PDF Oxu

Sosial

  • 16

Seçkilər YAP-ın uğurlu qələbəsi ilə başa çatdı

Seçkilər YAP-ın uğurlu qələbəsi ilə başa çatdı

Demokratik prinsiplərin bərqərar olduğu müstəqil Azərbaycanda 7 noyabr parlament seçkiləri YAP-ın uğurlu qələbəsi ilə başa çatdı. Azərbaycan demokratik, hüquqi, azad dövlətdir. Budəfəki parlament seçkilərində xalqımız Yeni Azərbaycan Partiyası ətrafında sıx birləşdi. Azərbaycanda keçirilən və dünya standartlarına cavab verən 7 noyabr parlament seçkiləri növbəti 5 ildə ölkəmiz üçün əsl uğur təntənəsi olacaqdır. Bunu söhbət etdiyimiz bəzi millət vəkilləri də təsdiqlədi.
Millət vəkili, YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı:
- Azərbaycanda möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət ölkəmizin gündən-günə daha da inkişafına, cəmiyyətimizdə demokratik mühitin dərindən formalaşmasına və insanların seçkilərdə fəal iştirakına səbəb olur. İnsanlar cənab Prezidentimizin siyasətini dəstəklədiklərini seçkilərdə fəal iştirakları ilə bildirdilər və çox aktiv bir şəkildə 7 noyabr parlament seçkilərində iştirak etdilər. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam edən bu siyasətin alternativi yoxdur. Bunu seçicilər də seçkilərdə iştirak edib YAP namizədlərinə səs verərək, bir daha təsdiqlədilər. Xalq birmənalı olaraq, YAP-a sadiq olduqlarını nümayiş etdirdilər. Azərbaycanda görülən bütün işlərdə, uğurlu layihələrdə xalqımız möhtərəm Prezidentimizi dəstəkləyir. Bunun nəticəsi olaraq da, 70-ə yaxın YAP namizədi parlament seçkilərində qalib oldu. Bu qələbə bütövlükdə partiyamızın, partiyamızın Sədri cənab İlham Əliyevin qələbəsidir. Seçicilərin fəal və mütəşəkkil şəkildə seçkilərdə iştirakı ölkəmizdə demokratik mühitin olmasından xəbər verir. Beynəlxalq təşkilatların müşahidəçiləri də seçkilərin şəffaf, heç bir saxtakarlıq olmadan keçirildiyini bildirdilər. Cəmiyyət inkişaf etdikcə, demokratiya da inkişaf edir. Azərbaycan artıq 20 ilə yaxındır ki, müstəqil, dünyəvi və hüquqi bir dövlətdir. Müxalifətin məğlubiyyətinə gəlincə isə, onlar hər dəfə öz məğlubiyyətlərini əsaslandırmaq üçün boş-boş, sərsəm bəyanatlar verirlər. Amma düşünmürlər ki, məğlubiyyəti də etiraf etmək demokratiyanın ən yüksək dəyərlərindən biridir. Siyasi arenada iki tərəf olur - qalib və məğlub tərəf. Müxalifətin məğlub olmasını qəbul etməməsi elə demokratiyaya xələl gətirmək deməkdir. Dünyanın heç bir ölkəsində seçkilərdə iki tərəf də qələbə çalmır. Məğlub tərəf hər zaman qalib tərəfi təbrik edir. Çox təəssüflər olsun ki, Azərbaycan müxalifətində səviyyə aşağı olduğu üçün qalib tərəfi təbrik etməyi bacarmır. Onlar demokratiya deyəndə, hesab edirlər ki, kiməsə qara ləkə yaxsınlar, hər şeyə kölə salsınlar. Azərbaycan xalqı hər seçkidən sonra müxalifətin bu sərsəm bəyanatlarına öyrənibdir. Artıq beynəlxalq təşkilatlar da onların sözlərini eşitmirlər. Ona görə də, boş-boş danışan radikal müxalif qruplara fikir verməməli, cənab Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşməliyik. 7 noyabrda parlament seçkisi oldu, 8-ində isə, çox böyük, uğurlu layihələrin açılışında Prezidentimiz iştirak etdi. Yeganə lider partiya YAP-dır. Azərbaycan gündən-günə gözəlləşir, vətənimizə gələn əcnəbi vətəndaşlar ölkəmizin gözəlliyinə heyran olurlar. Qarşıdan gələn 5 il müddətində həyata keçirilən uğurlu layihələrimiz daha da çox olacaqdır.

Millət vəkili
Ziyad Səmədzadə:
- Birmənalı şəkildə bildirmək istəyirəm ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra həyata keçirilən hüquqi, siyasi və iqtisadi islahatlar cəmiyyətimizin demokratikləşməsi istiqamətində görülən işlərin səmərəsini xeyli dərəcədə artırmışdır. Bunun nəticəsidir ki, hər seçkidən-seçkiyə demokratikləşmə prinsipi daha da yaxşılaşır. Seçki Məcəlləsində nəzərdə tutulmuş maddələr tamamilə seçki prosesi zamanı nəzərə alınmışdır. İnsanlar arasında fəallıq, inam hissi müşahidə olunurdu. Bu isə, namizədlər arasında ruh yüksəkliyinin artmasına səbəb olurdu. Qətiyyətlə deyə bilərəm ki, Azərbaycanda aparılan bütün seçkilər dünya standartlarına tam cavab verir, insanlarımız demokratik və azad yolla öz seçimlərini etmişlər. Bunu seçki günü yaşanan əhval-ruhiyyə də bir daha təsdiq edir. Öz adımdan deyə bilərəm ki, seçildiyim dairədə heç bir saxtakarlıq müşahidə olmadı və həmin məntəqədə müxalifəti təmsil edən namizədlərin səsi 50-dən çox olmayıb. Burada saxtakarlıqdan söhbət belə gedə bilməz. Onlar acınacaqlı şəkildə məğlubiyyətə uğradılar və bununla da barışmalıdırlar. Radikal müxalifətin sərsəm bəyanatlarını ciddi saymırıq, hələ bu cür bəyanatları çox eşidəcəyik. Müxalifətin gücü yalnız buna çatır. Heç təbliğat və təşviqat zamanı da insanlar onların görüşünə gəlmədilər. Yalnız öz ətrafında olan müxalif fikirli, öyrədilmiş bir qrup insanlar gəlmişdir. Ölkəmizdə hər şey qanun çərçivəsində və şəffaf oldu. Müstəqil ölkəmizdə insanlar populist fikirlərə, çıxışlara uymurlar. Bir məntəqədə müxalifət nümayəndəsi az səs yığırsa, bu, elə məğlubiyyətin özü deməkdir. Radikallıqla heç nə əldə etmək olmaz. Beynəlxalq müşahidəçilər də gördülər və bildirdilər ki, hər kəs azad formada öz seçimlərini etdilər və hər şey qanun çərçivəsində baş verdi. Bax, əsil demokratiya budur.

Millət vəkili Sabir Hacıyev:
-Seçkini çox yüksək və müsbət qiymətləndirirəm. Həm seçkiqabağı, həm də təbliğat və təşviqat ərəfəsində namizədlər üçün bütün şərait yaradılmışdır. Buna xarici və yerli müşahidəçilər də öz müsbət münasibətlərini bildirdilər. Həm ötən, həm də indiki seçkilərdə əsas məsələ o idi ki, seçicilər çox fəal, aktiv iştirak etdilər. Hər kəs seçkiyə gəlir və istədiyi namizədə gizli olaraq səs verirdi. Əsl demokratiya belə olmalıdır. Yarıdan çox insan seçkilərə gəlmişdir. Azərbaycanın radikal müxalifəti çox təəssüf olsun ki, xarici ölkələrdə olduğu kimi, udan tərəfi təbrik etmir, əksinə, qara yaxmağa, saxtakarlığın olduğunu iddia etməyə çalışırlar. Artıq bu, onların siyasi mədəniyyətlərinin, dünya görüşlərinin, səviyyələrinin aşağı olmasının göstəricisidir. Radikallar məğlubiyyətlərini özlərində deyil, başqa insanlarda axtarırlar. Hətta şahidi olduq ki, MSK seçkiləri yüksək səviyyədə təşkil etmişdir. İstər təbliğat-təşviqat zamanı, istərsə də, seçki günü MSK çox böyük işlər görmüşdür. Hansısa bir məsələdə şikayət olunanda belə, MSK və DSK bu məsələni dərhal yerindəcə araşdırır və problemi həll edirdi. Yəni hər kəs demokratiya və qanun çərçivəsində hərəkət edirdi.

Millət vəkil Eldar İbrahimov:
- Azərbaycanda 7 noyabr parlament seçkiləri çox şəffaf və normal şəkildə başa çatdı. Hər bir namizədə eyni şərait yaradılmış və təbliğat-təşviqat üçün eyni yer müəyyənləşdirilmiş, söz demək üçün hər cür şərait yaradılmışdır. Ümumiyyətlə, son dövrlərdə ölkəmizdə keçirilən bütün seçkilər prezident, parlament, bələdiyyə seçkiləri azad və demokratik şəkildə xalqın iradəsi əsasında keçirilir. Bununla da Azərbaycan demokratiyaya, vətəndaş cəmiyyəti quruculuğuna sədaqətli olduğunu nümayiş etdirir. Seçkiqabağı namizədlərin təbliğat-təşviqat kampaniyası aparmaları üçün yaradılan şəraitə də nəzər salsaq, görərik ki, ölkəmizdə seçkilərin keçirilməsi üçün yüksək şərait yaradılıb. Parlament seçkisi zamanı hansısa bir namizəd tərəfindən narazılıq yaranırdısa, dərhal qısa müddət ərzində həmin işə baxılaraq, həll olunurdu. Artıq Azərbaycan seçicisi nə istədiyini və hər kəsin qiymətini bilir. Sadə vətəndaş rahat həyat istəyir və bunu onlara verə biləcək qüvvənin Yeni Azərbaycan Partiyası olduğunu bilir. Ona görə də, seçkidə birmənalı şəkildə Ulu Öndərimiz Heydər Əliyevin qurucusu və ölkə Prezidenti İlham Əliyevin Sədrlik etdiyi YAP-a Azərbaycan dəstək verir. Növbəti illər üçün öz sıralarımızın daha da genişlənməsi üçün var gücümüzlə çalışacağıq. Azərbaycan xalqı hazırkı iqtidara ən yüksək etimadını nümayiş etdirir. Çox təəssüf ki, bəzi müxalifətçilər məğlubiyyətlərini olduğu kimi qəbul etmək istəmirlər. Düşünürəm ki, bunun səbəbini bir az da özlərində axtarsalar, bu, daha yaxşı və daha real olar. Bunu beynəlxalq təşkilatların müşahidəçiləri də hesabatlarında qeyd edirlər və müxalifətə səhvlərdən nəticə çıxarmağı tövsiyə edirlər.

Digər xəbərlər