PDF Oxu

Sosial

  • 18

YAP-ın Binəqədi rayon təşkilatında seminar-müşavirə keçirildi

YAP-ın Binəqədi rayon təşkilatında seminar-müşavirə keçirildi
7 noyabr parlament seçkilərinə hazırlıqla bağlı həyata keçirilən tədbirlərin davamı olaraq seminar-müşavirələr də təşkil olunmaqdadır. Belə tədbirlərdən biri dünən - noyabrın 4-də YAP Binəqədi rayon təşkilatı tərəfindən keçirildi.
Seminar-müşavirəni giriş sözü ilə açan təşkilatın sədri Nəbi Xəlilov bildirdi ki, iki gündən sonra Milli Məclis üçün keçirilən seçkilər baş tutacaq. Oktyabrın 15-dən başlayaraq bu günə qədər təbliğat-təşviqat kampaniyası keçirilir. Bu da bir daha Azərbaycanın hüquqi-demokratik dövlət quruculuğuna sədaqətli olduğunu və azad, demokratik seçkilərin keçirilməsində dövlətin birbaşa maraqlı olduğunu əsaslandırır: "Həyata keçirilən demokratik proseslərdə ümumxalq partiya olan Yeni Azərbaycan Partiyasının fəallığı ilə seçilməsi bu partiyanın cəmiyyətin aparıcı qüvvəsi olması ilə bağlıdır. Təbii ki, fəallığın fonunda 7 noyabr parlament seçkilərinin də qalibinin YAP olacağı şübhəsizdir. Bunun üçün aparılan təbliğat-təşviqat kampaniyasının gedişini izləmək kifayətdir. Həmçinin, seçkilərlə bağlı aparılan sorğular və araşdırmalar da seçkilərin qalibinin Yeni Azərbaycan Partiyası olacağını deməyə əsas verir. Artıq bu gün seçki məntəqələri seçkilərə tam hazır vəziyyətdədir. YAP isə, seçki prosesini azad və demokratik tərzdə həyata keçirmək üçün deputatlığa namizədlərinin təbliğatını, eləcə də, seçki prosesini izləyəcək müşahidəçiləri arasında maarifləndirmə və treninq işlərini başa vurmaqdadır".
N.Xəlilov seçki məntəqələrinə təyin olunmuş müşahidəçi və məşvərətçilərə həmin gün seçki prosesinin şəffaflığını qorumaq məqsədi ilə hüqüqlarından lazımi səviyyədə istifadə etməyi məsləhət gördü. Müşahidələr aparmaq, qanunsuzluqlara yol verməmək üçün hansı addımları atmaq barədə də onları məlumatlandırdı. Seçki günü məntəqələrdə seçki qutularının möhürlənməsində, seçicilərin səs vermələrində, səslərin sayılmasında, protokolların doldurulmasında və digər proseslərdə daha diqqətli olmaq onlara tövsiyə edildi.
Seminar-müşavirədə çıxış edən seçki üzrə ekspertlər 7 noyabr parlament seçkilərinin azad və demokratik keçirilməsi üçün müşahidəçilərin də üzərinə böyük vəzifələr düşdüyünü bildirdilər.
Müşahidəçilər də, öz növbələrində, onları maraqlandıran məsələlərə cavab almaq məqsədi ilə seçki treninqini aparan ekspertlərə və YAP Binəqədi rayon təşkilatının rəhbərliyinə suallarla müraciətlər etdilər. Suallara geniş və ətraflı cavablar verildi.
İştirakçılara, xüsusi olaraq, hazırlanmış müşahidəçi və məşvərətçilərin yaddaş kitabçası da paylanıldı.

Digər xəbərlər