PDF Oxu

Sosial

  • 12

YAP-ın namizədlərinə ictimaiyyətin dəstəyi yüksəkdir

YAP-ın namizədlərinə ictimaiyyətin dəstəyi yüksəkdir
Yeni Azərbaycan Partiyasının namizədləri noyabrın 7-də Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir.
Dünən partiyanın 103 saylı Gədəbəy seçki dairəsindən namizədliyi irəli sürülən Sevinc Əmirəhməd qızı Hüseynova rayonun Şəkərbəy və Əmiraslanlı kəndlərinin seçicilərilə görüşüb. Şəkərbəy kəndinin mədəniyyət klubunun həyətində keçirilən tədbirdə YAP-ın Gədəbəy rayon təşkilatının təbliğat qrupunun üzvləri, ziyalılar, ağsaqqallar, gənclər, ictimaiyyətin nümayəndələri, ümumilikdə, 400 nəfərdən çox seçici iştirak edib. İlk olaraq çıxış edən YAP Gədəbəy rayon təşkilatının və rayon təşkilatı qərargahının sədri Ramazan Muradov rayonda görülmüş böyük quruculuq işləri haqqında geniş məlumat verib: "Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox böyük sürətlə inkişaf edir. Bu inkişafın müsbət nəticələrini rayonumuzun timsalında görmək olar. Belə ki, qısa müddət ərzində rayonda abadlıq və quruculuq işləri yüksək səviyyədə aparılıb, bir çox əhəmiyyətli obyektlər açılıb".
R.Muradov daha sonra müstəqil dövlətimizin quruculuğunda fəal iştirak edən və hər zaman dövlət siyasətini dəstəkləyən insanların YAP tərəfindən namizədliyinin irəli sürüldüyünü qeyd edib. Rayon təşkilatının sədri çıxışında əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun ölkə vətəndaşlarının rifahına, dövlətimizin inkişafına xidmət etdiyini bildirərək, dövlətin müstəqilliyinin insanlara bəxş etdiyi demokratiyanı, siyasi sabitliyi vurğulayıb, seçiciləri parlament  seçkilərində fəal olmağa və seçimdə məntiqə söykənməyə səsləyib.
Görüşdə  YAP Gədəbəy rayon təşkilatı aparat rəhbəri, rayon təşkilatının qərargah üzvü Namiq Rüstəmov 7 noyabr tarixində keçiriləcək seçkilərdə əhalinin fəallıqla düzgün seçim edərək, YAP-ın namizədinə səs verməsinin əhəmiyyətini qeyd edib. N.Rüstəmov Azərbaycan xalqının prezident, parlament, bələdiyyə seçkilərində olduğu kimi, bu dəfə də Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildirib. Artıq bu günə qədər qazanılan təcrübə seçicilərə siyasi təcrübə vermişdir. Buna istinadən seçicilərin YAP-ın namizədlərini dəstəkləyəcəkləri şübhəsizdir. Sonra N.Rüstəmov namizədin həyat və fəaliyyəti barədə seçicilərə məlumat verib: "Sevinc Əmirəhməd qızı Hüseynova yerli qızı olduğu üçün rayonun problemlərini yaxşı bilir. İnanırıq ki, Sevinc Hüseynova millət vəkili seçilərsə, bu problemlərin həll olunması, seçicilərin sosial qayğılarının aradan qaldırılmasında yaxından iştirak edəcək. Ona görə də, bütün gədəbəyliləri seçkidə fəal olmağa çağırıram".
YAP tərəfindən millət vəkilliyinə 103 saylı Gədəbəy seçki dairəsindən namizədliyi irəli sürülən Sevinc Əmirəhməd qızı Hüseynova seçicilər qarşısında çıxış edərək, YAP-ın Seçki Proqramı haqqında ətraflı məlumat verib. Namizəd parlament seçkilərində YAP tərəfindən irəli sürülmüş namizədlər sırasında qadınların xüsusi yerinin olmasını müsbət qiymətləndirib. Noyabrın 7-də keçiriləcək parlament seçkilərində YAP tərəfindən namizədliyi irəli sürülmüş qadınların da böyük ictimai dəstəklə əhatə olunacağına əminliyini ifadə edən S.Hüseynova, seçicilərin seçki hüquqlarından istifadə edərək, ən layiqli namizədlərə səs verəcəklərinə əminliyini vurğulayıb.
Görüşdə YAP Gədəbəy rayon təşkilatının qərargah üzvü Asif Ələsgərov, seçicilərdən Qədəm Allahverdiyev, Mehdi Hümbətov, Lətif Alıyev və başqaları çıxış edərək, Azərbaycanda mütərəqqi qanunvericilik bazasının mövcud olmasından, demokratik prinsiplərə layiqincə əməl olunmasından, seçkilərin indiyədək yüksək səviyyədə keçirilməsindən, irəli sürülən namizədlərin ictimaiyyət arasında geniş nüfuza, hörmətə malik olmalarından ətraflı söhbət açıblar və seçiciləri 7 noyabrda həmin namizədlərə səs verməyə dəvət ediblər.
Sonda Sevinc Əmirəhməd qızı Hüseynova seçicilərin problemləri ilə maraqlanıb, onları narahat edən məsələlərə aydınlıq gətirib.

Digər xəbərlər