PDF Oxu

Sosial

  • 16

Bakıda keçirilən Xəzər sammiti status məsələsinin həllinə təkan verə bilər

Bakıda keçirilən Xəzər sammiti status məsələsinin həllinə təkan verə bilər

Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə sahilyanı ölkələrin dövlət başçılarının Bakıda keçirilən Zirvə sammiti xeyli vaxtdan bəri status məsələsinin həllini sürətləndirə bilər. Qeyd edək ki, sammitə beş Xəzəryanı ölkənin dövlət başçısının qatılması və müzakirələrin konstruktiv şəkildə davam etdirilməsi Bakı sammitinin nəticələrinin ümumi prosesə də müsbət təsirlərinin olacağı barədə ehtimalların irəli sürülməsi ilə müşayiət olunur. Baxmayaraq ki, Xəzərin bölünməsinə dair konvensiya layihəsinin imzalanması hələ baş tutmayıb, siyasi ekspertlər tərəflərin konvensiya layihəsini imzalamağa yaxın olduğunu bildirirlər.
Onu da qeyd edək ki, Bakıda keçirilən sammitdə çıxış edən Rusiya prezidenti Dmitri Medvedev Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinə dair konvensiya layihəsinin gələn il Rusiyada keçiriləcək sammitdə imzalanmasının mümkünlüyünü istisna etməyib.
Politoloqlar isə artıq Xəzərin hüquqi statusu ilə bağlı üç sahilyanı ölkə arasında razılaşmanın olduğunu, gələn ilə qədər Türkmənistan və Azərbaycan arasında da razılaşmanın əldə olunması üçün tərəflərin səylər göstərəcəyini bildirərək, İran 20% pay iddiası üzərində qalmaqda davam etsə belə, məsələnin "4+1" formatında həll ediləcəyini bildirirlər.

Politoloq Rasim Musabəyov:
- Bakıda keçirilən Xəzər sammitinin nəticələri, hesab edirəm ki, müsbətdir. Çünki sammitdə tərəflər arasında keçirilən müzakirələr kifayət qədər konstruktiv dialoq şəklində baş tutdu. Sahilyanı ölkələrin dövlət başçıları tərəfindən təhlükəsizlik sahəsində əməkdaşlığa dair sənədi və birgə bəyannaməni imzalanması da müzakirələrin kifayət qədər yaxşı atmosferdə keçdiyini deməyə əsas verir. Ona görə də Bakı sammiti problemi tam həll etməsə də, prosesin canlandırılmasına müsbət təsir göstərəcək. Ola bilər ki, Rusiya prezidentinin dediyi kimi, bir ildən sonra sahilyanı ölkələr beştərəfli konvensiya layihəsini imzalasınlar. Bu, o deməkdir ki, bir ildə sahilyanı ölkələr arasında ikitərəfli danışıqlar sürətlə gedəcək. Azərbaycan həm İran, həm də Türkmənistanla ikitərəfli danışıqlarını intensiv şəkildə aparmalıdır. Türkmənistanla mövqelərdə daha çox yaxınlıq olduğuna görə yaxın bir ildə ikitərəfli danışıqlarda nəticənin əldə olunmasına daha çox şans var. Hər halda, burada Türkmənistanla Azərbaycan arasında yaxınlaşma müşahidə olunur. Əslində, İranın 20% pay iddiası təkcə Azərbaycana deyil, çünki Rusiya, Azərbaycan və Qazaxıstan üçtərəfli razılaşma əldə ediblər. İran 20% payı Azərbaycan və Türkmənistanın ərazi sularından istəyir. Əgər Türkmənistanla ikitərəfli razılaşma əldə olunsa, bu halda, İranın 20% pay iddiası heç nəyi dəyişməyəcək. Yəni məsələ "4+1" formatında həll oluna bilər.

Digər xəbərlər