PDF Oxu

Sosial

  • 18

Düzgün iqtisadi strategiya

Düzgün iqtisadi strategiya
Bazar iqtisadiyyatı infrastrukturlarının inkişafında son illər dövlətin gördüyü işlər hər birimizin gözü qarşısında baş verir. Bu gün ölkənin sosial-iqtisadi inkişafının strateji xətti, onun reallaşma istiqamətləri Ulu Öndərimiz Heydər Əliyev tərəfindən müəyyən edilibdir. Ulu Öndərimiz Heydər Əliyevin başladığı işləri Onun uğurlu davamçısı Prezident İlham Əliyev yeni keyfiyyət halına gətirib. Məlumdur ki, 2008-ci ildən etibarən dünyada cərəyan edən, bütün dünyanı silkələyən və nəhəng şirkətlərin müflisləşməsinə səbəb olan iqtisadi böhran da məhz qloballaşma prosesi nəticəsində vahid orqanizmə çevrilən dünya iqtisadiyyatını qısa zamanda əhatə etmişdir. Ölkə iqtisadiyyatında son illər təmin edilmiş iqtisadi dinamika, davamlı inkişaf tempi 2010-cu ildə də qorunub saxlanılmış və daha da möhkəmləndirilmişdir. Bütün bunlar Nazirlər Kabinetinin son iclasında da bir daha təsdiq edildi. Belə ki, ötən doqquz ay ərzində Azərbaycan iqtisadiyyatında əldə edilmiş dinamik inkişaf davam etdirilibdir. Ötən müddət ərzində ÜDM-in həcmi 4,1 faiz artaraq 29,3 milyard manata bərabər olub. Milli iqtisadiyyatın inkişafını xarakterizə edən mühüm göstəricilərdən olan sənaye istehsalının artımı 3,1 faiz, qeyri-neft sektorunun artımı isə 5,2 faiz təşkil edibdir. Bu müddət ərzində bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 6,6 faiz artaraq 319 manata, əhalinin adambaşına düşən gəlirləri 10 faiz artaraq 2 min 16 manata, adambaşına düşən ümumi daxili məhsul isə 2,8 faiz artaraq 3 min 286 manata çatmışdır. Vergi və digər icbari ödənişlər çıxıldıqdan sonra əhalinin sərəncamında qalan vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz çox olmuşdur. Bu da əhalinin pul gəlirlərinin artım sürətinin mövcud inflyasiya səviyyəsini iki dəfə üstələməsi deməkdir. Cari ilin doqquz ayı ərzində dövlət büdcəsinin mədaxili 7 milyard 505 milyon manat və ya 93,6 faiz yerinə yetirilibdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 270 milyon manat və ya 3,7 faiz çoxdur. Eyni zamanda, qeyd etmək lazımdır ki, dövlətin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi istiqamətində reallaşdırdığı tədbirlər artıq öz bəhrəsini verməkdədir. Bu sahədən daxilolmaların 2009-cu ilin müvafiq dövrünə nisbətən 89 milyon manat və yaxud 5,3 faiz çox olması da bunu bir daha təsdiqləyir. Büdcə daxilolmalarının başqa bir mənbəyi olan gömrük rüsumlarında da müvafiq mənzərə müşahidə edilib. Belə ki, baxılan dövrdə Dövlət Gömrük Komitəsi büdcə proqnozuna 100 faiz əməl edərək, büdcəyə 730 milyon manat vəsait yönəldilibdir. Neft fondundan dövlət büdcəsinə 3 milyard 625 milyon manat məbləğində transfert olub, sair daxilolmalar üzrə isə dövlət büdcəsinə 22 milyon manat vəsait ödənilibdir. Həmçinin, cari ilin doqquz ayı ərzində dövlət büdcəsinin xərcləri 6 milyard 837 milyon manat və ya 83,9 faiz səviyyəsində icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 380 milyon manat çoxdur. Ötən ilin müvafiq dövrünə nisbətən bu ilin doqquz ayında dövlət büdcəsindən müdafiə xərclərinə 20 faiz, kənd təsərrüfatı xərclərinə 14,2 faiz, sosial müdafiə və sosial təminat xərclərinə 13,9 faiz, mənzil-kommunal təsərrüfatı xərclərinə 9,4 faiz, mədəniyyət xərclərinə 8,3 faiz, səhiyyə xərclərinə isə 5,9 faiz çox vəsait yönəldilibdir. Əvvəlki dövrlərdə olduğu kimi, ötən doqquz ayda da ölkədə sosial məsələlərin həllinə, insanların yaşayış şəraitinin daha da yaxşılaşdırılmasına çox böyük diqqət göstərilmiş, bu məsələlər prioritetlik kəsb edir. Bu baxımdan icra olunmuş dövlət büdcəsi xərclərinin 2 milyard 65 milyon manatı və ya 30,2 faizi sosialyönümlü tədbirlərin, yəni təhsil, səhiyyə, sosial təminat, mədəniyyət sahələrinin maliyyə təminatına sərf edilibdir ki, bu da 2009-cu ilin eyni dövrü ilə müqayisədə 124 milyon manat və ya 6,4 faiz çoxdur. Bu isə o deməkdir ki, cari ildə də ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan dövlətinin diqqət mərkəzində olub. Minimum əmək haqqı, pensiyaların baza hissəsi, əmək haqlarının artırılması və ümumilikdə, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində xeyli sayda sosial təşəbbüslərin irəli sürülməsi, yeni məktəblərin, xəstəxanaların tikilərək istifadəyə verilməsi də məhz bunun nəticəsidir. Eyni zamanda, şəhid ailəsi üçün müəyyən edilmiş Prezident təqaüdünün məbləğinə 50 faiz əlavə edilibdir ki, bu da 14 minə yaxın insanı əhatə edir. O cümlədən, 87 min nəfərdən artıq doktorant, ali, orta ixtisas və peşə məktəbləri və peşə liseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin məbləğində də orta hesabla, 15 faizlik artım müşahidə edilibdir. Bu da artımların tətbiqi ilə təqribən 3 milyon nəfərin güzəranının nisbətən yaxşılaşması deməkdir. Qeyd etmək lazımdır ki, 2010-cu ildə təbiətdə baş verən iqlim dəyişiklikləri və müxtəlif fəlakətlərlə əlaqədar olaraq regionun bir çox ölkələrində kənd təsərrüfatına və ərzaq istehsalına əhəmiyyətli dərəcədə ziyan dəymişdir. Müvafiq olaraq, bəzi ölkələr taxıl və digər əmtəələrin ixracının həyata keçirilməsinə embarqolar tətbiq etmək məcburiyyətində qalmışdır ki, bunun da nəticəsində taxılın və bir çox ərzaq məhsullarının qiymətlərində artım baş vermişdir. Bütün bunları əvvəlcədən qiymətləndirən Azərbaycan hökuməti 2010-2011-ci illər üçün tədarük olunan taxıl məhsullarının həcminin əlavə olaraq 250 min ton artırılmasına dair dövlət büdcəsinin ehtiyat fondundan 50 milyon manat vəsait ayırmışdır. Bu da, öz növbəsində, ölkənin daxili bazarında taxıl və ərzaq məhsullarının qiymətlərinin sabit qalması üçün zəmin yaratmışdır. Əvvəlki illərdə olduğu kimi, cari ildə də sahibkarlığın müxtəlif formalarının, ümumilikdə, özəl sektorun inkişafı prioritet məsələ kimi diqqət mərkəzində olubdur. Bu məqsədlə sahibkarlara maliyyə dəstəyinin artırılması, onların güzəştli kreditlərə çıxış imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyət davam etdirilmiş, Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə 1016 sahibkarlıq subyektinə 81 milyon manat məbləğində güzəştli kreditlər verilibdir. Ayrılmış vəsaitin 62 milyon manatı və ya 76,1 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalını stimullaşdıran infrastruktur layihələrinə, 16 milyon manatı və ya 20,4 faizi sənaye məhsullarının istehsalı və emalı layihələrinə, 3 milyon manatı və ya 3,5 faizi turizm infrastrukturunun inkişafı layihələrinə yönəldilib. Bütövlükdə, fond tərəfindən ayrılmış kreditlərin 44 milyon manatı və ya 54 faizi dövlət büdcəsində Sahibkarlığa Kömək Milli Fondu üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilibdir. İlin 9 ayı ərzində müxtəlif istiqamətləri, o cümlədən, regionları əhatə edən infrastruktur layihələrin icrası uğurla davam etdirilmiş və nəhəng layihələr - nəqliyyat, energetika, tikinti və s. sahələri əhatə edən layihələr uğurla icra olunmuşdur. Belə layihələrin həyata keçirilməsi ölkənin uzunmüddətli dayanıqlı inkişafını təmin edir və şübhəsiz ki, qeyri-neft sektorunun inkişafına ciddi təkan verir. Ümumiyyətlə, Azərbaycanda son illər ərzində infrastruktur sahələrin inkişafına çox böyük vəsaitlər qoyulubdur. Demək olar ki, dövlət xərclərinin böyük əksəriyyəti infrastruktur layihələrinə sərf olunub, elektrik stansiyaları tikilmiş, qaz xətləri çəkilib, su və meliorasiya məsələlərinin həlli üçün əməli-praktik işlər görülübdür. Avtomobil yolları, dəmir yolu, hava, dəniz nəqliyyatı və s. sahələrin inkişafı isə göz qabağındadır. Sevindirici haldır ki, ümumilikdə, ölkənin hərtərəfli inkişafı, regionların inkişafı üçün həyata keçirilən infrastruktur layihələri, nəhəng transmilli layihələrlə paralel həyata keçirilir ki, bu da qarşıya qoyulmuş məqsədlərin tamamlanmasında öz bəhrəsini verir. Məhz həyata keçirilən layihələrin nəticəsidir ki, son doqquz ayda da regionların sürətli inkişafı davam etmişdir. Demək olar ki, regionların sosial-iqtisadi inkişafı haqqında məlum Dövlət Proqramı uğurla icra edilmiş, həm infrastruktur layihələri, həm də özəl biznesin inkişafı üçün aparılan işlər, qoyulan sərmayələr regional inkişafı daha da sürətləndirmişdir. Bütün bunlar isə, onu göstərir ki, qeyri-neft sektorunun inkişafına son beş il ərzində verilən dəstək və diqqət öz gözəl bəhrəsini verir və Azərbaycan iqtisadiyyatı artıq çoxşaxəli istiqamətlərdə davamlı inkişaf etməkdədir. Əldə edilmiş dinamikanın nəticəsidir ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində hal-hazırda ayrı-ayrı regionlarda 211 müəssisənin, o cümlədən, 80 sənaye, 57 kənd təsərrüfatı, 63 xidmət müəssisəsinin tikintisi davam etdirilir. Beləliklə də, qeyd etmək lazımdır ki, istər son illər, istərsə də ötən doqquz ayda əldə edilmiş iqtisadi uğurların əsas səbəbi ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış daxili və xarici siyasətin bəhrəsidir. Məhz düzgün siyasətin nəticəsidir ki, artıq Azərbaycan, nəinki regionda, hətta dünyada söz sahibi olan, özünəməxsus mövqeyə malik islahatçı bir ölkə kimi qəbul edilir. Təbii ki, güclü iqtisadi dayağı olmayan siyasət lazımi səmərə verə bilməz. Bunu çox düzgün qiymətləndirən Azərbaycan hökuməti iqtisadi və siyasi sahədə atdığı addımları uzlaşdırmış və nəticədə də məqsədə nail olmuşdur.

Digər xəbərlər