YAP xalq və Vətən üçün önəmli işlər görür
30 saylı Suraxanı birinci seçki dairəsi üzrə YAP tərəfindən namizədliyi irəli sürülmüş Sevinc Həbib qızı Fətəliyeva rayonun Hövsan qəsəbəsinin seçiciləri ilə görüş keçirib
Artıq seçkilərin keçirilməsinə bir neçə gün qalıb. 7 noyabr 2010-cu ildə keçiriləcək parlament seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlər təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə son görüşlərini keçirir. Dünən hakim Yeni Azərbaycan Partiyasının 30 saylı Suraxanı birinci seçki dairəsindən namizəd Sevinc Həbib qızı Fətəliyevanın rayonun Hövsan qəsəbəsi, Elmar Qasımov küçəsi, 17 saylı binanın sakinləri ilə görüş keçirib.
Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının aparat rəhbəri Fərman Rəsulov 7 noyabr tarixində keçiriləcək parlament seçkilərinin ölkənin həyatında əhəmiyyətli hadisə kimi yadda qalacağını bildirib. O, seçkilərə layiqli namizədlərlə, ən başlıcası isə, Ümummilli Lider Heydər Əliyev ideyaları ilə getdiklərini və "Güclü dövlət, yüksək rifah" şüarını rəhbər tutaraq, namizədlərin təbliğatının fəal şəkildə həyata keçirildiyini söyləyib: "Milli Məclisə növbəti seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası namizədlərinin təbliğat-təşviqat kampaniyası uğurla davam etdiyi kimi, bu təbliğat uğurla başa çatır. Keçirilən görüşlərdə bir daha əmin olduq ki, seçicilər artıq öz seçimlərini ediblər. Daha dəqiq desək, seçicilərin YAP namizədlərinin təbliğat-təşviqatında fəal iştirakı göstərir ki, biz bu seçkidə də mütləq səs çoxluğu ilə qələbə qazanacağıq."
Əhalinin seçkiləri bayram əhvali-ruhiyyəsi ilə qarşıladıqlarını bildirən F.Rəsulov Suraxanı rayon ərazisində yaşayan seçicilərin sosial rifahına da toxunub. Azərbaycanda iqtisadi, siyasi və sosial islahatlar aparılmış, ölkənin hərtərəfli inkişafına geniş imkanlar yaradılmışdır. F.Rəsulov Azərbaycanın qısa bir zaman məsafəsində qazandığı nailiyyətlərdən, əldə olunan uğurlardan danışaraq, həyata keçirilən layihələr nəticəsində Azərbaycanın bu gün beynəlxalq aləmdə sabit, dinamik iqtisadi inkişafa malik demokratik ölkə kimi tanınmasında iqtisadi və siyasi sahələrdəki uğurların nəticəsi olduğunu seçicilərin diqqətinə çatdırıb. O, seçiciləri əmin-amanlığa, sabitliyə, səs verməyə çağıraraq, hər seçiciyə düzgün seçim edərək, ailəsi ilə birlikdə məntəqələrə gəlib, demokratiyanın bizlərə verdiyi azad və şəffaf seçimdən layiqincə yararlanmağı tövsiyə edib.
Milli Məclisə namizədliyi irəli sürülmüş namizədin vəkili Zəkiyyə Musayeva və səlahiyyətli nümayəndəsi Hikmət Babayev ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması sahəsində görülən işlərdən, dövlətin məqsədyönlü olaraq apardığı siyasətdən, Azərbaycanın dinamik inkişaf prosesindən danışaraq, seçiciləri bu reallıqları nəzərə alaraq, YAP-ın namizədini dəstəkləməyə çağırıblar.
Görüşdə çıxış edən 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə YAP tərəfindən namizədliyi irəli sürülmüş Sevinc Həbib qızı Fətəliyeva seçicilərə bu günə kimi mütəşəkkilliklə iştirak etdiklərinə görə, minnətdarlıq edib və partiyanın platforması barədə ətraflı məlumat verib. O, qeyd edib ki, Milli Məclisə, ölkənin ali qanunvericilik orqanına seçkilər Azərbaycanın ictimai-siyasi həyatının ən mühüm hadisələrindən biridir. Millət vəkilliyinə namizəd gənclərə dövlət dəstəyi olaraq, onun irəli çəkilməsinə gəlincə isə, bildirib ki, YAP-ın namizədi kimi bir gənc olaraq seçkilərdə qalib olarsa, Milli Məclisdə layiqincə təmsil olunacaq və seçicilərinin etimadını doğruldacaqdır.
Görüşdə seçicilər adından çıxış edən Şövkət Xanməmmədova Suraxanı seçicilərinin düzgün seçim edəcəklərinə və layiqli namizədlərə səs verəcəklərini bildirib.