PDF Oxu

Sosial

  • 18

Gədəbəylilər Azərbaycanın tərəqqisinə xidmət edən siyasəti dəstəkləyir

Gədəbəylilər Azərbaycanın tərəqqisinə xidmət edən siyasəti dəstəkləyir
Digər bölgələrdə olduğu kimi, Gədəbəydə də seçicilər Yeni Azərbaycan Partiyasının namizədləriə ilə görüşlərə böyük maraq göstərir, partiyanın namizədlərinin keçirdiyi görüşlərə fəal şəkildə qatılırlar. Bu, Yeni Azərbaycan Partiyasına bəslənilən böyük inamın və göstərilən yüksək etimadın nəticəsidir.
Görüşlərdə seçicilərlə səmimi ünsiyyət quran YAP namizədləri partiyanın seçki platformasını onların diqqətinə çatdırır, millət vəkili seçiləcəkləri təqdirdə, qanunvericilik sahəsində fəal təşəbbüskarlıq göstərəcəklərini, Milli Məclisdə xalqın bütün təbəqələrinin maraqlarını ifadə edən mütərəqqi qanunların hazırlanması, qəbul olunması və həyata keçirilməsi baxımından, böyük səylə çalışacaqlarını vurğulayırlar.
Dünən Yeni Azərbaycan Partiyasının 103 saylı Gədəbəy seçki dairəsindən millət vəkilliyinə namizədi Sevinc Əmirəhməd qızı Hüseynova- nın rayonun Kiçikqaramurad, Parakənd və Leşkər kəndlərində yaşayan seçicilərlə görüşü keçirilibdir.
600-ə yaxın seçicinin iştirak etdiyi görüşdə YAP Gədəbəy rayon təşkilatının və rayon təşkilatı qərargahının sədri Ramazan Muradov çıxış edərək, namizəd Sevinc Hüseynovanın fəaliyyəti haqda ətraflı məlumat verib. Rayon təşkilatının sədri onu da qeyd edib ki, partiyanın rayon təşkilatı həmişə ölkədə keçirilən bütün seçkilərə ciddi şəkildə, qələbə əzmi ilə hazırlaşır: "Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatı partiyanın "Güclü dövlət, yüksək rifah" şüarını rəhbər tutaraq, namizədlərin təbliğatını fəal şəkildə həyata keçirir. Bu baxımdan, Milli Məclisə növbəti seçkilərlə əlaqədar Gədəbəydə Yeni Azərbaycan Partiyası namizədlərinin təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Seçicilərin YAP namizədlərinin təşviqatında fəal iştirakı göstərir ki, biz bu seçkidə də mütləq səs çoxluğu ilə qələbə qazanacağıq. Çünki 7 noyabr parlament seçkilərinə yeni texnologiya ilə, layiqli namizədlərlə, ən başlıcası isə Ümummilli Lider Heydər Əliyev ideyaları ilə gedirik".
600 nəfərə qədər seçicinin iştirakı ilə keçirilən görüşdə çıxış edən namizədin seçki qərargahının üzvü Namiq Rüstəmov ölkəmizin ictimai-siyasi həyatında 7 noyabrda parlamentə növbəti seçkilərin mühüm əhəmiyyət daşıdığını söyləyib və taleyüklü tədbirdə seçicilərin üzərinə düşən vəzifələrdən bəhs edib. Bildirib ki, parlament seçkilərində, respublikamızın hər yerində, o cümlədən, Gədəbəydə də seçicilərin böyük fəallıq nümayiş etdirməsi heç kəsdə şübhə doğurmur. Bu baxımdan da, gədəbəylilərin, birmənalı olaraq, Yeni Azərbaycan Partiyasının irəli sürmüş olduğu namizədə dəstək olacağını əminliklə söyləmək olar.
Görüşdə çıxış edən deputatlığa namizəd Sevinc Əmirəhməd qızı Hüseynova qeyd edib ki, seçicilərin yüksək dəstəyi sayəsində Gədəbəy camaatını Milli Məclisdə təmsil edəcəyinə inanır: "Son illər Gədəbəy rayonunda böyük quruculuq işləri aparılır, insanların yaşayışı daha da yaxşılaşıb. İnsanların işıqlı sabaha, xoşbəxt gələcəyə, yüksək rifaha inamı bir qədər də artıb. Ölkədə baş verən sürətli, davamlı sosial-iqtisadi inkişaf hər kəsi qurmağa, tikməyə, yaratmağa həvəsləndirir. Seçicilər bunu yaxşı bilir və yüksək qiymətləndirirlər".
Görüşlərdə seçicilər namizədlə onları maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparıblar, öz qayğılarını, arzularını dilə gətiriblər. Sakinlərdən Əhməd İsgəndərov, Qəhrəman Həsənov, Azər Rüstəmov, Sabir Musayev, Cəbrayıl Rüstəmov, YAP Gədəbəy rayon təşkilatının qərargah üzvü Xəyyam Vəliyev və digərləri noyabrın 7-də Sevinc Əmirəhməd qızı Hüseynovanın millət vəkili seçiləcəyi təqdirdə, ondan hər zaman olduğu kimi, səmərəli, uğurlu fəaliyyət gözlədiklərini bildiriblər.
Milli Məclis üzvlüyünə namizəd Sevinc Əmirəhməd qızı Hüseynova seçicilərin etibarını, inamını, səsini qazanmağa çalışdığını, millət vəkili seçiləcəyi təqdirdə, seçicilərin etimadını doğrultmaq üçün var qüvvəsi ilə çalışacağını bildirib.

Digər xəbərlər