Nəzərlər Astanaya dikilib
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin irəli aparılması ilə bağlı ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin təşəbbüsləri dekabrda ATƏT-ə üzv olan ölkələrin XİN başçılarının Astanda keçiriləcək sammiti ərəfəsində daha da artır. Baxmayaraq ki, il ərzində Minsk Qrupuna həmsədrlik edən ölkələrin - xüsusilə də ABŞ və Fransanın prosesi irəli aparmaq üçün göstərdiyi cəhdlər nəticə vermədi, vasitəçilər sülh danışıqlarının canlandırılması üçün səylərini davam etdirirlər. Rusiya prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Həştərxanda keçirilən görüşü bu istiqamətdə müsbət irəliləyiş kimi dəyərləndirilə bilər.
Qeyd edək ki, Həştərxan görüşündə tərəflər arasında qəbul edilmiş birgə bəyannaməyə əsasən, hər iki tərəfdən əsir götürülən şəxslərin, xüsusilə də bir neçə aydan bəri Ermənistan tərəfində qalan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun və gizir Fərid Əhmədovun meyitlərinin geri qaytarılması reallaşdığından, ekspertlər Rusiyanın prosesi irəli aparmaq təşəbbüslərini təqdir edirlər.
Qeyd edək ki, münaqişənin işğal olunmuş Azərbaycan ərazilərinin mərhələli şəkildə azad edilməsini nəzərdə tutan yenilənmiş "Madrid prinspləri"nə uyğun şəkildə həll edilməsinə dair məsələlərin bir ildən bəri gündəlikdə olmasına baxmayaraq, Ermənistan tərəfi hələ də bu təkliflərlə bağlı ortaya konkret mövqe qoymayıb. Bununla belə, vasitəçilər ATƏT-ə üzv olan ölkələrin XİN başçılarının Astana sammiti ərəfəsində tərəflər arasında bu istiqamətdə müəyyən irəliləyişlərin əldə olunması üçün müəyyən təşəbbüslər göstərirlər. Elə Astana sammiti öncəsi Moskvada üç ölkənin XİN başçıları arasında keçirilən məsləhətləşmələr də belə deməyə əsas yaradır. Hələlik, Astana sammitində münaqişənin həlli istiqamətində hansı qərarların qəbul edilcəyi bəlli olmasa da, reallıq ondan ibarətdir ki, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Həştərxan görüşündə hər iki tərəfdən olan əsir və girovların geri qaytarılması ilə bağlı öhdəliyin yerinə yetirilməsi istisna olmaqla, Ermənistan tərəfi münaqişənin sülh yolu ilə həllinə maraqlı olmasına dair heç bir addım atmayıb. Odur ki, Astana sammitinə maraq böyükdür.
Artıq Qazaxıstan tərəfi də Astana sammitində münaqişənin nizamlanmasında dönüş olacağı barədə fikirlərə aydınlıq gətirib. Qazaxıstan prezidenti Nursultan Nazarbayev Astanada keçiriləcək sammitdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin müzakirə ediləcəyini və müzakirələrin nəticəsi olaraq bu istiqamətdə simvolik olaraq hansısa qərarların qəbul edilməsinin mümkünlüyünü istisna etməyib. Bununla belə, Qazaxıstan prezidenti sammitdə münaqişənin həllinə dair hansısa həlledici qərarın qəbul edilməsinin gözlənilən olmadığını deyib.
Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair il ərzində aparılan danışıqlarda ciddi irəliləyişlərin olmadığını bildirən siyasi ekspertlər isə, hesab edirlər ki, Astana sammitində keçirilən müzakirələr Ermənistanın problemin həlli ilə bağlı tutduğu qeyri-konstruktiv mövqeyin dəyişməsinə hər hansı şəkildə təsir göstərməzsə, bu halda, gündəmə yenidən məsələnin BMT Baş Assambleyasına çıxarılması gələ bilər. Xatırladaq ki, bir qədər əvvəl Azərbaycanın BMT yanındakı daimi nümayəndəsi Aqşin Mehdiyev də Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətlə bağlı qətnamə layihəsinin BMT Baş Assambleyasının 63-cü sessiyasının gündəliyində olduğunu və dekabrda bu qətnamə layihəsi ilə bağlı müzakirələrin keçirilməsinin mümkünlüyünü istisna etməmişdi. Bu baxımdan da, ekspertlər Astana sammitində keçirilən müzakirələr lazımi effekt vermədiyi halda, məsələnin BMT Baş Assambleyasına çıxarılmasının qaçılmaz olacağını bildirirlər.