarələnməsi çox yüksək səviyyədə təşkil olunmuşdur.

Yevda Abramov:

- Seçkilər yüksək səviyyədə, inanılmaz dərəcədə azad və şəffaf keçirildi. Təbliğat və təşviqat zamanı hər şey necə qanun çərçivəsində baş verirdisə, eləcə də, seçki günü tam qanuna uyğunluqla seçkilər keçirildi. Namizədlərə pulsuz efir vaxtının verilməsi, veb-kameralar, yerli və xarici müşahidəçilər demokratiyanın və şəffaflığın olmasından xəbər verir. Dünyanın heç bir ölkəsində olmayan şərait məhz Azərbaycanda yaradılmışdır. Bütün bunların hamısı möhtərəm Prezidentimiz İlham Əliyevin böyük iradəsi sayəsində baş verən proseslərdir. Məntəqələrdə, dairələrdə insanlar axın-axın seçkilərə gəlirdilər. Bu seçkilər ölkəmizin siyasi həyatında çox ciddi rol oynadı. Azad, demokratik və hüquqi dövlət olan müstəqil Azərbaycanda hər şey qanun və məhkəmə yolu ilə həll olunur. Ümumiyyətlə, Azərbaycanda seçki prosesi ilə bağlı bir sıra yeniliklər Avropa dövlətlərindəki seçkilərdən də çox yüksək səviyyədə təşkil edilmişdir. Seçicilərimiz isə, ölkəmizdə keçirilən prezident, parlament, bələdiyyə seçkilərində çox yaxından və fəal iştirak ediblər. Xalqımız kimi istədiyini, kimə səs verdiyini çox yaxşı bilir. Təbii ki, dövlətimiz və MSK bütün namizədlərə eyni şərait yaratmışdır. Hər namizədin hüququ eyni idi. Təbliğat və təşviqat üçün eyni məkan və pulsuz efir vaxtı ayrılmışdı. Seçicilərin seçimi ilə üstünlük YAP namizədlərinin tərəfində oldu. Seçkinin nəticələrindən razı qalmayıb məğlub olan müxalifətçilər həmişə qeyri-real bəyanatla çıxış edir, lazımsız fikirlər səsləndirirlər. Onların qalib olmaları üçün heç bir əsas yoxdur. Seçicilərin onları qalib görmək istəmədiyi üçün çox az səs faizi müxalifət namizədləri məğlub oldular. Onlar lazımsız, heç bir əhəmiyyəti olmayan mitinqlər keçirməklə cəmiyyəti də bu mitinqlərə cəlb etmək istəyirlər. Mitinqə getmək istəyənlər isə yalnız öz ətraflarında olan bir qrup səviyyəsiz insanlardır. Ölkəmizin əleyhinə yönəlmiş bu cür anormal mitinqlərə Azərbaycan xalqı heç vaxt getməyib və getməyəcək də.

Azay Quliyev:

- Budəfəki parlament seçkiləri də dövlətimizin, MSK və DSK-nın böyük əməyi sayəsində çox sakit, normal bir şəraitdə keçdi və qanundan kənar heç bir hadisə baş vermədi. Təbliğat və təşviqat zamanı bütün namizədlər üçün eyni şərait yaradılmışdır. Bütün partiyadan olan namizədlərə 4 dəqiqəlik pulsuz efir vaxtı və seçicilərlə görüşmək üçün eyni yer ayrılmışdı. Namizədlər azad və sərbəst şəraitdə seçiciləri ilə görüşüb öz sözlərini deyə bilirdilər. Bundan əlavə, bütün məntəqələrdə yerli və xarici müşahidəçilər, o cümlədən, veb-kameralar da vardı. Bu isə, ölkəmizdə əsil demokratiya mühitinin olmasından xəbər verirdi. Seçicilər məntəqələrə gedərək, azad və gizli formada istədiyi namizədə səs verirdi. Saxtakarlıq, qanunauyğun olmayan heç bir hərəkət baş vermədi. Xalqımız, hər zaman olduğu kimi, budəfəki seçkilərdə də çox fəal iştirak etdilər və ən layiqli namizədlərə səs verdilər. Ənənəvi müxalifətə gəlincə isə, onlar 2005-ci ildə də keçirilən parlament seçkilərini saxta adlandırdılar. Seçkilərin qeyri-şəffaf, qeyri-demokratik olduğunu iddia etdilər. Artıq bu, onlarda daimi bir adət və ənənə halına çevrilibdir. Təbii ki, bunu da normal qarşılamaq lazımdır. Onsuz da bilirik ki, onlar heç zaman insanlar tərəfindən rəğbət və hörmət qazanmayacaq. Radikal müxalifətçilərin ağlı, düşüncələri kimi seçkilərlə bağlı verdiyi bəyanatlar da sərsəm və çox iyrənc görünür. Onlarda belə bir düşüncə tərzi var ki, əgər biz seçiliriksə, seçkilər şəffaf keçirilir, yox əgər seçilmiriksə, deməli, burada saxtakarlıq, qanunsuzluq var. Onların düşüncə tərzi və dünyagörüşlərinin az olması elə buradan aydın olur. Gərək həm udmağı, həm də uduzmağı bacarasan.
Namizədi olduğum dairə də heç bir saxtakarlıq, qanunsuzluq qeydə alınmadı. Hər şey qanun çərçivəsində baş verdi. Əgər müxalifətdən olan namizədlər bildirsə ki, həmin dairədə də saxtakarlıq olmuşdur, əlbəttə ki, bu, həqiqətən də, haqsızlıq olar. ABŞ Dövlət Departamentinin də seçkilərlə bağlı qeyri-real bəyanat səsləndirməsinə çox təəssüflənirəm. Amerika Dövlət Departamenti seçkilərin gedişatı ilə bağlı prosesi cəmi 35 nəfərlə müşahidə etdiyini bildirmişdir. Kiçik bir heyətlə böyük bir prosesi izləmək və sonradan bu cür bəyanat vermək absurddur. Amerika Dövlət Departamentinin rəyi digər beynəlxalq təşkilatların verdiyi rəylə qətiyyən uyğun gəlmir. Beynəlxalq təşkilatlar seçkilər barədə öz müsbət rəylərini çoxdan bildiriblər. Bu gün ABŞ-ın çox az bir heyətlə seçkiyə bu cür qiymət verməsi obyektiv yanaşma deyil.

Tahir Süleymanov:

- Hər zaman olduğu kimi, budəfəki parlament seçkiləri də öz şəffaflığı ilə yadda qaldı. Hər şey çox yüksək səviyyədə təşkil olunmuşdu. Dövlətimiz seçkilərin belə azad və demokratik keçirilməsi üçün əvvəlcədən bütün tədbirləri görmüşdü. 1993-cü ildən indiyə qədər ölkəmizdə keçirilən bütün seçkilər çox demokratik və azad keçir. Bu isə, Ulu Öndər Heydər Əliyev siyasətinin çox mükəmməl olduğundan xəbər verir. Bakı şəhərində, ümumiyyətlə, bütün rayonlarımızda seçkinin şəffaf keçirilməsinə şübhə belə yoxdur. Amma nədənsə ənənəvi müxalifət və Amerika Dövlət Departamenti seçkilərdən "narazı" qaldı. Müxalifət yenidən, öz dövründə olduğu kimi, vəzifə kürsüsündə otura və vəzifəsindən sui-istifadə edə bilmədi. Əlbəttə ki, bu, onlar üçün çox acınacaqlı və taleyüklü bir məsələdir. Bəyanatları kimi düşüncələri də sərsəm olan radikallar bu acı ilə heç cür barışa bilmirlər. Əlləri parlamentin qapısına çatmayanda, başlayırlar deməyə ki, saxtakarlıq baş alıb gedir. ABŞ Dövlət Departamenti isə, Bakı şəhərində olan zaman seçkilər barədə müsbət rəy vermişdir. Amma sonradan öz fikirlərini dəyişərək özlərinə sərf edən tərəfdən çıxış etdilər. Yəni seçkilərlə bağlı qeyri-real bəyanat verdilər. Əvvəl müsbət sonra da mənfi rəy vermələri xoşagələn hal deyil. Bunu Azərbaycan dövlətinə ikili standart yanaşmaları kimi dəyərləndirmək olar.

Demokratik Sol Partiyasının sədri Elşən Manafov:

- Beynəlxalq təşkilatlarında bildirdiyi kimi, builki parlament seçkiləri tam ədalətli bir şəkildə keçirildi. Əsas məsələ isə, ondan ibarət idi ki, seçim hüququ olan seçicilərin böyük bir qismi seçkilərdə iştirak etdilər. Demokratik Sol Partiya olaraq bizimlə sosialist partiyaların koordinasiya şurasında təmsil olunan Mütərəqqi Sosialist Partiyası ilə birlikdə artıq bəyanat da yaymışıq. Həmin bəyanatda vurğulanır ki, Azərbaycan parlamentinin legitimliyini tanıyırıq və seçkilər azad şəkildə baş tutuduğunu qəbul edirik. Ənənəvi müxalifət adlandırılan siyasətçilərin əldə edə bilmədiyi uğurlar isə həmən partiya liderlərinin elektron məkana təsir imkanlarının zəifləməsi və seçicilər tərəfində etimadlarının aşağı düşməsi ilə bağlıdır. Demokratik Sol Partiya olaraq hakimiyyətlə konstruktiv əməkdaşlıq mövqeyindən çıxış edirik. Maraqlı haldır ki, bu seçkilərdə hakimiyyətlə opponentlik etmək istəyə sağ müxalifətçilər seçkilərə solçuların şüarı ilə gedirdilər. Onların bir çoxunda elə şüarlar var idi ki, sanki deputatlığa deyil, prezidentliyə namizəddirlər. Parlament seçkiləri ilə prezident seçkilərini səhv salmışdılar. Azərbaycanda ümumi dövlət quruculuğuna kifayət qədər ciddi önəm vermiş amil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunması idi ki, bunu da Ulu Öndər Heydər Əliyev etdi. Azərbaycanda sovet rejimindən hüquqi dövlət quruculuğuna keçirdi və həmin Konstitusiynı təsdiq etdirdi. Müxalifət isə, hakimiyyətdə olduğu zaman öz opponentlərinə ciddi təzyiq edirdilər, sanki repressiya maşını işə düşmüşdü. O zaman hətta Pənah Hüseynov bəyan etmişdir ki, seçicilərin 95%-i belə əleyhimizə çıxsalar da yenə də hakimiyyətdən getməyəcəyik. Özünü "azadlıq aşiqi" adlandıran Nemət Pənahov, İsa Qəmbərov, Əli Kərimov kimi insanlar artıq məğlub olublar. İsa Qəmbərov seçkilərə az qalmış erməni müxalifətinin aparıcı partiyalar ilə əməkdaşlıq haqqında müqavilə imzalaması həmən partiyanın nüfuzunun bir daha aşağı düşməsinə səbəb oldu.

Digər xəbərlər